Məhkəmə qərarları › İş №e-2(001)-1919/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1919/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1919/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının “A4” korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr olan mənzilə istifadə və sahiblik hüquqlarının tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli, 315 saylı alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Atatürk pr.3078A məhəlləsinin şimal hissəsində yerləşən yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin iddiaçı tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsinə dair 12 aprel 2018-ci il tarixli, 16 saylı maliyyə arayışı verilmişdir. Lakin, hazırda cavabdeh iddiaçını mənzilinə buraxmıır. Buna görə də, iddia hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-yə dəfələrlə bildirişlər göndərilməsinə baxmayaraq, bildirişlər cavabdehə çatdırılmadan geri qaytarılmışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2004-cü il tarixli, 315 saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Atatürk pr.3078 A məhəllənin şimal hissəsində 0,553 ha. torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli binanın A4 korpusu, 11-ci mərtəbədə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr olan mənzili ümumilikdə 32658 ABŞ dolları məbləğində qiymətləndirərək İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin dəyərini müqavilə bağlanandan 3 gün müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - 01 noyabr 2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən ********* manat (köhnə məzənnə) məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir. - Cavabdeh MMC tərəfindən verilmiş 12 aprel 2018-ci il tarixli, 16 saylı arayışda göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzili İddiaçı 01 noyabr 2004-cü il tarixli, 315 saylı müqavilə əsasında verilmişdir. - 10 noyabr, 17 noyabr, 29 noyabr və 29 dekabr 2017-ci il tarixli kassa mədaxil orderlərinin surətindən görünür ki, İddiaçı tərəfindən müvafiq olaraq 1000 manat, 2000 manat, 600 manat və 1400 manat məbləğində pul vəsaiti “binanın tamamlama işləri” təyinatı ilə Bakı şəhəri, Atatürk pr. 3078A məhəlləsinin şimal hissəsində 0,553 ha. sahədə inşa edilən çoxmərtəbəli yaşayış binasının tikinti-tamamlama və digər işlərin həyata keçirilməsi üçün yaradılmış maliyyə fonduna ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Öz növbəsində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. - 385.1-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə görə İddiaçı 32658 ABŞ dolları məbləğində ödənişi hesablaşma aparılan günə manatın dollara ekvivalenti ilə milli valyuta ilə müqavilə bağlanandan 3 (üç) gün ərzində həyata keçirməyi, Cavabdeh MMC isə Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı öhdəliyini icra etsə də, cavabdeh müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməməklə, iddiaçını həmin mənzilə buraxmamaqla iddiaçının sahiblik və istifadə hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 158.1 və 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. - 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 163.1-ci maddəsinə əsasən, sahiblik əşyanın özünün verilməsi ilə verilir. - 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. - 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair iddiaçının istifadə və sahiblik hüquqları tanınmaqla mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqları tanınaraq həmin mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar