Məhkəmə qərarları › İş №e-2(001)-1889/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1889/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1889/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Binəqədi filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən bank tərəfindən X3 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 2300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən borcalanın vərəsəsi Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 banka ödənilməmiş borcu - 1964,02 manat əsas borc, 4,69 manat faiz borcu olmaqla, cəmi 1968,71 manat borcu qalmışdır. Cavabdeh X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında xx.xx.2022-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1968,71 manat olduğundan, 39,69 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Ona görə də Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********83 nömrəli kredit müqaviləsi üzrə iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə əsas borca görə 1964,02 manat, faiz borcuna görə 4,69 manat olmaqla cəmi 1968,71 manat borcun, məhkəmə xərclərinə görə 40,09 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş olunur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, bankdan ödənişlə bağlı sms gədikdən sonra borc olduğunu bilmişdir. Arvadının bankdan pulu alıb nəyə xərclədiyini bilmir. Arvadı ürək çatışmazlığından vəfat etmişdir. Başqa borcu yoxdur. Borcu qəbul edir, hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********83 saylı tam kart çərçivə müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 10.7-ci bəndinə əsasən, borc alan tərəfindən kredit xətti üzrə əsas borcun tam məbləğinin və ya onun müəyyən bir hissəsinin qaytarılması müddətləri pozulduqda, borc alan banka gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün 4.1.1.2-ci yarımbənddə qeyd olunan borc alanın bank tərəfindən təsdiq edilmiş kredit sifarişində və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan sms-də göstərilən illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə penya ödəyir. Penya bankın borc alana penyanın ödənilməsi barədə yazılı tələbi təqdim etdiyi günün ertəsi günü borc alan tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan X5 arasında tərtib olunmaqla imzalanan xx.xx.2020-ci il tarixli BPM**********83 saylı tam kart çərçivə müqaviləsinin kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 2300 manat, faiz borcuna görə 942,2 manat olmaqla cəmi 3242,2 manat borcu borcalan borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2023-cü il tarixli 179 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2020-ci il tarixli BPM**********83 saylı tam kart çərçivə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 1964,02 manat, faiz borcuna görə 4,69 manat borcu vardır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 222151 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021ci il tarixdə 1850 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Bakı şəhər 20 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 135 saylı məktubundan müəyyən olunur ki, mərhum X2 ölümü ilə əlaqədar, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 2V-78 № ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB829351 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100161B402207, buraxılışlı ili 2001-ci il olan Mercedes Benz E270 CDİ minik markalı **-VB-*** döpvlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 22-21718/2022 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank BPM**********83 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X2 xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 1964,02 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsinə öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, cavabdeh miras əmlakı qəbul etdiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********83 saylı kredit müqaviləsinə əsasən, əsas borca görə 1964,02 manat, faiz borcuna görə 4,69 manat, məhkəmə xərclərinə görə 40,09 manat olmaqla cəmi 2008,8 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar