Məhkəmə qərarları › İş №e-2(001)-1944/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1944/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1944/2023 01.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış Rest№010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin ləğv edilməsi; 2.Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6740.34 AZN əsas kredit borcu, 35.22 AZN kreditdən istifadəyə görə faiz borcu və 40.26 AZN cərimə olmaqla,cəmi 6815.82 AZN və 88.16 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rest№010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11279.21 AZN məbləğində kredit verilmişdir.Güzəşt müddətiərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 010FİZAM35355202 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o,Cavabdeh2 Rest№010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçıarasında bağlanmış 010FİZAM46419102 saylı xx.xx.2019-cu il tarixlizaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 Rest №010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest №010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest №010CASA192590001 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-cü il tarixinə 6740.34 AZN əsas kredit borcu, 35.22 AZN kreditdən istifadəyə görə faiz borcu və 40.26 AZN cərimə olmaqla,cəmi 6815.82 AZN borclu qalmaqdadır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, banka müraciət etsə də, aralarında razılıq əldə edilməmişdir. Hazırda həm aliment, həm də kredit ödənişləri edir. Banka bu gnə kimi 30000 manatdan çox ödəniş etmişdir. Onun kredit müqaviləsi kompensasiyaya düşməmişdir. Hazırda iddianı qəbul edir. Kreditinə görə ailəsində də, problemlər olmuşdur.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, banka 2 ilə yaxın aylıq 240 manat olmaqla ödəniş etmişdir. Özü İqtisadiyyat Nazirliyi yanında “X1 Agentliyi” X2 böyük mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 1300 manat təşkil edir. Onun kredit borclarına görə ailəsı dağılmışdır. Hazırda iki uşağa cəmi 440 manat aliment ödəyir. Banka müraciət edərək maddi durumunun aşağı olması ilə əlaqədar 50 manat məbləğində aylıq ödəniş edə biləcəyi barədə müraciət etmişdir. Lakin bank razılaşmamışdır. Bundan başqa onun başqa kreditləri də var. Özü bankdan 10000 ABŞ dolları götürmüş, lakin ABŞ dollarının məzənnəsinin qalxması ilə bağlı banka 30000 manat kredit ödəmişdir. Hazırda ikinci dəfə ailə qurmaq istəyir, lakin maddi imakınının aşağı olması səbəbindən ailə qura bilmir. Himayəsində xəstə anası var.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, zamin olan cavabdehlər onun yaxın qohumlarıdır və məhkəmə iclasından xəbərləri vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bank borcalana restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün 5 il müddətinə, illik 1 % dərəcəsi ilə, aylıq ödəniş 239,81(82) manat olmaqla, 11279,21 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

8. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 010FİZAM35355202 saylı zaminlik müqaviləsinə əsasən zamin 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh1 ğlu arasında bağlanan xx.xx.2019-cu il tarixli, 010FİZAM35355202 saylı zaminlik müqaviləsinə əsasən zamin 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

10. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 11279,1 manat məbləğində kredit verilmişdir.

11. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə 31 yanvar 2023-cü il tarixinə 6740,34 manat əsas borc, 35,22 manat faiz borcu, 33,56 manat cərimə borcu, 6,70 manat faiz borcu üzrə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 6815,82 manat borc hesablanmışdır.

12. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanan 03 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 88,16 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi ilə bank tərəfindən müştəriyə 60 ay müddətinə, illik 1 % dərəcəsi ilə, aylıq 11279,21 manat məbləğində kredit vermişdir.

15. Cavabdeh– zaminlər Cavabdeh1 və Cavabdeh3 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər.

16. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

17. İddiaçı ASC tərəfindən Cavabdeh2 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə 31 yanvar 2023-cü il tarixinə 6740,34 manat əsas borc, 35,22 manat faiz borcu, 33,56 manat cərimə borcu, 6,70 manat faiz borcu üzrə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 6815,82 manat borc hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

21. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

22. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

23. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

24. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

25. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

26. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

27. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

28. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

29. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

30. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

31. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

32. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi restrukturizasiya olunmuş və həmin müqavilə üzrə borcalan restrukturizasiya olunmuş məbləği müqavilədə nəzərdə tutulmuş qaydada və müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.

33. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

34. Məhkəmə tələb edilən əsas, faiz və borcuna münasibətdə maliyyə arayışını mötəbər sübut kimi qəbul edir və hesab edir ki, hesabdan çıxarış məlumatlarına əsasən aparılmış ödənişlərin miqdarı nəzərə alındıqda borcun düzgün hesablanmasını şübhə altına alan məqam yoxdur. Eyni zamanda borcalan müqavilə üzrə tələb olunan məbləğlə razı olduğunu bildirmiş və tələb edilən məbləği mübahisələndirməmişdir.

35. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir.

36. Belə ki, Azərbaycan Respublikası MM-nin:

37. 421-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

38. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

40. Odur ki, kreditor müqavilədən imtina edərək və bunu müqavilənin digər tərəfinə bildirərək müqavilə üzrə yaranmış borcu tələb etdiyindən artıq tərəflər arasında olan müqavilənin ləğv edilməklə xitam verildiyi hüquqi nəticəsi yaranmışdır və bunun üçün ayrıca məhkəmə qərarının qəbul edilməsinə zərurət yoxdur. Tətbiq edilən prosessual normalar:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

45. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6740,34 manat, faiz borcuna görə 35,22 manat, cərimə borcuna görə 40,26 manat olmaqla, ümumilikdə 6815,82 manat məbləğində pul vəsaiti və 88,16 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 16 sentyabr 2019-cu il tarixli, Rest№ 010CASA192590001 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6740,34 manat, faiz borcuna görə 35,22 manat, cərimə borcuna görə 40,26 manat olmaqla, ümumilikdə 6815,82 (altı min səkkiz yüz on beş manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti və 88,16 (səksən səkkiz manat, on altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar