Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1787/2023 04.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 8100,42 manat əsas borc, 777 manat faiz borcu, 411,92 manat cərimə borcu olmaqla, cəmi 9289,34 manat borcun və 113 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Həsənova iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olmasını etiraf etməklə iddia tələbini qismən, yəni əsas və faiz borcu hissəsində qəbul etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli CC/71893/83 nömrəli Kredit Sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2021-ci il tarixdən xx.xx.2024-ci il tarixədək hər ay 387,10 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 8100,42 manat əsas borc, 777 manat faiz və 411,92 manat məbləğində cərimə borcu vardır. - xx.xx.2023-cü il tarixli CC/71893/83 nömrəli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 28 manat olmaqla, ümumilikdə 287 manat (388+32+350+400+390+390+381+1304=3635) manat ödəniş etmişdir. Həmin məbləğdən 1899,58 manatı əsas borca, 1709,76 manatı faiz borcuna, 25,66 manat isə cərimə borcuna çıxılmışdır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, cavabdehə rəsmi məktub göndərilərək, 3 (üç) gün ərzində borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 8100,42 manat əsas borc, 777 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsinin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – borc alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 113 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/71893/83 nömrəli Kredit Sazişi ləğv edilsin. Cavabdeh 8100,42 manat əsas borc, 777 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 8927,42 manat (səkkiz min doqquz yüz iyirmi yeddi manat qırx iki qəpik) və 113 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1787/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1787/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver