Məhkəmə qərarları › İş №e-2(001)-1757/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1757/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1757/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6917,87 manat məbləğində əsas borcun, 150,21 manat məbləğində faiz borcunun, cəmi 7068,08 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 23 % dərəcəsi olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu krediti və hesabanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələbini pozaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Keçirilmiş ekspertiza nəticəsində təqdim edilən ekspert rəyi cavabdehin borcunun olduğunu təsdiq edir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borcunun olduğunu qəbul edir və həmin borcu hissə-hissə ödəmək niyyətindədir . Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 29 fevral 2020-ci il tarixli CP/10865/74/28 saylı kredit sazişinə, ödəniş planına əsasən bank kredit alana 36 ay müddətinə, illik 23 % olmaqla 10000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 30 mart 2020-ci il, sonuncu ödəniş tarixi 28 fevral 2023-cü il olaraq müəyyən edilmişdir.

6. İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində 10000 manat məbləğinəd kredit verilmişdir.

7. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 29 fevral 2020-ci il tarixli müqavilə üzrə 31 yanvar 2022-ci il tarixinə 6917,87 manat əsas borc, 150,21 manat faiz borcu hesablanmışdır.

8. Bank of Baku” ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 29 fevral 2020-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2387 saylı, 05 may 2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hisssində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2020-ci il tarixli, CP/10865/74/28 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 6879,45 manat, faiz borcu üzrə 145,04 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

10. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 99 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

11. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 29 fevral 2020-ci il tarixli CP/10865/74/28 saylı kredit sazişi bağlanmış, bank kredit alana 36 ay müddətinə, illik 23 % olmaqla 10000 manat məbləğində kredit vermişdir.

12. Cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 7068,08 manat borc hesablanmışdır.

13. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.

14. Əvvəlki məhkəmə iclaslarında cavabdeh ondan tələb edilən borc məbləği ilə razılaşmadığından, yaranmış mübahisənin həlli üçün mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

15. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2387 saylı, 05 may 2022-ci il tarixli ekspert rəyi ilə, Cavabdeh banka olan borcu maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 6879,45 manat, faiz borcu üzrə 145,04 manat məbləğində müəyyən edilmişdir.

16. Hazırda məhkəmə iclasında iştirak edən cavabdeh borcunun olduğunu qəbul edir və hissə-hissə ödəmək niyyətinin olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

25. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

26. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

27. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

28. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğinə münasibətdə qeyd edir ki, 29 fevral 2020-ci il tarixli kredit sazişi üzrə iddiaçı cavabdehin 6917,87 manat məbləğində əsas borcunun yarandığını iddia etsə də, 05 may 2022-ci il tarixli, 9/2387 saylı ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 6879,45 manat olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə əsas borcun ekspert rəyi həddində tutulması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin edilməlidir.

29. Məhkəmə iddiaçı tərəfindən tələb olunan faiz məbləğinə münasibətdə qeyd edir ki, 29 fevral 2020-ci il tarixli kredit sazişi üzrə iddiaçı cavabdehin 150,21 manat məbləğində faiz borcunun yarandığını iddia etsə də, , 05 may 2022-ci il tarixli, 9/2387 saylı ekspert rəyi ilə cavabdehin kredit sazişi üzrə faiz borcunun 145,04 manat olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, faiz borcu ekspert rəyi əsasında müəyyən edilməli, yəni 145,04 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

35. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 29 fevral 2020-ci il tarixli, CP/10865/74/28 saylı kredit sazişi üzrə əsas borca görə 6879,45 manat, faiz borcuna görə 145,04 manat olmaqla, ümumilikdə 7024,49 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

37. İş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 29 fevral 2020-ci il tarixli, CP/10865/74/28 saylı kredit sazişi üzrə əsas borca görə 6879,45 (altı min səkkiz yüz yetmiş doqquz manat, qırx beş qəpik) manat, faiz borcuna görə 145,04 (yüz qırx beş manat, dörd qəpik) manat olmaqla, ümumilikdə 7024,49 (yeddi min iyirmi dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar