Məhkəmə qərarları › İş №e-2(001)-1938/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1938/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1938/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün aliment məbləğinin artırılaraq, Cavabdeh hər ay 235 manat alimentin, X2 bərpa edilməsi məqsədilə aparılacaq müalicə üçün hər ay 150 manat, X6 mərkəzində təhsil alması ilə əlaqədar olaraq, təhsil haqqı qismində hər ay 250 manat olmaqla, cəmi hər ay 635 manat və mediasiya rüsumu olaraq, ödənilmiş 50 manat məbləğin İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Safurə Orucova 2000-ci il tarixdən Cavabdeh ilə faktiki nikahda olmuşdur. Faktiki nikahdan 25 aprel 2009 –cu il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh qızları Əkbər Günəşin atası olması faktı 23 oktyabr 2009-cu il tarixli AZ-1 № 110667 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə təsdiq olunmuşdur. Faktiki nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur,cavabdehlə birgə təsərrüfat aparmışlar. Belə ki, cavabdehin başqa bir rəsmi nikahda olduğu həyat yoldaşı və övladı olsa da, o, vaxtının çox hissəsində iddiaçı və qızının yanında olurdu. Onun ikinci ailəsi olsa da, bir ailə başçısı kimi tez-tez onlara baş çəkər və ailəsinin qayğısına qalardı. Lakin son illərdə iddiaçının cavabdehlə münasibətləri pozulmuşdur. Münasibətləri pozulduqdan sora qızlarının maddi və mənəvi ehtiyaclarının təmin edilməsi ilə bağlı əsas yük iddiaçının üzərinə düşmüşdür. İddiaçı işlədiyindən və övladına baxacaq başqa bir qohumu olmadığından, ona çox vaxt ayıra bilməməsi səbəbilə dayə tutmağa məcbur olmuş dur. Qızının səhhətində bəzi problemlər olduğundan ona dəfələrlə müalicələr tətbiq olunmuşdur. İddiaçı öz övladının təhsilini təkmilləşdirmək üçün onu müxtəlif kurslara qoymuşdur. Bütün bu edilmiş xərclərdə cavabdeh iddiaçıya heç bir köməklik etməmiş, həmçinin qızının həyatı ilə bağlıməsələlərdə mənəvi və fiziki yardım da göstərməmişdir. İddiaçının köməyə ehtiyacı olduğu zamanlarda cavabdehdən yardım istəsə də, cavabdeh buna etinasızlıqla yanaşmışdır Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(001)- 5779/2020 saylı qətnaməsi ilə iddiaçının xeyrinə cavabdehdən hər ay 170 manat məbləğində alimentin və uşağın müalicə müddətində isə cavabdehdən ayda 100 manat məbləğin tutulması qət edilmişdir. İddiaçı hazırda işləsə də, gəliri, uşağın ehtiyaclarının təmin edilməsinə kifayət etmir. Həmçinin günəş Əkbər təhsilinin gücləndirilməsi məqsədilə əlaəv kursa qeydiyyata salınmış və kursda əlaəv təhsil alır. Bu da, əlavə xərc tələb edən haldır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə iclasında cavabdeh 235 manat aliment məbləğində 150 manat isə müalicə xərci üçün tələb edilən məbləğlə razılaşmışdır. Lakin nəzərə alınmalıdır ki, uşaq əlavə kurslarda təhsil alır. İddiaçının uşağın xaricdə təhsilində maraqlı olduğundan onu dil kurslarına qoymuşdur. Cavabdeh isə həmin kurslara ödənilən məbləğin çoxluğundan narazıdır. Belə ki, təkcə X6 mərkəzində təhsil alması ilə əlaqədar olaraq, təhsil haqqı qismində hər ay 250 manat ödəniş edilir. Əvvəl həmin məbləğ 180 manat olsa da, sonradan artırılmışdır. Uşağın təhsili ilə bağlı valideynlərin hər ikisi məsuliyyət daşıyır. Cavabdeh uşağın saxlanılmasında iştirak etsə də, bəzən tələb edilən əlavə vəsaitlərin ödənilməsində iştirak etmir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X7 atasından pul istəməyə utanır. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək alimenti rəsmiləşdirmək istəyir. İddiaçıdan aldığı məlumata əsasən cavabdeh uşağın əlavə xərclərində iştirak edir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tam təmin olunacağı təqdirdə inzibati məsuliyyətə cəlb oluna bilər. Ona görə də, iddianı qismən qəbul edir. Belə ki, alimentin 235 manat və uşağın müalicəsi ilə bağlı 150 manat artırılması hissəsində qəbul edir və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İngilis dili kursuna görə isə 250 manat ödəniş çoxdur. Əlavə olaraq bildirir ki, təyin edilmiş alimentin məbləği 170 manat olsa da, hər ay ən azı 200 ödəniş etmişdir. Bununla yanaşı uşağın digər xərclərində də iştirak edir. İddiaçıya hazırda hər ay 300 manat ödəniş edir. Özü Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş direktoru vəzifəsində işləyir və aylıq əmək haqqı 1250 manat təşkil edir. Onun başqa övladları da var. Uşağın müalicəsi isə davamlı deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 5779/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixindən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment tutularaq, İddiaçı xeyrinə tutulması, xx.xx.2020-ci il tarixindən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 müalicəsi dövründə əlavə xərclərə görə Cavabdeh hər ay 100 manat İddiaçı xeyrinə tutulması və s. qət edilmişdir.

7. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 5 nömrəli uşaq poliklinikası tərəfindən verilən 18-1-1-5/3-8/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 poliklinikanın qeydiyyatındadır. X3 xx.xx.2024-cü il tarixindən poliklinikada tibbi müayinədən keçmişdir. Hal-hazırda cərrahda hər iki ayağın anadangəlmə yastıpəncəliyi İİİ dərəcə, ikincili skolioz İ-İİ dərəcə diaqnozu ilə qeydiyyatdadır. İldə 2-3 dəfə müalicəvi prosedurlar, üzgüçülük, korset, supinator tövsiyyə olunur.

8. "xxxx" MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixindən English Life MMC-nin X5 Mərkəzinin ingilis dili kursunda təhsil alır. xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixində kimi aylıq təhsil haqqı 180 manat olmuşdur. 2023cü ilin sentyabr ayındna isə aylıq təhsil haqqı artırılaraq, 250 manat təşkil edib. Günəş Əkbər hazırda da, English Life MMC-nin X5 Mərkəzində təhsil alır.

9. "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli əxz/2 seriyalı, 760102 saylı kassa mədail orderindən görünür ki, Günəş Əkbərin ingilis dilindən təhsili üçün 750 manat ödənilmişdir.

10. "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli əxz/2 seriyalı, 760013 saylı kassa mədail orderindən görünür ki, Günəş Əkbərin təhsili üçün 129 manat ödənilmişdir.

11. "xxxx" Təhsil Şirkəti tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixindən bu günə kimi "xxxx" Təhsil Şirkətində abituriyent hazırlığı xidməti üzrə Riyaziyyat fənnindən dərslərdə iştirak edir və aylıq ödəniş qrafikinə görə xx.xx.2023-cü il tarixində 60 manat, xx.xx.2023-cü il tarixində 60 manat, xx.xx.2023cü il tarixində 60 manat, xx.xx.2023-cü il tarixində 60 manat, xx.xx.2024-cü il tarixindən 60 manat ödənilmişdir.

12. 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilən MŞB/9/2023-02550 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixindən keçirilmiş mediasiya sessiyasında iştirak etmişlər, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 5779/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixindən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment, xx.xx.2020-ci il tarixindən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X4 müalicəsi dövründə əlavə xərclərə görə isə Cavabdeh hər ay 100 manat İddiaçı xeyrinə tutulur.

14. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-5779/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın səhhətində olan problemlərin həlli üçün cavabdehin əlavə xərclərdə iştirakının təmin edilməsi məqsədilə aliment məbləğinin artırılaraq 235 manat olmasını, cavabdehdən hər ay əlavə xərclərə görə 150 manat pul tutulması,təhsil haqqı qismində isə hər ay 250 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

15. Cavabdeh isə iddianı qismən qəbul edərək, aliment məbləğinin 235 manat həcmində müəyyən edilməsinə və müalicə xərci kimi 150 manat məbləğində vəsaitin ödənilməsinə razı olsa da, uşağın təhsili üçün tələb edilən 250 manat vəsaitin tutulması ilə razı deyil. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

17. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

18. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Məhkəmə cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-5779/2020 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 235 manat, uşağın müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 manat aliment tutularaq iddiaçıya ödənilməlidir.

20. İddiaçının uşağın təhsil xərclərinə görə 250 manat vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir

21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

22. 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar.

23. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər.

24. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur.

25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-cı il tarixli qərarında göstərilir ki, valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

26. Beləliklə, yuxarıda göstərilən hüquqi dəyərləndirməyə əsasən iddiaçının uşağın əlavə təhsili üçün cavabdehdən vəsait tələb etməsini məhkəmə əsassız hesab edir.

27. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

28. Həmçinin “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

29. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır;

34. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

35. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)-5779/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərclərə görə hər ay 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.Həmçinin 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(001)- 5779/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh hər ay 235(iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 müalicəsi üçün əlavə xərclərə görə hər ay 150( yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin və əlavə xərclərin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar