Məhkəmə qərarları › İş №e-2(001)-1713/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1713/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1713/2022 10.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.000 manat məbləğində borcun, ondan faydalanmağa görə illik 5% hesablanmaqla üç il üçün 1.350 manat pulun və ödənilmiş 125,85 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı olan Cavabdeh 25 yanvar 2019cu ildə 9.000 manat borc pul vermişdir. Aralarında olan borc münasibətini həmin günü rəsmiləşdirərək, Bakı şəhəri 51 saylı notariat ofisində kredit müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə görə cavabdeh aldığı borcu 28 fevral 2019-cu il tarixədək qaytarmağı, müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvercilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Cavabdehlə uzun illərdir ki, tanışlığı olduğundan kredit müqaviləsində borcun qaytarılması müddəti bitsə də, o, cavabdehin aldığı borcu qaytaracağını düşünüb məhkəməyə iddia ərizəsi verməmişdir və yalnız ondan borcunu şifahi olaraq tələb etməklə kifayətlənmişdir. Hesab etmişdir ki, imkanı olmadığına görə cavabdeh borcunu qaytara bilmir, imkanı olan kimi borcunu qaytaracaqdır. Bu səbəbdən o, cavabdehi məhkəməyə verməmişdir. Bundan əlavə, cavabdeh təxminən bir il sonra, 2020-ci ilin mart ayında yadında qalmayan nömrədən ona zəng edərək bildirmişdir ki, onun gəlir götürəsi bir işi var, həmin işi yoluna qoymaq üçün ona əlavə olaraq 2.500 manat pul lazımdır, o, həmin pulu ona verərsə, iki günə ondan aldığı indiki borc pulu, həm də əvvəl aldığı borcunu tam ödəyəcəkdir. Həmin vaxt da ona inanmış və özünün pulu olmadığından əvvəlki borcunun qaytarılması üçün tanışı X1 (tel:***-***-**-**) onun adından cavabdehə 2.500 manat pul verməsini xahiş etmişdir. X2 da həmin günü günorta saatlarında “Gənclik’’ metrostansiyasının yaxınlığında cavabdehlə görüşüb 2.500 manat pulu ona onun əvəzindən borc olaraq vermişdir. Lakin cavabdeh həmin 2.500 manat pulun yalnız 900 manatını ona qaytarmışdır. Qalan 1.600 manatını və notarial qaydada verdiyi 9.000 manatı isə indiyə kimi qaytarmamışdır. Həmin vaxtdan sonra ona olan borcunu ödəməsini dəfələrlə cavabdehdən tələb etsə də cavabdeh ona olan borcunu qaytarmamış, borcunu verməməsi üçün imkansızlığı ilə bağlı müxtəlif bəhanələr gətirmişdir. Araşdırıb öyrənmişdir ki, cavabdehin ona olan borcunu qaytarmaması imkansızlığı ilə bağlı deyil, sadəcə ona olan borcunu vermək istəmir. Ona görə də o, cavabdehin maddi vəziyyətinin pisləşməsi, imkansızlığından borcunu qaytara bilməməsi barədə dediklərinin bəhanə olduğunu başa düşərək, cavabdehin ona olan borcunun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə çatdırılması üçün məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə uyğun olaraq göndərildiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 9.000 manat məbləğində pul borc verir, borcalan isə krediti 25 fevral 2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür. Elektron qaydada ödənilmiş 31 yanvar 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıdan 9.000 manat məbləğində borc götürsə də, onun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 9.000 manat borcunu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin, iddia tələbinin “gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcun tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 25 yanvar 2019-cu il tarixdə cavabdehə 9.000 manat məbləğində pulu 25 fevral 2019-cu il tarixdə qaytarılması şərtilə verdiyindən borc öhdəliyinin icra müddəti 25 fevral 2019-cu il tarixdə bitmişdir. Belə olan halda, 25 fevral 2019-cu il tarixdən 31 yanvar 2022-ci il tarixə, yəni iddia ərizəsinin verildiyi tarixə qədər əsas borc məbləğinə - 9.000 manata 2 il 11 ay üçün illik 5% dərəcəsi ilə hesablanmalıdır. Yəni, 9.000 manat əsas borc məbləği 2 il üzrə (9.000 x 5 / 100 = 450 x 2 = 900) 900 manat, 11 ay üzrə (450 / 12 x 11 = 412,5) 412,5 manat olmaqla, cəmi 1.312,5 manat məbləğində gecikdirilmiş faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 125 manatı cavabdehdən iddiaçının xeyinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9.000 (doqquz min) manat əsas borc, 1.312,5 (bir min üç yüz on iki manat, beş qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 10.312,5 (on min üç yüz on iki manat, beş qəpik) manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 125 (bir yüz iyirmi beş) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar