Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1786/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 131,62 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Respublika” ASC ilə bağladığı xx.xx.2014-cü il tarixli Plastik Kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən Cavabdeh valyutası AZN olan 4244........ 8530 nömrəli VİSA klassik debet kartı verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq 2015-ci ilin dekabr ayının 22-də kartında vəsait olmadığı halda 131,62 manat məbləğində əməliyyat aparmışdır. Texniki overdraft üzrə xx.xx.2023-cü ilə olan borcun məbləği əsas borc üzrə 131,62 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixində məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş məlumatlar və sənədlər əsassızdır və qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin 2-ci bəndinə əsasən, müqavilə üzrə tələblərə əsasən iddia müddəti 3(üç) ildir. İddiaçı 2015-ci ildən bəri (7 ildən çox) ona qarşı heç bir iddia irəli sürməyib. Məhkəməyə təqdim olunmuş çıxarışda görsəndiyi kimi, bu kart üzrə heç bir qalıq və ya borc qalmamışdır, lakin iddiada bildirilir ki, onun borcu var. 25 yanvar 2023-cü il tarixdə alınmış bildirişə bağlı o, iddiaçının saytında olan çat vasitəsi ilə müraciət etmiş və ona bildirilmişdir ki, ancaq filiala yaxınlaşaraq tam ətraflı məlumat əldə edə bilər. Bunu nəzərə alaraq o, iddiaçının Nizami filialına yaxınlaşıb bu borc haqqında ətraflı məlumat istəmiş, lakin bank əməkdaşları tərəfindən bildirilmişdir ki, çıxarış verə bilmirlər, sistem işləmir və o, ancaq borcunun ödənişini edə bilər. Əlavə olaraq bildirilmişdir ki, məhkəməyə sənədlər artıq göndərilib. O, məhkəməyə təqdim olunan sənədləri onlardan tələb etsə də, ona bu sənədləri təqdim etməkdə imtina etmişlər. O, filiala yaxınlaşmaq üçün işdən icazə almış və bunun əsasında vaxt itkisi və əmək haqqından tutulma baş vermişdir. Onun sifariş və istifadə etdiyi kart Debet tipli kartı olmuş və həmin kart üzrə Kredit xətti olmamışdır. O, ancaq öz vəsaitini istifadə etmişdir. Məktubda qeyd olunan kimi vəsait olmadığı halda, heç bir şəkildə istifadə edilə bilməz. İddiaçının Nizami filialından bu faktla bağlı heç bir açıqlama verilməmişdir. xx.xx.2015-ci il tarixində onun tərəfdən həmin kart vasitəsi ilə www.from.ae saytından 290 USD məbləğində telefon alışı olunmuşdur və həmin gün kartdan vəsait ödənilmişdir. Bu ödənişin əsasında isə qeyd edilən mağaza tərəfindən telefon göndərilmişdir. Qeyd edilən kimi xx.xx.2015-ci il tarixdə onun tərəfindən kartdan heç bir əməliyyat aparılmamışdır. Beləliklə, şərh edilənlərə əsasən iddiaçının ona münasibətdə iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin 2-ci bəndinə əsasən, müqavilə üzrə tələblərə əsasən iddia müddətinin 3 il olduğunu, iddiaçının 2015-ci ildən bəri (7 ildən çox) ona qarşı heç bir iddia irəli sürmədiyini bildirib, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli e-2(001)- 1786/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə elektron kabinet vasitəsilə məhkəməyə ərizələr təqdim edərək, “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəni və “iddiaya qarşı etirazını” tam müdafiə etdiyini bildirərək, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı bütün iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Plastik Kartların əldə edilməsinə və istifadəsinə dair müqavilədən görünür ki, bank tərəfindən buraxılan, Respublika ərazisində və xaricdə istifadəsi nəzərdə tutulan Plastik kartın verilməsi və ondan istifadə edilməsi ilə bağlı Bank və İstifadəçi arasında hüquq münasibətlərinin əmələ gəlməsini, onların hüquq və vəzifələrini, məsuliyyət dairəsini, plastik kartlardan istifadənin əsas şərtlərini və qaydalarını, tərəflər arasında bu sahədə əmələ gələ bilən başqa münasibətləri müəyyən edir və tənzimləyir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh Banka 131,62 manat əsas borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflər arasında bağlanmış Plastik Kartların əldə edilməsinə və istifadəsinə dair müqaviləyə əsasən Cavabdeh VİSA classik debet kartı verilmişdir. Lakin xx.xx.2015-ci il tarixdə cavabdeh kartında vəsait olmadığı halda 131,62 manat məbləğində əməliyyat aparmış və nəticədə texniki overdraft yaranmışdır. Hal-hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin pulun geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək, istifadə etdiyi kartın Debet tipli kartı olduğunu və həmin kart üzrə Kredit xətti olmadığı və ancaq öz vəsaitini istifadə etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Eyni zamanda müqavilə üzrə tələblərə əsasən iddia müddətinin 3 il olduğunu, iddiaçının 2015-ci ildən bəri (7 ildən çox) ona qarşı heç bir iddia irəli sürmədiyini bildirib, iddia müddətinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə öhdəlikdən kənar pul ödənildiyi üçün hal-hazırki mübahisənin həlli məqsədilə əsassız varlanmaya dair hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; -373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; -377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; -380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı pulun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, cavabdeh debet kartı ilə etdiyi əməliyyatlar nəticəsində öhdəlikdən kənar 131,62 manat məbləğində pul vəsaitini xx.xx.2015-ci il tarixdə istifadə etmişdir. Lakin iddiaçı istifadə olunmuş 131,62 manat məbləğində pul vəsaitini, ona məlum olan vaxtdan ən geci 2 il müddətinə cavabdehdən qaytarılmasını tələb etməli olsa da, bununla əlaqədar iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının 131,62 manat məbləğində pul vəsaitini tələb etmək hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1786/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1786/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver