Məhkəmə qərarları › İş №e-2(001)-1979/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1979/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1979/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5,383.23 manat məbləğində əsas, 761,40 manat məbləğində faiz, cəmi 6.144,63 manat məbləğində borcun və ödənilmiş 81,44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-dən götürdüyü kredit məbləğini maddi imkansızlıq səbəbindən ödəyə bilməmiş və nəticədə banka borcu yaranmışdır. Ondan tələb edilən əsas borcun hissə-hissə tutulmasına etiraz etmir, lakin iddia tələbini faiz borcunun tutulması hissəsində əsassız hesab edir. Göstərilənlərin nəzərə alınmasını və əsas borcun ondan hissə-hissə, ayda 100 manat olmaqla tutulmasını, iddia tələbini qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərdən keçirib, cavabdehin iddiaya münasibətini öyrənib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 60 ay müddətinə, illik 20 % dərəcəsi ilə faiz ödəmək şərti ilə 5,383.23 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləği qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə tələb olunan məbləğlərdə ödənişlər edə bilməmişdir. Nəticədə banka borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə ona məlumat vermiş və həmin məbləğin ödənilməsini ondan tələb etmiş, əks halda bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 5,383.23 manat məbləğində əsas, 761,40 manat məbləğində faiz, cəmi 6.144,63 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, əsas borcun ondan hissə-hissə, hər ay 100 manat olmaqla tutulmasını, iddia tələbinin faiz borcunun tutulması hissəsində rədd edilməsini xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5,383.23 manat məbləğində əsas və 761,40 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı əsas kredit borcu üzrə hər hansı ödəniş aparmamışdır. İddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, kredit borcunun 5.383,23 manat, illik faiz dərəcəsinin isə 20 faiz olması nəzərə alındığı halda, təkcə 9 ay üçün (5.383,23 x 20 /100 = 1076, 65 manat - bir il üçün yaranmış faiz borcu, 1.076,65 / 12 ay x 9 ay = 807,49 manat – 9 ay üçün yaranmış faiz borcu) 807,49 manat məbləğində faiz borcu yaranmış olur. Başqa sözlə, iddiaçı iddia üzrə reallıqda yaranmış faiz borcundan aşağı məbləğdə faiz borcu tələb edir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5.383,23 manat məbləğində əsas, 761,40 manat məbləğində faiz, cəmi 6.144,63 manat məbləğində borcun, habelə ödənilmiş 81,44 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5.383,23 (beş min üç yüz səksən üç manat, iyirmi üç qəpik) manat məbləğində əsas, 761,40 (yeddi yüz altmış bir manat, qırx qəpik) manat məbləğində faiz, cəmi 6.144,63 (altı min bir yüz qırx dörd manat, altmış üç qəpik) manat məbləğində borc, habelə ödənilmiş 81,44 (səksən bir manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar