Məhkəmə qərarları › İş №e-2(001)-2001/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2001/2022

23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2001/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1.068,40 manat məbləğində zərərin, 523,35 manat məbləğində debitor borcun, vəkilə çəkilmiş 400 manat məbləğində xərcin və ödənilmiş 40,29 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 2.032,04 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 19 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı tərəfindən qeyd edilən bütün müddət ərzində deyil, lakin qısa bir müddət ərzində sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Bundan sonra iş məhkəmədə baxılmağa təyin edilmiş, lakin məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan Cavabdeh istifadə və sahibliyindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********02961 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin fərdi yaşayış evində təbbi qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsindən (PQ-4), QSSQ-dən və dəmir sobadan istifadə edilir. İddiaçı tərəfindən keçirilmiş baxış zamanı həmin evdə olan qaz xəttinə özbaşına qoşulma və təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar istifadə edilmə halına yol verildiyi aşkar edilmiş, bununla bağlı fotoçəkiliş aparılmış və iddiaçının əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 8856 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt və 2362 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2020-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,10 manatdan hesablanmaqla) 1.121,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Bu məbləğin 53,40 manat hissəsi aparılmış ödənişlər hesabına silinmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qaz sayğacına qanunsuz qoşulma nəticəsində ona ümumilikdə 1.121,80 manat məbləğində zərər vurulduğunu, həmin məbləğinin aparılmış ödənişlər hesabına cəmi 53,40 manat hissəsinin silindiyini, qalan 1.068,40 manat hissəsinin bugünədək ödənilmədiyini, habelə cavabdeh tərəfindən faktiki istifadə edilmiş maye qazın dəyərinin də tam ödəmədiyini və nəticədə onun sayğac üzrə 523,35 manat məbləğində debitor borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə vəkilə ödənilmiş 400 manat pulun və ödənilmiş 40,29 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. 19 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş və iddiaçı tərəfindən qeyd edilən bütün müddət ərzində deyil, lakin qısa bir müddət ərzində sayğacdan kənar təbii qazdan istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. Bununla bağlı itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə xx.xx.2020-ci il tarixdə 8.856 m3 və xx.xx.2020-ci il tarixdə 2.362 m3 həcmində ziyanın vurulması müəyyən edilməklə bu həcmlərdə qazın dəyərini təşkil edən (1 m3 0,10 manatdan hesablanmaqla) müvafiq olaraq 885,60 manat məbləğində və 236,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri, o cümlədən vətəndaşın saldosunu mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilərək, maye qazdan qanunsuz, yəni sayğac hesablamasından kənar istifadə halına yol verilmişdir. Bu hal aparılmış hesabat dövründə maye qazdan istifadəyə görə ödənilmiş pulun məbləği ilə də təsdiq edilir. Hər bir halda, aktların tərtib edildiyi 2020-ci ilin fevral və mart ayında maye qazdan istifadəyə görə hər hansı məbləğdə ödəniş aparılmamışdır. Cavabdehin bu ünvan üzrə daimi, o cümlədən həmin dövrdə yaşamamasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bu da öz növbəsində qaz xəttinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını şərtləndirir. Lakin məhkəmə dəmir soba üzrə aparılmış hesablama ilə razılaşsa da, digər iki cihaz üzrə aparılmış hesablama və nəticədə iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır. Belə ki, tərtib edilmiş 28 fevral 2020-ci il və 24 mart 2020-ci il tarixli aktlara əsasən iddiaçı cavabdeh tərəfindən PQ-4-ün, habelə QSSQ-nin 24 saat işlətməsi qənaətinə gəlmiş və bu cihazların 24 saatlıq sərfiyyəti əsas götürülməklə ümumilikdə (90 gün + 24 gün = 114 gün) 114 gün üzrə hesablama aparılmışdır. Halbuki, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən ilin soyuq ayları olmasına baxmayaraq (xx.xx.2019xx.xx.2020-ci il) qaz plitəsindən (PQ-4) və su qızdırıcısından (QSSQ) bütün gün ərzində, fasiləsiz istifadə edilməsi mümkün deyil, ümumiyyətlə məişətdə buna hər hansı zərurət yoxdur. Bu səbəbdən məhkəmə qaz plitəsinin (PQ-4) və su qızdırıcısının (QSSQ) istifadəsi ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsini həddindən artıq yüksək hesab edir və qaz plitəsi (PQ-4) üzrə orta günlük iş rejiminin 8 saat, su qızdırıcısı (QSSQ) üzrə isə orta günlük iş rejiminin 18 saat hesablanmasını məqbul hesab edir. Bununla belə, məhkəmənin qənaətinə uyğun olaraq aparılmış hesablama nəticəsində cavabdehin qanunsuz olaraq təbii qazdan Qaz plitəsinin (PQ-4) işlədilməsi üçün istifadə etməsi ilə bağlı (1,2 x 8 x 114 = 1094,40 m3 x 0,10 = 109,44) 109,44 manat, su qızdırıcısının (QSSQ) işlədilməsi üçün istifadə etməsi ilə bağlı isə (1,5 x 18 x 114 = 3078 m3 x 0,10 = 307,80) 307,80 manat zərər məbləği müəyyən edilməlidir. Bununla belə, qanunsuz olaraq təbii qazdan dəmir sobanın işlədilməsi üçün istifadə edilməsi nəticəsində vurulmuş maddi zərərin ümumi məbləği (302,40 manat + 80,60 manat = 383 manat) də nəzərə alındığı təqdirdə təbii qazdan qanunsuz istifadə nəticəsində cavabdeh tərəfindən iddiaçıya ümumilikdə vurulmuş zərərin məbləği (383 + 109,44 + 307,80 = 800,24) 800,24 manat təşkil etmiş olur. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən aktların əhatə etdiyi dövr üçün 800,24 manat cavabdeh tərəfindən maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş zərər məbləği qismində müəyyən edilməli, həmin məbləğin 53,40 manat hissəsinin də artıq iddiaçı tərəfindən silindiyi nəzərə alınmaqla (800,24- 53,40=746,84) qalıq qalmış 746,84 manat maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş zərərin məbləği qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, iddia tələbinin “debitor borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, hesab edir ki, iddia tələbi debitor borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 523,35 manat məbləğində debitor borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 400 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, lakin xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçını İddiaçı İB-nin Bakı Regional Qaz Satışı Departamentinin Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi, başqa sözlə öz əməkdaşı X3 təmsil etmişdir. Nəticə etibarı ilə vəkil tərəfindən göstərilən hüquqi yardım yalnız iddia ərizəsinin tərtib edilməsindən və nümayəndə qismində imzalanmasından ibarət olmuşdur. Məhkəmə bu xidməti 50 manat məbləğində qiymətləndirir və hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (800,24 + 523,35 + 50 = 1.373,59) 1.373,59 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 33,75 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (40,29 – 33,75 = 6,54), yəni 6,54 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 800,24 manat məbləğində pul, maye qazdan istifadəyə görə yaranmış 523,35 manat məbləğində borc, vəkilə çəkilən xərcin əvəzi olaraq 50 manat məbləğində pul, cəmi 1.373,59 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 33,75 manat hissəsinin əvəzi tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 800,24 (səkkiz yüz manat, iyirmi dörd qəpik) manat məbləğində pul, maye qazdan istifadəyə görə yaranmış 523,35 (beş yüz iyirmi üç manat, otuz beş qəpik) manat məbləğində borc, vəkilə çəkilən xərcin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul, cəmi 1.373,59 (bir min üç yüz yetmiş üç manat, əlli doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 33,75 (otuz üç manat, yetmiş beş qəpik) manat hissəsinin əvəzi tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar