Məhkəmə qərarları › İş №e-2(001)-1815/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1815/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1815/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən Cavabdeh2 799,32 manat əsas, 211,12 manat faiz, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2912,31 manat əsas, 726,91 manat faiz borcunun və 66,50 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 5000 manat kredit xətti ayrılmış, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 800 manat kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 799,32 manat əsas, 211,12 manat faiz, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 2912,31 manat əsas, 726,91 manat faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarında olan İddiaçı ASC “Bank”, Cavabdeh2 “müştəri” və Cavabdeh1 “Zamin” olmaqla bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3183468A117 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 illik 27 faiz dərəcəsi ilə, 35 ay müddətinə 5000 manat istehlak məqsədi ilə kredit verilmiş və kreditin təminatı kimi Əliyev X1 Röyal Akif oğlunun öhdəliklərinin icrası üçün zamin durmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Zamin bu Müqavilə üzrə Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, kreditin aylıq ödənişləri 207,94 manat olmaqla xx.xx.2023-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, 5000 manat pul Cavabdeh2 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BBLK4816833A299 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 15000 manat məbləğində kredit xətti açılmış, kreditin ilkin məbləği 800 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh2 tərəfindən 1 ədəd 416973......1798 nömrəli plastik kartı təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 799,32 manat əsas, 211,12 manat faiz, xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 2912,31 manat əsas, 726,91 manat faiz borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən və onun cavabdehlərə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh2 və zamin Cavabdeh1 07 oktyabr 2020-ci il tarixli Kredit müqaviləsi ilə, borcalan Cavabdeh2 həmçinin 16 fevral 2022-ci il tarixli Kredit kartına dair müqavilə ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, onlar iddiaçıdan alınan krediti müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədikləri üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə müştərək qaydada 2912,31 manat əsas borc və 726,91 manat faiz borcunun, Cavabdeh2 xx.xx.2022-ci il tarixli Kredit Kartına dair müqavilə üzrə 799, 32 manat əsas, 211,12 manat faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və iddia təmin olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 66,50 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 2912,31 (iki min doqquz yüz on iki manat 31 qəpik) manat məbləğində əsas borc, 726,91 (yeddi yüz iyirmi altı manat 91 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3639,22 (üç min altı yüz otuz doqquz manat 22 qəpik) manat məbləğində borc və 66,50 (altmış altı manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 xx.xx.2022-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 799,32 (yeddi yüz doxsan doqquz manat 32 qəpik) manat məbləğində əsas borc, 211,12 (iki yüz on bir manat 12 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1010,44 (min on manat 44 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar