Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1817/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: delikt, maddi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8140 (səkkiz min yüz qırx) AZN məbləğində əsas borcun, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmiş 49.18 (qırx doqquz manat on səkkiz qəpik) AZN gecikdirmə faizinin, əlavə olaraq xx.xx.2025-ci il tarixindən etibarən yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi əsas borc məbləğinə münasibətdə hesablanacaq gecikdirmə faizinin və ödənilmiş 101.9 (yüz bir manat, doxsan qəpik) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il, saat 14:55-də cavabdeh Arzu Əhmədovun idarə etdiyi X1 marka və modelli, 77AV153 dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus və onun tərəfindən idarə olunan Ford Exproler marka və modelli, 77DV900 dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin təqsirli hərəkətləri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra yol polis əməkdaşları tərəfindən cavabdehə nəqliyyat vasitəsinin düzgün idarə edilə bilməməsi və yol-nəqliyyat hadisəsinə səbəb olmasından dolayı İXM-in 327.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və xx.xx.2024-cü il tarixli, TP ******* qərar tərtib edilmişdir. Eyni zamanda "xxxx" QSC tərəfindən iddiaçıya məxsus 77DV900 dövlət qeydiyyat nişanlı avtomobilə dair Qüsur aktı tərtib edilmiş və həmin hadisə nəticəsində avtomobilə 13140 (on üç min yüz qırx) AZN həcmində zərər dəydiyi müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən zərərin 5000 (beş min) AZN-ni hissəsi qarşılanmış, lakin geri qalan 8140 (səkkiz min yüz qırx) AZN məbləğ isə hələ də cavabdeh tərəfindən ödənilməmişdir. Bu məbləğ dəfələrlə cavabdehdən tələb edilsə də, cavabdeh hələ də müxtəlif yollarla həmin məbləğin ödənilməsindən boyun qaçırmışdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hazırda həmin nəqliyyat vasitəsi təmir edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokoldan və qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 14:45-də “Nissan Juke” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - BB 424415 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan Juke” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMCnin mülkiyyətindədir. - "xxxx" QSC tərəfindən tərtib edilmiş Qüsur aktının surətindən görünür ki, tərəfindən 77DV900 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 13140 manat həcmində zərər dəymişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 1817/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 0205 saylı hesabatdan aşağıdakılar görünür ki, “Ford Explorer” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 11790 manat təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduğda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Ford Explorer” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, sığorta şirkəti tərəfindən həmin zərərin 5000 manat hissəsi qarşılanmaqla iddiaçı qalan məbləğin cavabdehdən tutulması ilə bağlı tələb irəli sürməklə cavabdehdən 8140 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə qərardadı əəsasında müstəqil qiymətləndirici cəlb edilmiş və qeyd edilən nəqliyyat vasitəsinin saz vəziyyətə gətirilməsi üçün 11790 mnat tələb edildiyi hesabatda qeyd edilmişdir. Bununla da məhkəmə iddiaçının 8140 manat məbləğində iddia tələbi ilə bağlı qeyd edir ki 11790 manat ziyanın 5000 manat məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən qalan 6790 manat məbləğində pul cavabdehdən tutulması hissəsində əsaslıdır. Bundan başqa məhkəmə iddiaçının gecikdirmə faizlərinin cavabdehdən tutulması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iddiaçının Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək cavabdehdən əlavə olaraq 14764 manat məbləğində pulun tələb edilməsini də əsaslı hesab etmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Hazırki tələb üzrə iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanmaqla 8140 manat məbləğində borcun iddiaçıya qaytarılmaması əsası ilə gecikmə faizlərini tələb etsə də, iddiaçının tələb etdiyi məbləğ tərəflər arasında müqavilə öhdəliklərindən irəli gəlməməklə deliklərdən irəli gəlir, avtomobil təmir edilməmiş, təmirinə iddiaçı tərəfindən hər hansı xərc çəkilməmiş, tələb edilən 8140 manat avtomobilin təmiri üçün hesablanmış məbləğdir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6790 manat dəymiş ziyan tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6790 (altı min yeddi yüz doxsan) manat məbləğində pul və 95 (doxsan beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-1817/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1817/2025
16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver