Məhkəmə qərarları › İş №e-2(001)-166/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-166/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-166/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurabanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Naxçıvanbank ASC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Naxçıvanbank ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvanbank ASC-nin Şərur filialı tərəfindən Cavabdeh3 tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İK2311/04 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 zamin qismində iştirak etdikləri üçtərəfli xx.xx.2018-ci il tarixli, ZK2311/04 saylı və xx.xx.2018-ci il tarixli, ZK2311/04-A saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə xx.xx.2022-ci il tarixə kredit reyestrində Cavabdeh3 adına 821 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış, borcalan və zaminlərə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Kredit müqaviləsinin 6.1-cı maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.6-cı maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 7.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndində isə zamin borcalanın kreditor qarşısında kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıması müəyyənləşdirilir. Cavabdeh3 tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İK2311/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 901,80 manat gecikdirilmiş faiz borcu, 4437,10 manat gecikdirilmiş əsas borc, olmaqla, ümumilikdə 5338,90 manat kredit borc öhdəliyi vardır. Ona görə də Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə olan gecikdirilmiş faiz borcuna görə 901,80 manat, gecikdirilmiş əsas borca görə 4437,10 manat olmaqla ümumilikdə 5338,90 manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 73,39 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Naxçıvanbank ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədi üçün 24 ay müddətinə qaytarmaq, illik 17% ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır və nəticədə kredit üzrə faktiki faiz dərəcəsi illik 19,8%-dir. Kredit müqaviləsinin 2.6-cı bəndindən müəyyən olunur ki, borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməlidir. Kredit müqaviləsinin 2.8-ci bəndindən müəyyən olunur ki, cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir və cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən başlayır və ödəniş aparılan tarixdə qurtarır. Naxçıvanbank ASC-nin xx.xx.2018-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 9910 manatı Cavabdeh3 vermişdir. xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 1866,16 manat olmaqla cəmi 11866,16 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Naxçıvanbank ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ZM2311/04 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcverən Naxçıvanbank ASC, borcalan Cavabdeh3, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ZM2311/04-A saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh3 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqavilələrinin 3-cü bəndindən müəyyən olunur ki, zaminlik müqavilələri borcalanın bank qarşısında xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklərinin tam ödənildiyi günə kimi qüvvədədir. xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edən hesab məlumatlarından müəyyən olunur ki, Cavabdeh3 tərəfindən xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə ödənilmiş məbləğ 5562,90 manat təşkil edir və əsas borc üzrə kreditin qalıq məbləği 4437,10 manatdır. Naxçıvanbank ASC-nin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Naxçıvanbank ASC-nin xx.xx.2022-ci il tarixli 113 saylı arayışından müəyyən olunur ki, Cavabdeh3 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsinə əsasən, 901,80 manat gecikdirilmiş faiz borcu, 4437,10 manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 5338,90 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6024 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2020-ci il tarixə əsas borcu 6023,15 manat, faiz borcu 892,33 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh3 tərəfindən xx.xx.2020-ci il tarixdən sonrakı dövrdə ümumilikdə 2500 manat məbləğində ödəniş aparılmış, lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2020-ci il tarixə göstərildiyindən həmin tarixdən sonrakı dövrdə ödənilmiş 2500 manat məbləğində ödəniş hazırki hesablamalar zamanı nəzərə alınmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh3 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən xx.xx.2022-ci il tarixə əsas borc görə 4437,10 manat, müqavilənin qüvvədə olduğu xx.xx.2020-ci il tarixə faiz borcuna görə 892,33 manat borcunun yaranması, xx.xx.2020-ci il tarixdən sonra borcalanın banka 2500 manat ödəməsi öz təsdiqini tapdığından məhkəmə bankın borcalana qarşı əsas borca görə 4415,48 manat (6023,15+892,33-2500=4415,48) borc tələbini əsaslı hesab edib təmin edir, iddia ərizəsini bu cavabdehə qarşı qalan hissədə təmin etmir. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (xx.xx.2020-ci il tarixdən) kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borcverənin zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh3 aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2018-ci il tarixli İK2311/04 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4415,48 manat, dövlət rüsumuna görə 73,39 manat olmaqla cəmi 4488,87 manat Naxçıvanbank ASC-nin xeyrinə tutulsun. Cavabdeh3 ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar