Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1984/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətanməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh 13 avqust 2007-ci il təvəllüdlü X5 və 13 yanvar 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsi ilə Cavabdeh 13.08.2007-ci il təvəllüdlü X10 və 13.01.2011-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 155 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Təyin olunan bu məbləğ hazırda uşaqların yaşayış ehtiyaclarının təmin olunması üçün kifayət etmir. Ona görə ki, bu məbləğ olduqca azdır. Bu pulla övladlarının minimum xərclərini belə ödəyə bilmir. Məlumdur ki, "Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu” na əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 195 manat müəyyən müəyyən olunmuşdur. Göründüyü kimi uşaqların saxlanılması üçün məhkəmə qərarı ilə hər uşağa görə müəyyən olunan 155 manat aliment onların dövlət tərəfindən müəyyən olunmuş ehtiyac meyarından da aşağıdır. Odur ki, bu xüsusat nəzərə alinaraq aliment məbləği artırılmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçı tərəf iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Uşaqların təhsil, tibbi,xaricə gedib-gəlməklə əlaqədar xərcləri çoxdur. İddiaçı uşaqların xərclərini qarşılamaqda çətinlik çəkir. Ona görə də, alimentin artırılmasına ehtiyac vardır. İddiaçı ona bildirmişdir ki, alimentə görə ödənilən pulları kartdan çıxarır. Ola bilsin ki, iddiaçı uşaqların xərcləri ilə bağlı pulları başqa şəxslərdən alır, kartdakı pulu isə birdəfəlik çıxarmaq niyyətindədir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianın qismən təmin edilməsini xahiş edir. Hər uşağa görə 165 manat sabit pul məbləğində aliment ödəməyə razıdır.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun uşağı iddiaçının atasının övladlığına verilmişdir. İddiaçı və uşaqlar hazırda Rusiya Federasiyasındadırlar. Hazırda hava limanında mühəndis kimi işləyir. Bundan başqa cavabdeh bildirmişdir ki, alimentlə bağlı Beynəlxalq Banka ödəniş edən zaman, ona bank tərəfindən bildirilmişdir ki, pul vəsaitinin ödənildiyi hesabın müddəti bitmişdir və ümumiyyətlə həmin pul kartdan məxaric edilməmişdir. Bankın nümayəndəsi ona tövsiyyə etmişdir ki, kart hesabının sahibinə kartı bərpa etməsini bildirsin və orada toplanmış xeyli miqdarda vəsaiti məxaric etsin. Göründüyü kimi iddiaçının nəinki uşağın saxlanılması ilə bağlı alimentin artırılmasına ehtiyacı var, onun ümumiyyətlə alimentə ehtiyacı yoxdur. Əgər ehtiyacı olsa idi, həmin vəsait aybaay istifadə olunardı.
7. Cavabdeh həmçinin iddia tələbinə öz etirazını məhkəməyə təqdim etmiş və iddianın qismən təmin edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, İddia tələbi ilə qismən razıdır. Belə ki, iddiaçı ilə aralarında olan rəsmi nikah 29.10.2013-cü ildə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, həmin nikahdan 13.08.2007-ci il tavəllüdlü X10, 13.01.2011-ci il tevəllüdlü X2 üçün hər ay 80 manat məbləğində aliment təyin olunmuşdur. İddiaçı 2018-ci ildə alimentin artırılması tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, 23.02.2018-ci il tarixli qətnamə ilə alimentin məbləği 155 manat təyin olunmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, bir gün də olsa alimenti gecikdirməmişdir. Hər ay "xxxx" ASC-yə aliment ödənişi etdikdə bank əməkdaşı ona bildirir ki, pul köçürülən kartın hesabından mexaric olunmur. Kart bağlıdır. İddiaçı iddia ərizəsində alimentin artırılmasina ehtiyacının olduğunu qeyd etsə də, halbuki köçürülən alimenti heç çıxarmır da. Uşaqlar 2016-cı ildən Rusiya Federasiyasında yaşayırlar, onları köçdükləri vaxtdan bugünədək görməmişdir. Dəfələrlə telefon vasitəsilə həm sms yazmiş, həm də səs yazları göndərmiş, çoxlu sayda zənglər etmişdir. Lakin uşaqlarla hər hansı bir kontaktın yaradılmasına imkan verilməyib. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, my.gov.az hökümət portalına daxil olduqda şəxsi məlumatlarının arasında oğlu 13.08.2007-ci il təvəllüdlü X5 adı 2018-ci ildən çıxmır, yalnız üç övladının adı görünür. Onda olan məlumata görə iddiaçı yaşadığı Rusiya Federasiyasında məhkəməyə müraciət edərək, oğlunun iddiaçının atasının qəyyumluğuna verilməsi üçün məhkəməyə müraciət etmiş, iddiaçının iddiası təmin olunmuşdur. İddiaçı iddia ərizəsinə qoşma sənədlərin arasında mediasiya arayışını əlavə etmişdir, hansındakı o, iştirak etməmiş, bu barədə xəbəri də olmayıb. Nikah pozulduqdan sonra o, ikinci dəfə ailə qurmuşdur. Həmin nikahdan da iki övladı var. Həmin övladlar və arvadı onun himayəsindədir, ailəni tək dolandıran özüdür. Sonuncu dəfə 2018-ci ildə aliment artırıldıqdan sonra, əmək haqqı 620 manat idi. Həmin vaxtdan əmək haqqı 24 manat artmışdır. Göründüyü kimi 2018-ci ildən bugünədək əmək haqqımda cüzi dəyişiklik olmuşdur. Yəni onun aylıq gəlirləri artsaydı, iddiaçının tələb etdiyi ailimentin miqdarının artırılmasına razı olardı. Hazırda Rusiya Federasiyasında yaşayan övladlarının da qayğısına qalmaq onun bir ata kimi borcunun olduğunu nəzərə alaraq alimentin iki uşaq üçün 330 manat məbləğində təyin olunmasına razıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh və X3 birgə nikahından 13 avqust 2007-cı il təvəllüdlü X10, 13.01.2011-ci il təvəllüdlü X11 doğulmuşdur.
10. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(001)- 2453/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 13 avqust 2007-cı il təvəllüdlü X5 və 13.01.2011-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2387/2014 saylı, 05.05.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 220 manat məbləğində alimentin miqdarının artırılaraq, 23.01.2018-ci il tarixində başlayaraq, hər ay hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
11. 4 saylı Bakı “ASAN Xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən 11.09.2017-ci il tarixli, AZ-İV seriyalı 012756 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01.09.2017-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh ilə X8r.
12. 4 saylı Bakı “ASAN Xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən 25.09.2018-ci il tarixli, AZ-İV seriyalı 184900 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18.09.2018-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh ilə X8r.
13. Vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də 22.05.2014-cü il tarixindən mühəndis vəzifəsində çalışır, əmək haqqı 644,80 manatdır.
14. "xxxx" ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatından görünür ki, Cavabdeh tərəfindən edilən aliment ödənişləri, İddiaçı məxsus kart hesabından müvafiq fasilələrlı çıxarılır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikahlarından 13 avqust 2007-cı il təvəllüdlü X5 və 13.01.2011-ci il təvəllüdlü X11 doğulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 13 avqust 2007-cı il təvəllüdlü X5 və 13.01.2011-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2387/2014 saylı, 05.05.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş ümumilikdə 220 manat məbləğində alimentin miqdarının artırılaraq, 23.01.2018-ci il tarixində başlayaraq, hər ay hər uşaq üçün 155 manat olmaqla, ümumilikdə 310 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
16. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, 400 manat aliment tutulmasını xahiş edir.
17. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. Mövqeyini onunla əsaslandırır ki, sonuncu dəfə 2018-ci ildə təyin olunmuş aliment məbləği artırılmışdır. Həmin tarixdən bu günə əmək haqqında cəmi 24 manat artım olmuşdur. Həmçinin ikinci dəfə nikaha daxil olmuş və həmi nikahdan da iki uşağı vardır. Həmçinin ödəmiş olduğu aliment ödənişləri iddiaçı tərəfindən kart hesabından çıxarılmır. Bu hal isə onun alimentə ehtiyacı olmadığını göstərir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
18. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
19. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
21. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
22. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
23. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
26. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
27. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
28. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
29. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
30. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
32. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
33. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, tərəflərin birgə nikahlarından olan uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2018-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hansı dəyişikliyin olduğu mübahisə predmetidir. Cavabdeh iddiaya qarşı etirazında və iş materiallarında əlavə etdiyi arayışda əmək haqqında 2018-ci il tarixində cəmi 24 manat artm olduğuu bildirir. Nəzərə alınmalıdır ki, yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla vətəndaşların gəlirinin artması demək deyildir.
34. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi yaşayış minimumunun artması alimentin də müvafiq olaraq artırılmasına birbaşa əsas deyildir, bu cür tələbə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır.
35. Lakin işin müəyyən edilən hallarından məlum olduğu kimi aliment ödəyən şəxsin maddi vəziyyətində artırılması tələb olunan miqdarda dəyişiklik olmamışdır.
36. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı tələbini uşaqlar üçün yaşayış minimumunun artması ilə yanaşı, həmçinin ödənilən alimentin uşaqların yaşayış ehtiyaclarının təmin edilməsinə kifayət etməməsi ilə də əsaslandırmışdır.
37. Buna baxmayaraq işin hallarından göründüyü kimi iddiaçı hər ay ödənilən alimentin il ərzindən toplanan məbləğini bir ay ərzində bir neçə dəfəyə məxaric etməkdədir. Yəni iddiaçı hər ay ödənilən alimenti müvafiq aylarda deyil, ilin yekununda bir neçə dəfəyə məxaric etmişdir. Buradan o nəticəyə gəlmək olar ki, iddiaçının ödənilən alimentin uşaqların gündəlik yaşayış ehtiyaclarının təmin edilməsinə kifayət etməməsi barədə dəlili formal mülahizələrdən ibarətdir.
38. Bu baxımdan məhkəmə həm işin hallarını, həm də cavabdehin iddianı qismən qəbul etməsini nəzərə alaraq hesab edir ki, qətnamə ilə müəyyən edilən və tutulan alimentin məbləği artırılmalı və hər ay, hər uşaq üçün 165 manat məbləğində müəyyən edilməlidir.
39. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
40. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
44. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;
45. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
46. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
47. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
49. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir
50. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
51. Nəticə:
52. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 13 avqust 2007-ci il təvəllüdlü X10 və 13 yanvar 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 manat olmaqla, ümumilikdə 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
53. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23.02.2018-ci il tarixli, 2(001)-2453/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 13 avqust 2007-ci il təvəllüdlü X10 və 13 yanvar 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 165 (yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev