Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-197/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aldığı və keyfiyyətsiz, deffektli çıxmış 331,2 kv/m həcmdə olan “STATU parlaq” metlax üçün ödədiyi 20925 (iyirmi min doqquz yüz iyirmi beş) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödədiyi 183 manat pul vəsaitin cavabdehdən birdəfəlik tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehdən aldığı və keyfiyyətsiz, deffektli çıxmış 118 kv/m həcmdə olan “STATU parlaq” metlax üçün ödədiyi 10000 (on min) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödədiyim 183 manat pul vəsaitin cavabdehdən birdəfəlik tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə müraciət etmiş və “STATU parlaq” markalı metlax döşəmələri (1,2 x 1,2) sifariş etmiş və ümumi dəyəri 60510 manat pul ödəmişdir. Sifarişi ümumillikdə 600 kv/m olmuş və onun hardasa 331,2 kv/m hissəsi 2022-ci ilin may ayında sarı halqa formasında qeyri müəyyən ləkələr əmələ gəlmişdir. Dəfələrlə cavabdehin əməkdaşlarına müraciət etməyinə baxmayaraq məsələ öz həllin tapmamışdır. Hazırda isə təmir işləri bitmiş və keyfiyyətsiz metlax döşəmələri mənzilinə döşənmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixdə rəsmi müraciət etmiş və cavabsız qaldığı üçün cavabdehin qeydiyyatı üzrə məhkəməyə müraciət etmək və keyfiyyətsiz deffetkli ümumi 331,2 kv/m sahəsi olan metlax üçün ödədiyi pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasın xahiş etməkdir. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə müraciət etmiş və “STATU parlaq” markalı metlax döşəmələri (1,2 x 1,2) sifariş etmiş və ümumi dəyəri 60510 manat pul ödəmişdir. Sifarişi ümumillikdə 600 kv/m olmuş və onun 331,2 kv/m hissəsi 2022-ci ilin may ayında sarı halqa formasında qeyri müəyyən ləkələr əmələ gəlmişdir. Dəfələrlə cavabdeh təşkilatın əməkdaşlarına müraciət etməyinə baxmayaraq məsələ öz həllin tapmamışdır. Hazırda isə təmir işləri bitmiş və keyfiyyətsiz metlax döşəmələri mənzilə döşənmişdir. İş üzrə ekspertiza təyin edilmiş və ümumi ləkəli metlaqın sahəsi 118 kv/m təşkil etmişdir. Həmin metlaqların 1 kv/m 84,75 manat dəyərində almışdır (118 kv/m x 84,75 manata = 10000 manat). Cavabdeh təşkilatdan aldığı ümumilikdə 60510 manatlıq metlaqın 10000 manat hissəsi defektli, sarı halqalı çıxmış, hazırda həmin sarı ləkəli metlaq mənzildədir, onu yenidən çıxardılması, təzəsin alınması və yenidən vurulması böyük vəsait tələb edir. Odur ki, cavabdehdən aldığı və keyfiyyətsiz, deffektli çıxmış 118 kv/m həcmdə olan “STATU parlaq” metlax üçün ödədiyi 10000 (on min ) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödədiyi 183 manat pul vəsaitin cavabdehdən birdəfəlik tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbinə dəqiqləşdirmə barədə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, dəfələrlə cavabdehin əməkdaşlarına müraciət etməyinə baxmayaraq məsələ öz həllin tapmamış, hazırda isə təmir işləri bitmiş və keyfiyyətsiz metlax döşəmələri mənzilə döşənmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi (vəkil) Vəkil2 iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsinin giriş hissəsinə nəzər yetirdikdə orada iddia tələbinin qısa məzmunu olaraq iddiaçı tərəfindən tələb edilən 20925 manat (hər kv/m üçün 84,75 manat) pulun hansı müqaviləyə və ya hansı qanunvericiliyə əsasən hesablandığı məlum deyildir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddia tələbi əsassızdır. Eyni zamanda, qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən mallara dair heç bir zəmanət verilməmiş, malın uzun müddət öncə alınması, düzgün qaydada istifadə olunmaması və s. səbəblərə görə cavabdeh heç bir məsuliyyət daşıya bilməz. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. İddia tələbi ilə bağlı heç bir müqavilənin mövcud olmaması isə iddianın əsassızlığını sübut edən mötəbər faktdır. Hazırki iddia üzrə tərəfimizdən malın qüsurlu verilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Cavabdeh MMC-yə məxsus xx.xx.2021-ci il tarixli, AK-S26930 nömrəli satış fakturasından görünür ki, İddiaçı tərəfindən malın kodu 103072 olan, (K) 120x120 “STATU parlaq” markalı metlax döşəmənin (115 marka) 331.2 kv/metr miqdarda, 1 kv.metri 84.75 manat olmaqla, 20,925.00 manat məbləğində pul ödəmişdir. Cavabdeh MMC-yə məxsus xx.xx.2021-ci il tarixli, AK-S26929 nömrəli satış fakturasından görünür ki, İddiaçı tərəfindən malın kodu 103072 olan, (K) 120x120 “STATU parlaq” markalı metlax döşəmələri üçün 22,015.000 manat məbləğində pul ödəmişdir. Cavabdeh MMC-yə məxsus xx.xx.2022-ci il tarixli satış fakturasından görünür ki, İddiaçı tərəfindən malın kodu 103010 olan, K) 120x120 “STATU parlaq” markalı metlax döşəmənin 172.8 kv/metr miqdarda, 1 kv.metri 152.90 manat olmaqla, 17,570.05 manat məbləğində pul ödəmişdir. Metlaxlar əks olunmuş 12 ədəd foto şəkildən görünür ki, metlaxların üzərində sarı halqa formasında ləkələr mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 10/3559 saylı rəyindən görünür ki; 1-ci və 2-ci suallar üzrə - metlaxlarda yaranmış sarı halqa formasında ləkələrin əmələ gəlməsinin səbəbini və ya metlaxda yaranmış sarı halqa formasında ləkələrin əmələ gəlməsinə səbəb zavod istehsalında defekt olması məsələsi tikinti- texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın bu sualları üzrə tədqiqat aparılmadı. 3-cü sual üzrə - ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zamanı müvafiq ölçü işləri aparılmış və mənzilin döşəməsinə vurulmuş metlaqların 118 kv.m hissəsində halqavari sarımtıl ləkələrin mövcud olduğu müəyyən olunmuşdur. 4-cü sual üzrə - “Statu parlaq” (120x120 ölçüdə) markalı metlaxın satış qiymətinə internet elan saytlarında məlumatlar mövcud olmadığından qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmadı. İşə əlavə edilmiş 10 fevral 2025-ci il tarixli, 10/3559 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 1. İstehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; İstehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; İcraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar. qüsur — malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu. Maddə 5.
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır.
4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. Maddə 7.
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.
3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.
8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir.
10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələb üzrə iddiaçı cavabdehdən aldığı “STATU parlaq” markalı metlax döşəmələrinin 118 kv/m həcmdə qüsurlu olan hissəsinin dəyərini tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, satılmış 20925 manat (hər kv/m üçün 84,75 manat) pulun hansı müqaviləyə və ya hansı qanunvericiliyə əsasən hesablandığı məlum olmadığını, cavabdeh tərəfindən mallara dair heç bir zəmanət verilmədiyini, ümumiyyətlə tərəflər arasında heç bir müqavilə bağlanmadığına əsaslanaraq iddanı qəbul etməmişdir. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının tələbinin cavabdehin isə etirazının əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, satın alınmış metlax döşəmələrinin qüsurlu olmasınına dair sübut etmə vəzifəsini iddiaçı, iddiaçı ilə müqavilə bağlanmadığını isə cavabdeh sübut etməlidir. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, onun belə tələblə çıxış etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568-ci, 581-ci, 584-cü, 587-ci maddələrindən və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsindən irəli gəlir. İş üzrə müəyyən edilir ki, İddiaçı 15 dekabr 2021-ci il tarixdə Cavabdehnə 600 kv/metr metlağın alınması ilə bağlı müraciət etmiş və “STATU parlaq” markalı metlax döşəmələri (1,2 x 1,2) sifariş etmişdir. Həmin döşəmələr üçün ümumilikdə 60510 manat pul ödəmişdir. Həmçinin Cavabdeh MMC-yə məxsus xx.xx.2021-ci il tarixli, AK-S26930 nömrəli satış fakturası ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən malın kodu 103072 olan, (K) 120x120 “STATU parlaq” markalı metlax döşəmənin (115 marka) 331.2 kv/metr miqdarda, 1 kv.metri 84.75 manat olmaqla, 20,925.00 manat məbləğində pul ödəmişdir. Lakin cavabdeh MMC tərəfindən 2022-ci ilin may ayında iddiaçıya təqdim edilmiş metlaxlarda sarı halqa formasında qeyri müəyyən ləkələr əmələ gəlmişdir. Həmin metlaxlarda ləkələrin olması ilə bağlı iddiaçının nümayəndəsi (vəkil) tərəfindən təqdim edilmiş (12 ədəd) foto şəkillərlə də, öz əksini tapmışdır. Məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus mənzilin yerinə döşənmiş metlaxlarda əmələ gəlmiş ləkələrin aydınlaşdırılması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zamanı müvafiq ölçü işləri aparılmış və mənzilin döşəməsinə vurulmuş metlaqların 118 kv.m hissəsində halqavari sarımtıl ləkələrin mövcud olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi cavabdeh MMC tərəfindən 2022-ci ilin may ayında iddiaçıya təqdim edilmiş metlaxlarda sarı halqa formasında qeyri müəyyən ləkələrin olması həm iddiaçının nümayəndəsi (vəkil) tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə, həm də ekspert rəyi ilə tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Bu baxımdan iddiaçıya məxsus mənzilin döşəməsinə vurulmuş metlaqların 1 kv/metri üçün iddiaçı tərəfindən 84,75 manat ödənildiyindən, eləcə də vurulmuş metlaqların 118 kv.m hissəsində halqavari sarımtıl ləkələrin olması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 10/3559 saylı rəyi ilə tam olaraq sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq (118 kv/m x 84,75 manat=10000 manat) Cavabdehndən İddiaçı xeyrinə 10000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə cavabdeh tərəfin iddiaya etirazına münasibətdə qeyd edir ki, etirazda biri birinə uyğun gəlməyən dəlillər irəli sürülməklə yanaşı, bu dəlillərin əsaslı olması ilə bağlı da heç bir sübut təqdim edilməmişdir. Belə ki, etirazda bir tərəfdən qeyd olunur ki, iddia tələbi ilə bağlı heç bir müqavilə mövcud deyil, 20925 manat (hər kv/m üçün 84,75 manat) pulun hansı müqaviləyə və ya hansı qanunvericiliyə əsasən hesablandığı məlum deyil, digər tərəfdən isə cavabdeh tərəfindən mallara dair heç bir zəmanət verilmədiyi, malın uzun müddət öncə alınaraq, düzgün qaydada istifadə olunmaması ilə əsaslandırılmışdır. İlk növbədə məhkəmə qeyd edir ki, daşınar əşyaların alğı-satqı müqaviləsinin yazılı formada bağlanması ilə bağlı qanunvericilikdə tələb yoxdur. Digər tərəfdən işdə olan xx.xx.2021-ci il tarixli, AK-S26929 nömrəli satış fakturasından görünür ki, İddiaçı tərəfindən malın kodu 103072 olan, (K) 120x120 “STATU parlaq” markalı metlax döşəmələri üçün 22,015.000 manat məbləğində pul ödəmişdir. Satılmış mallara zəmanətin verilməiyi ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə əsasən Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Hazırkı halda malın Azərbaycan Respublikasında istehsal olunmasına, eləcə də malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması nəticəsində baş verməsinə dair cavabdeh heç bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq (118 kv/m x 84,75 =10000 manat) Cavabdehndən İddiaçı xeyrinə 10000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş 10 fevral 2025-ci il tarixli, 10/3559 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 183 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Dəymiş zərərin əvəzi olaraq (118 kv/m x 84,75 = 10000 manat) 10000 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 183 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev