Məhkəmə qərarları › İş №e-2(001)-1864/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1864/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1864/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Azərbaycan” QSC Cavabdeh qarşı “borc” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 378,70 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X4 Azərbaycan” arasında xx.xx.2019-ci il tarixli kredit müqaviləsi bağlanmış, cavabdeh qeyd edilən müqavilələr üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(001)-1860/2021 saylı qətnamə qəbul edilmişdir. İddiaçı “X4 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC isə cavabdeh barəsində aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri qaytarılmasını təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə tərəflər arasında olan müqavilə üzrə yerinə yetirilmiş xidmətin 15%-i həcmində, yəni 378,70 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında"müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 378,70 manat məbləğində xidmət haqqı ödəmişdir. “X4 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 5 və 6-cı bəndində qeyd edilmişdir ki, “bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikə, kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın odənilməsini tələb etmək (tutmaq/almaq) hüquqları vardır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, “X4 Azərbaycan” QSC tərəfindən borclu Cavabdeh 36 ay müddətinə, illik 17% olmaqla 2800 manat məbləğində kredit verilmişdir. - “X4 Azərbaycan” QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən “X4 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında olan xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə görə Cavabdeh xx.xx.2023-cü il tarixdə ödənilən borc məbləği "xxxx" MMC vasitəsilə təmin edilmiş və bu ödənişlərə görə “X4 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 378,70 manat xidmət haqqı ödənilmişdir. - təhvil aktlarına əsasən müxtəlif vaxtlarda ayrı-ayrı borclu müştərilər tərəfindən "xxxx" MMC vasitəsilə “X4 Azərbaycan” QSC-yə geri ödənilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunun: - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. - 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. - 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassısdır və təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırki iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş və maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Tələbkarın "xxxx" MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə "xxxx" MMC-yə 15%-i həcmində, yəni 378,70 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, icra sənədinin icrasının icra məmuru tərəfindən həyata keçirilməməsi və ya hər hansı səbəbdən mümkün olmaması halında tələbkar zərurətdən irəli gələrək qətnamənin icrasının təmin etdirilməsini müqavilə əsasında hüquqi şəxsə həvalə etməsi və həmin borclunun məhz həmin hüquqi şəxsin vasitəsilə borc öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi daşıyır. Qeyd edilənlərə əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar