Məhkəmə qərarları › İş №e-2(001)-1914/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1914/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1914/2025 17.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi Hümbətov Cavidan Etibar oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4739.55 manat əsas, 662.24 manat faiz boru olmaqla, cəmi 5401.79 manat pul vəsaitinin və 74.02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırlmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 58 ay, illik 27 faiz dərəcəsi ilə 4800 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4739.55 manat əsas, 662.24 manat faiz boru olmaqla, cəmi 5401.79 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, həqiqətən də xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona 58 ay, illik 27 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Lakin təxminən 3 gün sonra Lalafo saytında yerləşdirdiyi elan nəticəsində ona naməlum şəxs zəng vuraraq beh atmaq istədiyini bildirmiş, kart məlumatlarını tələb etmişdir. kart məlumatlarını verdikdən sonra onun kartından 5000 manat götürülmüşdür. Hazırda həmin şəxs təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, özü isə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Məhkəmədən ziyanın ondan deyil, həmin şəxslərdən tutulmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № BRCB7460256B211 kredit müqaviləsinin surətindən və ödəniş qrafikindən görünür ki, bank borc alana 58 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 4800 manat məbləğində kredit vermişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə 4739.55 AZN əsas; 662.24 AZN faiz, cəmi 5401.79 AZN borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehi mövcud borcu barədə məlumatlandırmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4-cü maddələri ilə təqsirləndirilən X1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə ,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqavilələri ilə aldıqlarını İddiaçı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən 4739.55 manat əsas, 662.24 manat faiz boru olmaqla, cəmi 5401.79 manat məbləğində pulu İddiaçı ASC-yə verməlidir. O ki, qaldı cavabeh tərəfindən edilən etirazlara münasibətdə isə məhkəmə bildirir ki, işin faktiki hallarında da müəyyən olunduğu kimi bank mövcud kredit müqaviləsinə görə cavabdehə razılaşdıqları məbləği ödəmiş, cavabdeh həmin məbləği onun adına açılmış kart hesabı vasitəsilə almışdır. Artıq pul cavabdehin faktiki sərəncamına verildikdən 3 gün sonra naməlum şəxslər tərəfindən özünün bildirdiyi kimi talanmışdır. Belə olan halda isə bank qarşısında öhdəliyə görə yenə də cavabdeh məsuliyyət daşıyır. Həmçinin onun artıq mülkiyyətinə verilmiş pulun həqiqətən də talanması halında isə cavabdehin qeyd olunan şəxslərdən ayrıca iddia tələbi ilə müraciət etmək hüququ təbii k, istisna deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 74.02 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4739.55 manat əsas, 662.24 manat faiz borcu olmaqla, ümumilikdə 5401.79 manat məbləğində vəsaitin və dövlət rüsumu üçün ödənilmiş 74.02 manat pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar