Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1976/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11654,45 AZN-bundan 4099,08 AZN əsas, 3480.40 AZN faiz, 3471.91 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 603.06 AZN faiz borcu və iş üzrə ödənilmiş 124.96 AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat idarəsi filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 70014043 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 10.000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5954.89 AZN hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri, ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 11654.45 AZN təşkil edir. Bundan 4099.08 AZN əsas, 3480.40 AZN faiz, 3471.91 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 603.06 AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********359 saylı xx.xx.2023-cü il tarixli, bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Belə ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Əlavə Saziş bağlanmış və müddət xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Belə olan halda bank iddia müddətini ötürmədən xx.xx.2024-cü il tarixdə elektron qaydada cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bank tərəfindən cavabdehə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağanması ilə bağlı müraciət edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən də bu barədə banka müraciət edilməmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Belə ki, hesab edir ki, tərəflər arasında olan əlavə razılaşma, tərəflər arasında hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olan əsas kredit müqaviləsi ilə bağlı ümumi iddia müddətinin hesablanması zamanı nəzərə alınmamalıdır.
6. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərir: İddiaçının iddia tələbi ilə əlaqədar iddia müddəti ötürülmüşdür. Qeyd etmək istəyir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə arasında xx.xx.2014-cü il tarixində, 70014043 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində nəzərdə tutulmuşdur ki, kredit öhdəlikləri xx.xx.2017-ci il tarixinə qədər icra olunmalıdır. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 5954.89 (beş min doqquz yüz əlli dörd manat, 89 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmış, kredit üzrə cavabdeh tərəfindən Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istəyir ki, sazişin bağlanması müqaviləni əvəz etmir. Belə ki, iddiaçı sazişin müqaviləni əvəz edəcəyini düşünmüşdür. Lakin qanunvericilikdə sazişlə əlaqədar konkret anlayış ifadə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələ ilə əlaqədar qeyd edir ki, MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). X1 əsasən Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Göründüyü kimi Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarına əsasən kredit müqaviləsində iddia müddəti tərəflər arasında bağlanmış müqavilə əsasında tənzimlənir və sazişlə əlaqədar heç bir mövqe yoxdur. Bir nüansı nəzərə çatdırır ki, sazişin müqaviləni əvəz etməsi ilə bağlı nə Mülki Məcəllədə, nə də Konstitusiya Məhkəməsinin Plenum Qərarlarında heç bir mövqe mövcud deyildir. Ümumiyyətlə Mülki Məcəlləyə diqqət etdikdə sazişlə bağlı hansısa anlayış belə yoxdur. Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin Plenum Qərarından görünür ki, iddia müddəti üzrə mübahisə müqavilə münasibətlərindən yaranmış tələb olduğuna görə üç ilkin iddia müddəti tətbiq edilməlidir. Yəni, sonradan bağlanmış saziş müqaviləni əvəz edə bilməz. Buna görə də hesab edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə iddia müddəti ötürülmüşdür. Bununla əlaqədar olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sazişə əsaslanaraq 11654.45 AZN iddia tələbi ilə irəli sürdüyü "kredit borcunun qaytarılması"na dair iddia ərizəsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh şəxsi istehlak məqsədi üçün illik 28% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 413,71 manat olmaqla, 10000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2014-cü il, sonuncu ödəniş tarixi xx.xx.2017-ci il olaraq müəyyən edilmişdir
8. xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə sazişdən görünür ki, tərəflər (“Dəmirbank" ASC ilə Cavabdeh) xx.xx.2014-cü il tarixli, 70014043 saylı müqavilə üzrə kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: - Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5954,89 manat təşkil edir. – Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin tərkibini 4455,06 manat əsas borc, 1273,26 manat faiz borcu və 226,5 manat cərimə borcu təşkil edir. – Restrukzasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək təşkil edir.
9. Razılaşma üzrə təqdim edilən ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş məbləği 143,68 manat olmaqla, ilkin ödəniş tarixi xx.xx.2017-ci il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir.
10. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh 10000 manat məbləğində kredit verilmişdir.
11. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən təqdim edilən xx.xx.2023cü il tarixinə aid maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixinə müqavilə üzrə 4099,08 manat əsas, 3480,40 manat faiz, 3471,91 manat cərimə, gecikdirilmiş vaxt üçün 603,06 manat faiz borcu olmaqla, ümumilikdə 11654,45 manat borcu vardır.
12. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən cavabdehlərə xx.xx.2023cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, borcluya kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış 4099,08 manat əsas borcun, 3480,4 manat faiz borcunun, 3471,91 manat məbləğində cərimə borcunun, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 590,52 manat faiz borcunun, ümumilikdə 11641,91 manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir.
13. Problemli Kreditlərin sorğulanmış məlumatlarından görünür ki, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-də olan kredit borcu məlum fərmanın təsir dairəsinə düşmüş və restrukturziasiya olunması təklif olunan məbləğ 4099.08 manat təşkil edir.
14. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün tərəfidən 124,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 1) “Dəmirbank" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 28% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 413,71 manat olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. 2) “Dəmirbank" ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə saziş ilə borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı restrukturizasiya edilməklə 11909,78 manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. 3) borc məbləği barədə maliyyə arayışı xx.xx.2023-cü il tarixinə aiddir, 5) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və restrukturizasiya olunması təkil olunan məbləğ 4099.08 manat təşkil etmişdir, lakin kredit təşkilatı tərəfindən borcluya bu barədə bildiriş göndərilməmişdir 6) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir. 7) cavabdehin nümayəndəsi və vəkili 2014-cü il tarixli müqavilə üzrə 2017-ci il tarixindən hesablanmaqla 3 illik iddia müddətinin ötürüldüyünü hesab edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
18. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
22. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir.
24. İşin mübahisələndirilən halı isə cavabdehdən həm əsas, həm cərimə, həm faiz, həm də gecikdirilmiş faiz borcunun tələb edilməsi ilə bağldır.
25. Belə olan halda, göstərilən məqamları nəzərə alan məhkəmə hesab edir ki, iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilə bilər. Məhkəmə iddia tələbini digər hissədə ona görə əsassız hesab edir ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür amma bununla bağlı cavabdehə yeni müqavilə bağlanılması barədə təklif göndərilməmişdir. Göndərilmişsə belə iddia ərizəsinə əlavə edilməmiş və iddia ərizəsinin əsaslandırılmasında həmin halın mövcudluğuna münasibət bildirilməmişdir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatmışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
26. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
27. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
28. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
29. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndində qeyd edilmişdir ki, Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. 6.16-cı bəndində isə qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır.
30. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur.
31. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir.
32. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
33. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin banka olan əsas kredit borcu məbləği iş materiallarında ola maliyyə arayışı ilə öz təsdiqini tapır.
34. İddia müdətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin etirazına münasibətdə məhkəmənin mövqeyi:
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
37. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
38. 373.2-ci maddəsiə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
39. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
40. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
41. 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir.
42. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
43. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında göstərilir: Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
45. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı özözlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
46. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir və iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Hazırki müdahisədə isə məhkəmə hesab edir ki, hazırki kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir.
47. İstinad edilən normalarda və formalaşan mövqedən göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Tərəflər arasında könüllü qaydada bağlanan xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddətinin son tarixi xx.xx.2017-ci il olaraq müəyyən edilsə də, xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə saziş ilə borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı restrukturizasiya edilməklə, kreditin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Hansı ki, tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə dəyişiklik edilməsi mümkündür və hazırki mübahisədə də tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəlmişlər. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət edən zaman iddia müddətini ötürməmişdir. Tətbiq edilən prosessual normalar:
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
49. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
50. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
53. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 4099,08 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
54. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə nisbətdə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 70014043 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4099,08 (dörd min doxsan doqquz manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev