Məhkəmə qərarları › İş №e-2(001)-1811/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1811/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1811/2024 09.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əkbərova Gülnar Məmməd qızı, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 4695.51 ABŞ dolları əsas, 1254.16 ABŞ dolları faiz, 2904.88 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298.35 ABŞ dolları faiz borcu olmaqla cəmi borc məbləği 9152.90 ABŞ dolları və iş üzrə ödənilmiş 136.68 manat dövlət rüsumunun tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə cavabdeh Əkbərova Gülnar Məmməd qızı arasında bağlanmış 90005006 nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 9100 (doqquz min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Əkbərova Gülnar Məmməd qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 90005006/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9379.98 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit Müqaviləsi üzrə Əlavə Saziş bağlanan zaman Cavabdeh1 ilə Bank arasında 90005006/01 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Əkbərova Gülnar Məmməd qızının kredit üzrə cəmi borcu 9152.90 (doqquz min bir yüz əlli iki ABŞ dolları 90 sent) ABŞ dolları təşkil edir. Bundan 4695.51 (dörd min altı yüz doxsan beş ABŞ dolları 51 sent) ABŞ dolları əsas, 1254.16 (bir min iki yüz əlli dörd ABŞ dolları 16 sent) ABŞ dolları faiz, 2904.88 (iki min doqquz yüz dörd ABŞ dolları 88 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 298.35 (iki yüz doxsan səkkiz ABŞ dolları 35 sent) ABŞ dolları faiz borcu təşkil edir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1811/2024 saylı qərardadı ilə cavabdeh Əkbərova Gülnar Məmməd qızına münasibətdə iş üzrə icraata xitam verilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1811/2024 saylı qərardadı ilə Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Sonuncu məhkəmə iclasında iddiaçı tərəfin iştirakı olmadan baxılması xahiş edilsə də, əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir.

6. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 nümayəndəsi və vəkili X1 izahatında bildirmişdir ki, Əkbərova Gülnar Məmməd qızı Cavabdeh1 qızıdır. Gülnar vəfat etmişdir. Digər Cavabdeh2 isə tanımır. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh Gülnar Əkbərova arasında 2015-ci ildə kredit müqaviləsi bağlanmışdır və 2017ci ildə müqavilə yenilənmişdir. Bu da onunla əlaqədardır ki, borcalan Əkbərova Gülnarə mütəmadi olaraq kredit borcunu ödəməmişdir. Bu səbəbdən də 2017-ci ildə kredit müqaviləsi yenilənmiş və bankın verdiyi arayışa əsasən hər ayın 25-də Gülnarə Əkbərova banka kredit borcunu ödəməli idi. Bankın təqdim ediyi sənədlərdən görünür ki, iddiaçı etiraf edir ki, cavabdeh tərəfindən borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından görünür ki, ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəlki vaxta təsadüf edir. Bank 2017-ci ildə ləğv edilmişdir. Belə olan halda hesab edir ki, burada iddia müddəti tətbiq olunmalıdır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Eyni zamanda iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir.

7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, Vəkil əlavə olaraq bildirmişdir ki,müqavilədə müddət 2022-ci il göstərilib və 2017-ci ildən 2022-ci ilə qədər olan dövrdə bir dəfə də olsun ödəniş edilməmişdir. Bu səbəbdən iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır. Əgər məhkəmə başqa mövqedən yanaşırsa, bu zaman zaminə münasibətdə müddətin keçməsi tətbiq edilməlidir. Eyni zamanda zamin qrafasında imza hüquqlarını müdafiə etdiyi şəxsə aid deyildir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizəsində, Cavabdeh2 Azərbaycan Respblikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində nəzərdə tutumuş iddia müddəti tətbiq edilməklə iddia ərizəsinə baxılmasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Kredit verən bank LPO İddiaçı ASC ilə kredit alan Əkbərova Gülnar Məmməd qızı arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə, illik 20 % dərəcəsi ilə, 9100 ABŞ Dolları məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizlərin kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin tarixli 90005006/ZM saylı müqavilə ilə zamin Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

10. İddiaçı ASC ilə borcalan Əkbərova Gülnar Məmməd qızı arasında xx.xx.2017-ci il tarixdə bağlanan sazişə əsasən, xx.xx.2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsi restrukturizasiya edilmiş və kredit öhdəliyinin qalığının 9379.98 abş dolları olduğu, faktiki illik faiz dərəcəsinin 8 faiz təşkil etdiyi müəyyən edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.

11. Kredit müqaviləsi restrukturizasiya edildikdən sonra Cavabdeh1 ilə Bank arasında 90005006/01 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlansa da, digər zamin Cavabdeh2 ilə müqavilə bağlanmamışdır.

12. LPO İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən, Əkbərova Gülnar Məmməd qızına 11 fevral 2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsi üzrə 28 iyul 2023-cü il tarixinə 4695,51 ABŞ Dolları əsas borc, 1254,16 ABŞ Dolları faiz borcu, 2904,88 ABŞ Dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 298,35 ABŞ dolları, ümumilikdə 9152,90 ABŞ Dolları borc məbləği hesablanmışdır.

13. LPO İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanan 23 iyun 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 11 fevral 2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 136,68 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. LPO İddiaçı ASC ilə kredit alan Əkbərova Gülnar Məmməd qızı arasında bağlanmış 11 fevral 2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsi ilə bank tərəfindən müştəriyə 36 ay müddətinə, illik 20 % dərəcəsi ilə, 9100 ABŞ Dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh1 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşlər.

16. Daha sonre kredit müqaviləsi restrukturizasiya edilərək, kreditin faizi azaldılsa da, müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmin sazişə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin Cavabdeh1 öz üzərinə məsuliyyət götürsə də, Cavabdeh2 ilə bank arasında bu barədə razılıq olmamışdır.

17. LPO İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Əkbərova Gülnar Məmməd qızına 11 fevral 2015-ci il tarixli, 90005006 saylı kredit müqaviləsi üzrə 28 iyul 2023-cü il tarixinə 4695,51 ABŞ Dolları əsas borc, 1254,16 ABŞ Dolları faiz borcu, 2904,88 ABŞ Dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 298,35 ABŞ dolları, ümumilikdə 9152,90 ABŞ Dolları borc məbləği hesablanmışdır.

18. İş materiallarından görünür ki, cavabdeh Əkbərova Gülnar Məmməd qızı xx.xx.2020-ci il tarixdə, digər Cavabdeh1 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1811/2024 saylı Qərardadı ilə Əkbərova Gülnar Məmməd qızına aid hissədə, xx.xx.2024-cü il tarixli e- 2(001)-1811/2024 saylı Qərardadı ilə isə Cavabdeh1 aid hissədə icraata xitam verilmişdir.

19. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

29. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

30. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

31. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

32. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.

34. İşin halları ilə müəyyən olunur ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə cavabdeh Əkbərova Gülnar Məmməd qızı arasında bağlanmış 90005006 nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 9100 (doqquz min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Əkbərova Gülnar Məmməd qızına kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 90005006/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra LPO İddiaçı ASC Əkbərova Gülnar Məmməd qızı ilə 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş imzalamış, bu Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9379.98 USD təşkil etmiş, Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilməli idi. Kredit Müqaviləsi üzrə Əlavə Saziş bağlanan zaman Cavabdeh1 ilə Bank arasında 90005006/01 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu zaman ilkin kredit müqaviləsi üzrə zamin olmuş Cavabdeh2 məlumat verilməmiş və onunla yeni müqavilə bağlanmamışdır. Halbuki, əlavə sazişə əsasən kreditin müddəti uzadılmış və zaminin məsuliyyətinin artmasına səbəb olan hal yaranmışdır.

35. Odur ki, zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması zaminliyə xitam verilməsi əsaslarından biridir və bu səbəbdən də zaminliyə xitam verilməli və ona qarşı irəli sürülən tələb əsassız hesab edilməlidir.

36. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddia həmçinin zaminə qarşı iddia verilməsi ilə bağlı müddətin(kəsici) keçməsinə görə də əsassızdır. Belə ki, öhdəliyin icrası müddətinin çatdığı vaxtdan(xx.xx.2022) 1 il sonra, yəni xx.xx.2024-cü il tarixdə zaminə qarşı iddia qaldırılmışdır. Tətbiq edilən prosessual normalar:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

41. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

42. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar