Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-185/2023 13.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə İddiaçı (MMC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 yanvar 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 17 may 2022-ci il tarixinə yaranmış 789,5 manat əsas borc, 118,4 manat cərimə borcu olmaqla, ümumilikdə 907,9 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında 23 iyul 2021-ci il tarixdə müddətli (nisyə) alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Alıcı 0,5 manat ilkin ödəniş etməklə, ümumi dəyəri 968,5 manat olan “AUX 12000 BTU (İRK68557)” modelli kondisioneri həyərini 18 ay ərzində, aylıq 54 manat ödəmək şərtilə kreditlə almışdır. Müqavilənin şərtlərinə əsasən, bu müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirmək öhdəliyi Alıcının, yəni Cavabdeh üzərinə qoyulmuşdur. Habelə, müqavilənin 3.3.1-ci bəndinə əsasən, Satıcının Alıcı bu müqavilənin şərtlərinin pozulmasına yol verdiyi halda müqavilənin vaxtından əvvəl ləğv edilməsinin və Alıcının müqavilə üzrə Satıcıya olan borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 17 may 2022-ci il tarixə 789,5 manat əsas, 1184 manat cərimə borcu yaranmışdır. İddiaçı ilk öncə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də, cavabdeh ərizəyə yazılı etirazını təqdim etdiyindən, məhkəmənin 21 iyun 2022-ci il tarixli, 2(001)-4113/2022 saylı qərardadına əsasən, iş iddia icraatına keçirilmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixdə 16,5 manat ödəniş etmiş, qalıq qalmış 789,5 manat borcu qaytarmamışdır. Cavabdehin borcu gecikdirdiyi günlər üzrə faktiki cərimə borcu 1184 manat təşkil edir. Humanizm prinsipinə əsaslanaraq, həmin məbləğin 90 faizi güzəşt edilmiş və hazırda cərimənin 10 faizi, yəni 118,4 manat hissəsi iddiaçı tərəfindən tələb olunur. Cavabdeh etirazında göstərmişdir ki, vətən müharibəsindən yaralı və kontuziya almış oğlunun qazi olaraq evə gətirilməsindən sonra həkim məsləhətinə görə mənzildə işləməyən kondensionerin dəyişdirilməsi üçün o, iddiaçıya müraciət etmiş və 23 iyul 2021ci il tarixli müqaviləyə əsasən iddiaçıdan 18 aylıq müddətə (cədvəl üzrə) hər ay 54 manat ödəniş olmaqla «AUX» markalı kondisioneri əldə etmişdir. Sonuncu ödəniş onun tərəfindən 30 noyabr 2021-ci il tarixdə icra olunmuşdur. Kreditə uyğun olaraq 200 manat məbləğində pul vəsaiti iddiaçının hesabına ödənilmişdir. Avadanlıq quraşdırılarkən ona əlavə edilən mis boru, ştiker, bərkidici gövdə və s. yenisi ilə əvəzlənmədən əvvəlki kondisionerin qurğularına quraşdırılmışdır. Lakin iddia ərizəsi ilə tanış olduqda ona məlum olmuşdur ki, həmin avadanlığın komplektinə daxil edilən boru və sair qoşmalar guya yenisi quraşdırılmış kimi qeyd edilmişdir. Düşünür ki, iş üzrə ekspertiza keçirildikdə bu hal ortaya çıxacaqdır. Belə ki, köhnəsi ilə əvəzlənmiş və ona yenisi qiymətinə xərc kimi hesablanmış və nəticədə 200 manat əlavə hesablama aparmaqla ona qəsdən ziyan vurulmuşdur. Həmin kondisionerin real bazar qiyməti 600 manat təşkil edir. Hesablamaya əsasən onun cavabdehə borcu 300 manatdır. Sual oluna bilər ki, bəs o, bu müddət ərzində nə səbəbdən kredit üzrə ödənişləri həyata keçirməmişdir? Bəli, oğlunun vəziyyətinin ağırlaşması və müxtəlif bahalı dərman preparatlarının alınması onu bu imkandan məhrum etmişdir. O, vəziyyəti belə gördükdə iddiaçıya telefon vasitəsi ilə xəbərdarlıq etmiş və istəsələr avadanlığı söküb apara bilmələri barədə bildirmişdir. Lakin iddiaçı onun bildirişinə məhəl qoymamış və ona pulu ödəməli olmağını bildirmişlər. Hazırki iddianın əsasını Mülki Məcəllədə nəzərdə tutulmuş vaxtaşırı icrası tələb olunan öhdəliklərdən irəli gələn mülki münasibətlərə aid edildiyindən, iddiaçı qəsdən ödənilməli olan pulu ondan tələb etməmişdir ki, əlavə cərimələr, faizlər və sair xərclər də hesablanmaqla əsassız varlansın. Göstərilənlərə əsasən iddianın qismən, borcun 300 manat hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərmişdir ki, həqiqətən də cavabdehin evinə kondisioner evdə əvvəlki kondisionerin qurğularına quraşdırılmışdır. Yeni kondisionerin istifadə edilməmiş qurğularının cavabdehə təqdim edilməsinə dair sübut mövcud deyildir. Həmin quraşdırılmamış hissələrin dəyəri ekspertiza ilə müəyyən edilmişdir. Cavabdeh kondisionerin çöl blokunun dayağı kimi kranşteynin pulunun da borcdan çıxılmasını istəsə də, komplektasiyaya kranşteyn daxil deyildir. Quraşdırma zamanı kranşteynə ehtiyac olub-olmaması alıcıdan soruşulur və istəyə uyğun əlavə ödənişlə quraşdırılır. Hazırda o, ekspert rəyində göstərilən məbləğin iddia tələbindən çıxılmaqla, qalan məbləğin cavabdehdən tutulmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddiaya etirazında göstərilənləri təsdiq etdiyini bildirib, izahatında əlavə olaraq göstərmişdir ki, o, ekspert rəyində göstərilən məbləğlə razı deyildir. Belə ki, misdən birləşdirici borunun 1 metrinin real dəyəri 30 manatdır. Kondisionerin quraşdırılmasına isə cəmi 6 metr boru istifadə edilir. Beləliklə təkcə həmin borunun dəyəri 180 manat təşkil edir. Bundan başqa, kondisionerin çöl bloku əvvəlki kondisionerin kranşteyin üzərinə qoyulmuşdur. Halbuki, ona yeni kranşteyn də təqdim edilməli idi. Belə olan halda, kranşteynin dəyəri də borcdan çıxılmalıdır. Tədqiq edilən sübutlar: “AUX” markalı kondisionerlərin Azərbaycandakı rəsmi distruboru olan "xxxx" MMC tərəfindən verilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 31 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “AUX 12000 BTU (İRK65857) markalı kondisionerlərin iç blokun komplektasiyası 1 ədəd daxili blok, 1 ədəd məsafədən idarəetmə pultu, 1 ədəd təlimat kitabçası, 2 ədəd batereya, 1 ədəd drenaj şlanqından; çöl blokun komplektasiyası isə 1 ədəd çöl blok, 2 ədəd (3 metr) misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazkadan ibarətdir. Məhkəmənin 16 sentyabr 2022-ci il tarixli, 2(001)-4113/2022 saylı qərardadına əsasən, 1 ədəd yeni AUX 12000BTU (İRK68557) markalı kondisionerin komplektinə daxil olan 1 ədəd drenaj şlanqının, 2 ədəd 3 metr misdən olan birləşdirici borunun, 1 rulon vinil lentin, 1 ədəd boru üçün qoruyucu halqanın, 1 paçka zamazkanın orta bazar qiyməti nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6997 saylı müvafiq rəyində göstərilmişdir ki, 1 ədəd drenaj şlanqının qiyməi 0,8 manat, 2 ədəd 3 metr misdən olan birləşdirici borunun ümumi qiyməti 60 manat, 1 ədəd rulon vinil lentin qiyməti 1,5 manat, 1 ədəd boru üçün qoruyucu halqanın qiyməti 1 manat təşkil edir. “Zamazka” adda malın respublikadaxili satışı nəzərdə tutulmadığındna həmin mal üzrə qiymətləndirmə aparılmamışdır. Beləliklə, 4 adda malın prta bazar qiyməti təxminən 63,3 manat təşkil edir. xx.xx.2021-ci il tarixli “Müddətli (nisyə) alğı-satqı müqaviləsi”, həmin müqaviləyə 1 saylı Əlavə, xx.xx.2022-ci il tarixli maliyyə arayışı, "xxxx" MMC-nin 31 avqust 2022-ci il tarixli məktubu və 23 noyabr 2022-ci il tarixli, 9/6997 nömrəli ekspert rəyi sübut kimi qiymətləndirilməklə, tədqiq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. - 590.1-ci maddəsinə əsasən, satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə uyğun gələn əşya verməyə borcludur. - 590.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın komplektliyi müəyyənləşdirilmədikdə, satıcı alıcıya komplektliyi işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə müəyyənləşdirilən əşya verməyə borcludur. - 592.1 və 592.1.1-ci maddəsinə əsasən, komplektsiz əşya verildiyi halda alıcı satıcıdan alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqaviləyə əlavədə digər şərtlərlə yanaşı kondisionerin qiyməti, ödəniş qaydası, müddəti və məbləği də nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Kondisionerin iç blokun komplektasiyası 1 ədəd daxili blok, 1 ədəd məsafədən idarəetmə pultu, 1 ədəd təlimat kitabçası, 2 ədəd batereya, 1 ədəd drenaj şlanqından; çöl blokun komplektasiyası isə 1 ədəd çöl blok, 2 ədəd (3 metr) misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazkadan ibarət olduğu halda, iddiaçı tərəfindən cavabdehin evinə quraşdırılarkən evdə olan əvvəlki kondisionerin qurğularından istifadə edilməsini iddiaçının nümayəndəsi öz izahatında etiraf etmişdir. Göründüyü kimi satıcı alıcıya alğı-satqı müqaviləsinin komplektlik haqqında şərtlərinə tam əməl etməyərək 1 ədəd drenaj şlanqı, 2 ədəd 3 metr misdən olan birləşdirici boru, 1 rulon vinil lent, 1 ədəd boru üçün qoruyucu halqa, 1 qutu zamazka iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir. Zamazka xaric, digər adları sadalanan hissələrin ümumi dəyərinin ekspert rəyi ilə 63,3 manat təşkil etdiyi müəyyən edilir. Bununla yanaşı iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin müqavilə üzrə əsas borcunun 789,5 manat təşkil etdiyi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, cavabdehə komplektasiyanın təqdim edilməmiş hissələrinin ümumi dəyəri olan 63,3 manat əsas borc məbləğindən çıxılmalı, beləliklə cavabdehin iddiaçıya əsas borcunun məbləği 726,2 manat müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. İddiaçı öz ərizəsində humanizm prinsipinə əsaslanaraq, maliyyə arayışında göstərilən cərimə borcunun 10 faizini tələb etdiyini göstərsə də, məhkəmə hesab edir ki, müqavilə üzrə iddia tələbində göstərilən miqdarda cərimənin tutulması da əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, tələb olunan 118,4 manat cərimənin miqdarı azaldılaraq 36 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 726,2 manat əsas borc, 36 manat cərimə olmaqla, ümumilikdə 762,2 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsində məqsəd iddiaçı tərəfindən cavabdehə təqdim edilməmiş kpmlektasiya hissələrinin dəyərinin müəyyən edilməsi olduğundan və ekspertiza ilə müəyyən edilmiş məbləğ cavabdehin xeyrinə, yəni iddiaçıya olan borcundan çıxıldığından məhkəmə hesab edir ki, ekspertiza xərci kimi 100 manat məhz iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2021-ci il tarixli, ********* saylı “Müddətli (nisyə) alğı-satqı müqaviləsi” üzrə 726,2 manat əsas borc, 36 manat cərimə olmaqla, ümumilikdə 762,2 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci 100 manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-185/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-185/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver