Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1995/2025 24.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Chevrolet Cobalt” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 14723.12 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 134.17 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 03 iyul 2024-cü il tarixdə təxminən saat 04 radələrində Cavabdeh idarə etdiyi, “Hyundai Sonata” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai prosspektində hərəkətdə olarkən İddiaçı MMC-nin mülkiyyətində “Chevrolet Cobalt” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə mülkiyyətlərində olan avtomobilə maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. "xxxx" MMC Servis Mərkəzi tərəfindən 11 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş zərərin qiymətləndirmə aktına əsasən “Chevrolet Cobalt” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün 19723,12 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə dəymiş zərərə görə 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd edilən məbləğ “Chevrolet Cobalt” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün kifayət etmədiyindən əlavə olaraq 14723.12 manat məbləğində pul vəsaitinin ödənilməsi zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edərək bildirmişdir ki, yeni “Chevrolet Cobalt” markalı avtomobilin satış məntəqəsində faktiki qiyməti 23000 manatdır. Lakin avtomobilin ehtiyat hissələri alınaraq hissə-hissə yığıldığı halda 50000-60000 manata əmələ gələ bilər. Ona görə də hesab edir ki, avtomobilin ehtiyat hissələrinin məbləği böyük ola bilər. İş üzrə ekspert rəyi ilə də razı deyil. Belə ki, avtomobil İddiaçı MMC-dən almış və bu şirkətə servis var. Avtomobil həmin servisdə yoxlanılaraq dəymiş ziyan müəyyən edilmişdir. Avtomobil servisdə təmir olunaraq lizinq alanın istifadəsinə verilmişdir. Servisdə aparılan təmir işləri ilə bağlı qaimə-faktura MMC-yə təqdim edilmişdir. Təmir işlərinin məbləği 19723 manat təşkil etmişdir. Həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən avtomobilin təmiri və ya yenisi ilə əvəz edilməsi ilə bağlı heç bir təklif olmamışdır. Cavabdehə xəbərdarlıq göndərilmiş, cavabdehin cavab məktubu artıq iş məhkəmədə olan zaman daxil olmuşdur. Avtomobil yeni avtomobil olmuş və bir ay istifadə müddətində ziyan vurulmuşdur.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etdi və izahatında bildirmişdir ki, hesab edirlər ki, avtomobilə dəymiş ziyanın məbləği sığorta tərəfindən ödənilən 5000 manat məbləğində təşkil edir. Həmin məbləğ də sığorta şirkəti tərəfindən ödənilmişdir. Həmçinin bildirdi ki, avtomobilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə yenisi ilə əvəz edilməsi barədə iddiaçıya təklif verilməmişdir. Satış saytlarında avtomobilin qiyməti daha çox 18000 manat civarında müəyyən edilmişdir. Avtomobil istifadədə olan avtomobil olmuşdur. Ona görə də avtomobilin qiyməti ilə də razı deyillər.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı yazılı etirazla müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilən qiymətləndirmə aktı iddiaçının servis mərkəzi tərəfindən tərtib olunmuşdur. Yəni iddiaçının iddia tələbinin hüquqi əsasını özünün servis mərkəzi tərəfindən tərtib olunan qiymətləndirilmə aktı təşkil edir. Halbuki “İcbari sığortalar” haqqında Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Bu da onu göstərir ki, zərərin qiymətləndirilməsi sığortaçı tərəfindən təşkil edilməlidir və iddia tələbinin hüquqi əsası kimi məhz sığortaçı tərəfindən təşkil olunan qiymətləndirilmə nəticəsi əlavə edilməlidir. Əks halda, iddia tələbi əsaslı və obyektiv əsasa söykənməyərək qanuni hesab olunmur. Eyni zamanda bildirmək istəyir ki, o, sığorta hadisəsi nəticəsində sığorta obyektinə dəyən zərərin qiymətləndirilməsində, o cümlədən istənilən qiymətləndirilmə aktının tərtibində iştirak etməmişdir. Bu səbəbdən zərərin real həcminin qiymətləndirilməsinin hansı üsullarla, bilavasitə kim tərəfindən aparıldığı kimi hallar barədə məlumatı olmamışdır. Həmçinin hazırki mübahisə üzrə həmin avtomobilə dəyən zərərin icbari, yaxud kasko sığorta şirkəti tərəfindən birgə qiymətləndirilib-qiymətləndirilməməsi, sığorta ödənişinin ödənilib-ödənilməməsi kimi bütün mümkün hallar mövcud ola bilər. Nəzərinizə çatdırır ki, iddiaçının özü tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli Lizinq müqaviləsindən görünür ki, “Chevrolet Cobalt” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti 25850 manat müəyyən edilmişdir. Qiymətləndirmə aktına əsasən avtomobilə dəyən zərərin müəyyən edilmiş məbləği isə 19723.12 manat təşkil etməkdədir. Belə olduğu təqdirdə, 25850 manat dəyərində olan avtomobilin bərpa və təmiri texniki cəhətdən mümkünsüz və səmərəsiz olmalıdır. Lakin tələbdən və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin bərpası və təmiri mümkündür. Bu baxımdan hesab edir ki, avtomobilə dəyən zərər şişirdilmiş və bu halın müəyyən edilməsi xüsusi bilik tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Yuxarıda qeyd olunanlara əsasən mülki iş üzrə ətraflı araşdırmanın aparılması və obyektiv nəticəyə gəlinməsi üçün ekspertiza təyin edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sübutlar:
6. Lizinq verən İddiaçı MMC ilə lizinq alan Elçin Mərdan oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AZL-3100 daxili lizinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə lizinq verən lizin alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkibi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq öənişləini ödəməyə öhdəsinə götürməsi haqqında bağlanmışdır.
7. Qeyd olunan lizinq müqaviləsinə 1 nömrəli əlavənin surətindən görünür ki, lizinqə verilən əmlak - ağ rəngli, ban: XWBJA69V9RA077502 olan, 25850 manat dəyərində “Chevrolet Cobalt LTZ” minik markalı avtomobildir.
8. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** PD *** dövlət qeydiyyat nişanlı, ağ rəngli, ban: XWBJA69V9RA077502 olan “Chevrolet Cobalt LTZ” minik markalı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir.
9. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Xətai RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Rauf Əlimərdanov tərəfindən toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin yol-nəqliyyat hadisəsi törətmiş “Hyundai Sonata” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai RPİ-nin DYPŞ-nə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
10. Həmin qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Хətаi rayonu, 8 Noyabr prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Sonata markalı **-UM-*** d.q.n-lı avtomobilin sürücüsü Cavabdeh "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasi Qanunun 50-ci maddəsinin 3-ci hissəsinin tələbini pozması nəticəsində idarə etdiyi Hyundai Sonata markalı **-UM-*** d.q.n-lı avtomobilin ön hissəsi ilə X1 idarə etdiyi Chevrolet Cobalt markalı 99-РО-753 d.q.n-lı avtomobilin arxa hissəsi toqquşmuş, toqquşmadan sonra Hyundai Sonata markalı avtomobil istiqamətini dəyişərək yol kənarında təmir işləri aparan Bakı Körpü Tikinti MMCyə məxsus dəmir konstruksiyadan ibarət hasarı aşırmışdır.
11. "xxxx" MMC tərəfindən verilmiş “Chevrolet Cobalt” ağ rəngli minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazlıqların aradan qaldırılması üçün lazım olan ehtiyat hissələinin və texniki xidmət siyahısının surətindən görünür ki, avtomobilin yekun təmir xərci 19723,12 manat təşkil edir.
12. Çıxarış surətindən görünür ki, “Pasha İnsurance” Sığorta şirkəti tərəfindən “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə görə xx.xx.2024-cü il tarixdə sığorta ödənişi qismində 5000 manat pul hesaba köçürülmüşdür.
13. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan (pretenziya məktubundan) görünür ki, bu məktubda baş vermiş yol nəqliyyat hadisəsi zamanı MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərərin vurulduğu, "xxxx" MMC servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsr aktına əsaəsn avtomobilə 19723,12 manat məbləğində maddi zərər dəydiyi, "xxxx" ASC tərəfindən MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti ödənildiyi, sığorta şirkəti tərəfindən ödəniləcək məbləğin avtomobilin bərpa edilməsinə kifayət etməyəcəyi bildirilmiş və 14723,12 manat məbləğində pulun 7 gün ərzində ödəməsi xahiş olunmuş, əks təqdirdə vurulmuş zərərin məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir.
14. Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubuna cavabının surətindən görünür ki, bu məktubda göstərilmişdir ki, hesab edir ki, avtomobilə dəyən zərərə görə müəyyən edilmiş məbləğ reallığı əks etdirməməklə şişirdilmişdir. Belə ki, o, sığorta hadisəsi nəticəsində sığorta obyektinə dəyən zərərin qiymətləndirilməsində və həmin qiymətləndirilmə aktının tərtibində iştirak etməmiş və bu barədə ona ümumiyyətlə məlumat verilməmişdir. Qeyd olunan hallara əsasən qüsur aktında qeyd olunan zərərin məbləği ilə razılaşmır.
15. 1694397191 nömrəli qəbz əsasında iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 134,17 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saz vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 13815 manat müəyyən edilmişdir. Həmçinin eyni parametrlərdə olan nəqliyyat vasitəsinin bazar dəyəi isə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 31000 manat təşkil edir.
17. Həmçinin həmin hesabatdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranmış qüsurlar iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında göstərilənlər əsas götürülmüşdür.
18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xidmətin dəyəri 350 manat təşkil etmiş və yekun məhkəmə aktı qəbul edilərkən həmin xərcin tərəflərdən tutulması xahiş olunmuşdur.
19. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 11887612 nömrəli, xx.xx.2025-ci il tarixli elektron qaimə -fakturadan görünür ki, “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir xərci 19723 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
20. 03.07.2024-cü il tarixdə Bakı şəhəri, Хətаi rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Aparılmış təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi “Hyundai Sonata” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsiri nəticəsində, yəni onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulması nəticəsində baş vermişdir.
21. Yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan “Chevrolet Cobalt” minik markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
22. Baş vermiş yol nəqliyyat hadisəsinin cavabdehin təqsiri nəticəsində ucbatından olması, həmçinin iş üzrə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində pulun ödənilməsi halları cavabdeh tərəfindən mübahisələndirilmir. Yəni bu hallar işin mübahisəsiz hallarından ibarətdir.
23. İddiaçı, sığorta şirkəti tərəfindən ödənilmiş məbləğ nəzərə alınaraq özünə məxsus servis mərkəzi tərəfindən verilmiş qüsur aktı əsasında avtomobilin təmirinə xərclənmiş 19723,12 manat pulun qalan 14723,12 manat hissəsini cavabdehdən tələb edir.
24. Cavabdeh avtomobilə dəymiş zərərin məbləğini şişirdildiyini, avtomobilə dəymiş zərərin iddiaçının özünə məxsus servis tərəfindən müəyyən edildiyini, dəymiş zərərin 5000 manat olmasını və bu məbləğin sığorta şirkəti tərəfindən ödənildiyini əsas gətirərək iddianı etiraf etmir. Tətbiq edilən maddi hüquq normaları:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
31. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Tətbiq edilən prosessual normalar və qaydalar:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. 217.3 cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
41. İş üzrə müəyyən edilmiş halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətində olan avtomobilə dəymiş zərərin cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, müəyyən olunduğu kimi cavabdehin təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və bu hadisə zamanı iddiaçının mülkiyyətində olan avtomobilə ziyan vurulmuşdur. Başqa sözlə cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçı hüquqi şəxsin əmlakına ziyan vurulmuşdur.
42. Avtomobilə vurulmuş ziyana görə cavabdehdən tələb olunan maddi zərərin məbləğinə münasibətdə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 14723,12 manat məbləğində maddi ziyan dəymiş real zərərin məbləği kimi qiymətləndirilməsi mümkün olmamaqla ədalətli hesab edilə bilməz.
43. Belə ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində mübahisə predmetinə daxil olan avtomobilin zərərin dəydiyi hissələri ilə zərər vurulmayan hissələri müqayisə edildikdə nəticəyə gəlmək olar ki, həmin avtomobilin təqribən 50 faiz hissəsinə zərər yetirilmişdir. Bu halda isə iddiaçının nümayəndəsinin məhkəmə iclasında yeni “Chevrolet Cobalt” markalı avtomobilin satış qiymətinin 23000 manat olması barədə məlumatı ilə (“Turbo.az” internet səhifəsində də avtomobilin rəsmi satış nöqtəsində qiyməti 23000 manatdır) məhkəmə razılaşmaqla qeyd edir ki, avtomobilin 50 faiz hissəsinə zərərin yetirilməsi, avtomobilin qiymətinin isə 23000 manat olması halında dəymiş zərərin 11500 manat məbləğində müəyyən edilməsi ağlabatan olmaqla ədalətli hesab edilməlidir.
44. Məhkəmə, bu nəticəyə gəldiyi zaman həmçinin nəzərə alır ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi müstəqil ekspert tərəfindən həyata keçirilməmiş, dəymiş zərərin hesablanması iddiaçının özü tərəfindən keçirilmiş, məhkəmə qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş rəy isə iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən zərərin dəydiyi avtomobilin hissələri nəzərə alınmaqla dəymiş zərərin hesabatı aparılmışdır.
45. Göstərilənlərə əsasən, eyni zamanda mübahisə predmetinə daxil olan avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 5000 manat məbləğində pulun iddiaçıya ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsinə iddiaçının əmlakına dəymiş real zərərə görə cavabdehdən 6500 (11500 - 5000) manat məbləğində pul tutulmalıdır. Nəticə:
46. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6500 manat məbləğində maddi ziyan tutularaq iddiaçıya ödənilməlidir.
47. Həmçinin iddia tələbi qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 134,17 manat dövlət rüsumuna görə cavabdehdən 75.17 manat məbləğində pul tutulmalı, qalan 59 manat hissəsi iddiaçının özünə aid edilməli, İş üzrə “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatın verilməsinə görə xidmət haqqını təşkil edən 350 manatın 154 manat hissəsi iddiaçıdan, 196 manat hissəsi isə cavabehdən tutulmalıdır.
48. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 6500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 75.17 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 59 manat hissəsi İddiaçı MMC-nin özünə aid edilsin. İş üzrə “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatın verilməsinə görə 350 manat xidmət haqqının 154 manat hissəsi İddiaçı MMC-dən, 196 manat hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-yə (VÖEN **********, hesab nömrəsi AZ12PAHA40060AZ NHC**********, SWİFT: PAHAAZ22, bank kodu 505141)ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev