Məhkəmə qərarları › İş №e-2(001)-1912/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1912/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1912/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay gəlirlərinin və başqa qazancının ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4163/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, X4 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 807 № ilə qeyd edilmiş nikahın pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X1 anası X2 yanında qalması, xx.xx.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçı X3 ödənilməsi və xx.xx.2017-ci il təvəllüdlü X1 3 yaşına çatanadək Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5071/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə imzalanmış barışıq sazişi təsdiq edilmiş, iddiaçı X2 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Cavabdeh üzərinə öhdəlik götürür ki, bir il ərzində iki otaqlı mənzil alaraq birgə nikahdan doğulmuş övladları X1 adına rəsmiləşdirərək X3 təhvil verir və gələcəkdə evə dair heç bir iddiası olmayacaq. Həmin mənzil birgə nikahdan doğulmuş övladları X5 25 yaşa çatanadək satıla bilməz. Mənzil təhvil verilənədək birgə nikahdan doğulmuş övladları X1 normal mənzil şəraitində yaşaması üçün noyabr ayından etibarən hər ay 700 manat pul vəsaitinin ödənilməsini Cavabdeh öhdəsinə götürür.

2. İddiaçı X4 iddia ərizəsində göstərilən birgə nikah dövründə əldə olunmuş 2016-cı il istehsalı “Mercedes Benz E250” minik markalı, **-RR-*** dövlət nömrə nişanlı avtomobil, 2016-cı il istehsalı “Ford Mustang” minik markalı, **-RV-*** dövlət nömrə nişanlı avtomobil və 2008-ci il istehsalı “Ford Tranzit” markalı, **-HV-*** dövlət nömrə nişanlı avtomobillərin birgə mülkiyyət sayılaraq bərabər paylarla bölünməsinə dair iddiasından və aliment tələbindən imtina edir.

3. Barışıq sazişi 3 nüsxədən ibarət tərtib edilir. Bu sazişin bir nüsxəsi iddiaçı X3, bir nüsxəsi Cavabdeh, bir nüsxəsi isə təsdiq olunması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunur.

4. Məhkəmə tərəfindən barışıq sazişi bu şəkildə təsdiq edildikdə iş üzrə icraata xitam verilərək qərardad qəbul edilir. Qərardad qanuni qüvvəyə mindikdən sonra barışıq sazişinin şərtləri tərəflər üçün məcburi hesab edilir.

5. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən hesab edirəm ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iddia tələbinin icraata qəbul edilməsi yolverilməzdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, nəzərə alaraq ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən sonra tərəflər arasında barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, iddiaçıya sözügedən barışıq sazişinin təsdiq edilməsi barədə qərardadın icrasının tələb edilməsi izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar