Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-184/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə 01 mart 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, L013/2019/ saylı “Kredit limitinin ayrılması haqqında müqavilə”yə əsasən bank Cavabdeh4 100000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30 faiz ilə kredit limiti ayırmışdır. 10 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında “ipoteka müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilini Cavabdeh4 İddiaçı ASC ilə bağldığı 09 oktyabr 2019-cu il tarixli, L013/2019 saylı “Kredit limitinin ayrılması haqqında müqavilə” və bu müqavilənin icrası üçün bağlanan “kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit Sazişlərindən əmələ gələn öhdəliklərin təminatı kimi bank qarışısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsi bağlanarkən həm mülkiyyətçi kimi Cavabdeh2, həm də evdə qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh3 tələbin ipoteka predmetinə yönəldiləcəyi təqdirdə evi tərk edəcəklərinə dair ərizə təqdim etmişlər. 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişinə əsasən, bank tərəfindən Cavabdeh4 36 ay müddətinə illik 23 faizlə 20000 manat kredit verilmişdir. Sonradan İddiaçı ASC ilə Cavabdeh4 arasında 17 aprel 2021-ci il tarixdə “12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 saylı “Kredit limitinin ayrılması haqqında müqavilə daxilində Kredit Sazişi” üzrə kredit borcunun restrukturizasiyasına dair” Razılaşma imzalanmış, Razılaşmanın şərtlərinə əsasən, kreditin müddəti 13 mart 2023-cü il tarixdən etibarən 9 ay müddətinə uzadılmış və bu müddət ərzində “Saziş” üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilmiş, “Saziş” üzrə 12 noyabr 2020-ci il tarixindən etibarən 9 ay müddətinə aşağıda qeyd olunan qaydada güzəşt müddəti tətbiq edilmişdir: 1.Kredit borcunun restrukturizasiya edildiyi tarixdə “Kredit alan”ın həmin tarixə olan cari əsas borcunun “Ödəniş cədvəli” üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonralı aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə “Kredit alan”dan əsas borc məbləği tələb olunmur. Kredit alanla bağlanılmış 09 iyun 2020-ci il tarixli ,MK/73020/71 saylı Razılaşma üzrə dondurularaq saxlanmış faiz borcunun ödənilməmiş hissəsi də daxil olmaqla, həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsus hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsinə “Kredit alan”dan tələb edilmir.
2. Kredit borcunun restrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər “Kredit alan”dan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir... İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 03 fevral 2023-cü il tarixli arayışda Cavabdeh4 banka 15849,35 manat əsas, 2299,51 manat faiz və 248,21 manat cərimə borcunun olduğu göstərilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 15849,35 manat əsas, 2299,51 manat faiz və 248,21 manat cərimə borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 164 manat məvləğində pul vəsaitinin Cavabdeh4 tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına banka olan borcun təmin edilməsi, həmçinin mənzildə yaşayan Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Tədqiq edilən sübutlar: - İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli, L013/2019/ saylı “Kredit limitinin ayrılması haqqında müqavilə”; - 10 oktyabr 2019-cu il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh2 arasında “ipoteka müqaviləsi”; - 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişi; - İddiaçı ASC ilə Cavabdeh4 arasında 17 aprel 2021-ci il tarixdə “12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 saylı “Kredit limitinin ayrılması haqqında müqavilə daxilində Kredit Sazişi” üzrə kredit borcunun restrukturizasiyasına dair” imzalanmış Razılaşma; - 03 fevral 2023-cü il tarixli maliyyə arayışı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar kimi qəbul edilmiş, tədqiq edilmişdir. - İpoteka predmeti olan mənzilin likvid qiymətinin (bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vxatının məhdudluğu şəraitində satış qiyməti) müəyyənlədirilməsi məqsədilə məhkəmənin 22 iyun 2022-ci il tarixli, 2(001)- 4096/2022 saylı qərardadına əsasən, mülki iş üzrə ekspertiza təyin edilmiş, "xxxx" MMCnin 24 noyabr 2022-ci il tarixli, QXM 429M saylı rəyində həmin mənzilin likvid dəyərinin 162000 manat olduğu göstərilmişdir. - Borc məbləğinin dəqiq müəyyən edilməsi məqsədilə məhkəmənin 28 noyabr 2022-ci il tarixli, 2(001)-4096/2022 saylı qərardadına əsasən mülki iş üzrə məhkəməiqtisad ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 9/9254 saylı rəyində göstərilmişdir ki, 28 noyabr 2022-ci il tarixə Cavabdeh4 15843,08 manat əsas, 2439,62 manat faiz borcu vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Cavabdeh4 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişi ləğv edilməli, həmin saziş üzrə banka olan, ekspert rəyi ilə müəyyən edilmiş 15843,35 manat əsas, iddia tələbinə uyğun olaraq 2299,51 manat faiz, 248,21 manat cərimə borcu Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tələb ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 162000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi təmin edilməli, qalan pul mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qaytarılmalı, mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda isə, qalan borc Cavabdeh4 ümumi qaydada tutularaq banka ödənilməli, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdırlar. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra banka təhvil verilməsi hissədə əsassızdır, belə ki, əmlak açıq hərracdan satılaraq yeni sahibinə təhvil verilməli olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 164 manat məbləğində pul vəsaitinin 140 manat hissəsi Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Habelə, ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaitinin 80 manat hissəsi Cavabdeh4, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişi ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 12 oktyabr 2019-cu il tarixli, MK/73020/71 nömrəsi kredit sazişi üzrə 15843,08 manat əsas, 2299,51 manat faiz borcu, 248,21 manat cərimə olmaqla, ümumilikdə 18390,8 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 3b, mənzil 3 ünvanında yerləşən mənzilə yönəldilsin, mənzilin ilkin satış qiyməti 162000 manat müəyyən edilməklə, açıq hərracdan satılsın, satışdan əldə edilmiş vəsait hesabına yuxarıda göstərilən borc məbləğinin ödənilməsi təmin edilsin, qalan pul mənzilin mülkiyyətçisi kimi Cavabdeh2 qaytarılsın. Mənzilin satışından əldə ediləcək gəlir hesabına borcun ödənilməsi mümkün olmadıqda isə, qalan borc Cavabdeh4 ümumi qaydada tutularaq banka ödənilsin. Mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öz əşyaları ilə birlikdə mənzildən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 140 manat məbləğində pul vəsaiti Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaitinin 80 manat hissəsi Cavabdeh4, 20 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev