Məhkəmə qərarları › İş №e-2(001)-1690/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1690/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1690/2023 20.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200,000 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 490 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh oğlu (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və Borcalana 1 il müddətinə xx.xx.2020-ci il tarixədək 200,000 manat məbləğdə borc verilmişdir. Lakin borcalan həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməyərək, krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq-pretenziya məktubu göndərilmiş və onun qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müqavilənin şərtlərinə əsasən Borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Eyni zamanda müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək tələbkarın hüququdur. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 490 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, cavabdehin izahatı tərəflər arasında olan münasibətlərə görə həqiqəti əks etdirmir. Bu sadəcə cavabdehin özünü müdafiə etmək üçün səsləndirdiyi fikirlərdir. Hər bir halda cavabdeh tərəfindən bağlanılmış kredit müqaviləsi mübahisələndirilməmişdir. Ümumiyyətlə cavabdehin izahatına dair sübutu belə yoxdur. Lakin iddiaçı isə tələbini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, aldanaraq kredit müqaviləsini imzalamışdır. İddiaçı özü gəlib məhkəmədə onun üzünə qarşı birbaşa deyə bilməz ki, ona 200000 manat borcu var. Çünki onların aralarında pul söhbəti 2009-cu il tarixdə olub və həmin vaxt məbləğ isə 30000-40000 manat civarında ola bilərdi. Lakin mən borcun bir hissəsinin əvəzində iddiaçıya 1 Kamaz təxminən 20000-25000 manat civarında Mingəçevirə aparılması üçün mərmər qranit vermişdir. Bunu iddiaçı ilə onu tanış edən iddiaçının kafesini icarəyə işlədən Vüqar adlı şəxsdə təsdiq edə bilər. Tələb edilən məbləğə görə onu deyə bilər ki, iddiaçı kiməsə hesabat verir, ona görə də iddiaçı özü ondan xahiş etmişdir ki, simvolik olaraq aralarında 200000 manat məbləğində müqavilə bağlasınlar. Hətta ona işlərinin yaxşılığa doğru getdiyini, ona da maddi cəhətdən köməklik edəcəyini bildirmişdir. Hazırda iddiaçıya 10000-15000 manat arası borcu var. İddiaçı arabir ondan 2000-3000 manat arası pulun verilməsini tələb etmiş, lakin özü pandemiyadan sonra işləmədiyindən ona həmin pulu verə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 200000 manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir. Borcalan isə krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür.

7. "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il kredit müqaviləsinə əsasən X2 hesabına 200000 manat ödəniş edilmişdir.

8. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən "xxxx" ASC-nin7 saylı şöbəsinə yazılan ərizədən görünür ki, X1 Elxan Hüseyn oğlu tərəfindən notariat qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə 200000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan hesabına qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 yazılan ərizənin surətindən görünür ki, birinci İddiaçı 200000 manat borcun alınması barədə razılığa gəlmişlər. Həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah edildiyini bildirmişdir.

10. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 490 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 200000 manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə verməyi, borcalan isə xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı barədə öhdəlik götürmüşdür.

12. 200000 manat məbləğində pul iddiaçı tərəfindən müqaviləni təsdiq edən notariusun bankdakı depozit hesabına köçürülməklə, cavabdehə verilmişdir.

13. İddiaçı həmin borc məbləğinin cavabdeh tərəfindən ona qaytarılmadığını, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini istəyir.

14. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən edərək, iddiaçıya həqiqətən borcunun olduğunu bildirsə də, borc məbləğinin 10000-15000 manat aralığında olduğunu, 200000 manatlıq müqavilənin formal olaraq bağlandığını iddia etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

17. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

19. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

23. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

24. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin mövqeyi:

26. Tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut edir. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir.

27. Bundan əlavə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh ona 200000 manat məbləğində pulun verilmədiyini, müqavilənin formal olaraq bağlanıldığını iddia etsə də, öz etirazını sübut edə bilmir. Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200000 manat məbləğində pul vəsaiti və 490 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200000 (iki yüz min) manat məbləğində pul vəsaiti və 490 (dörd yüz doxsan) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar