Məhkəmə qərarları › İş №e-2(001)-1992/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1992/2024

05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1992/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı(üçüncü şəxs qismində X1 cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı(üçüncü şəxs qismində X1 cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı vurulmuş dəymiş ziyanın əvəzi 30.000 (otuz min) manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan **-FH-*** dövlət qeydiyyat nişanlı, “X4” markalı avtonəqliyyat vasitəsinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılmasi, - satışdan əldə olunan vəsait hesabına ona ödənilməli olan 30.000 (otuz min) manat pul vəsaitinin ödənilməsi, onun tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdehə-mülkiyyətçiyə qaytarılması, onun tərəfindən ödənilmiş 182 manat dövlət rüsumunun, vəkilin göstərdiyi hüquqi yardıma görə müvafiq müqaviləyə əsasən vəkil qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manat pulun cavabdehlərdən alınıb ona ödənilməsi haqqında qətnamə qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində 3 cavabdeh cəlb etmişdir. Həmin cavabdehlərdən olan Cavabdeh2 ünvan 1 ünvanında, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatda olmaqla sonuncu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin ünvanı isə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi Şossesi 4-dür. Göründüyü kimi, iddiaçı aidiyyət seçimi hüququndan istifadə edərək göstərdiyi cavabdehlərdən birinin - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin ünvanı üzrə məhz Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq iddiaçı nə iddia ərizəsinin məzmununda nə də məhkəmədən etdiyi xahişində həmin cavabdehə (AR DİN BDYPİ) qarşı hər hansı tələb irəli sürməmiş, əksinə iddiaçıya ziyan vuran şəxslərin məhz digər iki cavabdehin olduğunu vurğulamış və tələblərini həmin şəxslərə qarşı irəli sürmüşdür. Bu da onu deməyə əsas verir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsini formal olaraq cəlb edərək, ərizəsini Binəqədi Rayon Məhkəməsinə vermişdir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Bundan başqa, eyni zamanda elektron qaydada verilmiş iddia ərizəsi vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsini imzalanmaq hüququ verən etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki iddia ərizəsi elektron qaydada verildiyindən iddia ərizəsi iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə imzalanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsi onun tərəfindən və ya buna səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmaqla, hazırda tələb sürdüyü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinin rəsmi yaşayış yeri üzrə Sabirabad Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə, həmçinin iddiaçı cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərməklə yenidən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 181,60 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı(üçüncü şəxs qismində X1 cəlb edilməklə) “dəymiş ziyanın ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsi onun tərəfindən və ya buna səlahiyyəti olan nümayəndə tərəfindən imzalanmaqla, hazırda tələb sürdüyü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birinin rəsmi yaşayış yeri üzrə Sabirabad Rayon Məhkəməsinə və ya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə, həmçinin iddiaçı cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərməklə yenidən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 181,60 (yüz səksən bir manat 60 qəpik) manat (xx.xx.2024-cü il tarixli ********** №-li qəbz) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar