Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2003/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.635,19 manat məbləğində əsas, 2.443,75 manat məbləğində faiz, cəmi 17.078,94 manat məbləğində borcun və 141,64 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, İddiaçı ASC-dən həqiqətən də 15.000 manat məbləğində kredit götürmüş, sonradan maddi imkanının pisləşməsi səbəbindən həmin məbləği iddiaçıya ödəyə bilməmiş, nəticədə borcu yaranmışdır. İddia üzrə tələb edilən əsas borc məbləği ilə razıdır və həmin məbləği hər ay 300 manat olmaqla ödəyə bilər. Lakin ondan tələb edilən faiz borcu ilə razı deyil. Göstərilənlərin nəzərə alınmasını və əsas borcun ondan hər ay 300 manat olmaqla hissəhissə tutulması, iddia tələbinin faiz borcunun tutulması hissəsində isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdehin iddiaya münasibətini öyrənib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18.5 % dərəcəsi ilə faiz hesablamaq şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləği barədə ona məlumat verilmiş və borcun 5 gün müddətində qaytarılması ondan tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 141,64 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 14.635,19 manat məbləğində əsas, 2.443,75 manat məbləğində faiz, cəmi 17.078,94 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə iddia ərizəsi üçün ödənilmiş 141,64 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Həmin müqavilə üzrə ümumilikdə 750 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 364,81 manat hissəsi mövcud olan əsas, 385,09 manat hissəsi faiz, 0,10 manat hissəsi isə mövcud olan cərimə borcundan silinmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Cavabdeh iddianı qismən qəbul edir, əsas borcun ondan hər ay 300 manat olmaqla hissə-hissə tutulmasını, faiz borcunun isə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehdən 14.635,19 manat məbləğində əsas kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, həmin kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə 2.443,75 manat məbləğində faiz borcu yarana bilməzdi. Bu səbəbdən iddiaçı cavabdehdən bu məbləğdə faiz borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, ödəniş cədvəlinə əsasən cavabdeh hər ay 546,06 manat (sonuncu ay 545,82 manat) məbləğində ödəniş etməli, hər ödənişdən sonra da onun əsas borcu azalmalı, məhz qalan əsas borc məbləğinə uyğun olaraq hesablandığından faiz borcu da azalmalıdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, yəni ödəniş cədvəlində göstərilən müddətlərdə və məbləğlərdə ödənişlər aparmadığından onun daha yüksək məbləğdə əsas borcu qalmış və bu halda, daha yüksək məbləğdə faiz borcunun yaranmasına səbəb olmuşdur. Buna baxmayaraq, ilk ödəniş vaxtında, yəni 05 iyul 2021-ci il tarixdə aparılmış (cədvələ görə xx.xx.2021-ci il tarixi şənbə gününə təsadüf etmiş, növbəti iş günü isə məhz 5 iyul tarixi idi) və həmin vaxt ödənilmiş 450 manat pulun 218,75 manat hissəsi mövcud olan əsas borcdan silinmiş və əsas borc məbləği xx.xx.2021-ci il tarixə (15.000 – 218,75 = 14.781,25) 14.781,25 manat təşkil etmişdir. Əsas borcdan növbəti silinmələr isə ödənişlərə uyğun olaraq bir neçə aydan bir aparılmışdır. Bununla belə, ən pis (yəni əsas borcdan aparılmış digər silinmələr nəzərə alınmadığı halda), yəni faiz borcu 14.781,25 manat əsas borc məbləğindən hesablandığı təqdirdə, xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri, başqa sözlə 7 ay 3 gün üçün həmin müqavilə üzrə (14.781,25 x 18,5 / 100 = 2.734,53 manat – 1 il üçün faiz borcu, 2.734,53 / 12 ay x 7 ay = 1.595,14 – 7 ay üçün faiz borcu, 2.734,53 / 12 ay / 30 gün x 3 gün = 22,79 – 3 gün üçün faiz borcu, 1.595,14 + 22,79 = 1.617,93 manat) 1.617,93 manat məbləğində faiz borcu yaranmış olur. Məhkəmə, həmin müqavilə üzrə ümumilikdə aparılmış ödənişin 385,09 manat hissəsinin faiz borcundan silinməsini də nəzərə alıb, hesab edir ki, bu məbləğin də müqəddaratı həll edilməli (hər bir halda bu məbləğ faiz borcu olaraq silinmişdir və iddiaçı bu silinməni hesaba almışdır) və bu məbləğ 7 ay 3 gün üçün hesablanmış 1.617,93 manat məbləğində faiz borcundan silinməli (1.617,93 – 385,09 = 1.232,84), qalan 1.232,84 manat məbləği həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə mövcud olan faiz borcu qismində müəyyən edilməklə, Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xüsusi ilə onu da vurğulayır ki, kredit götürüldüyü, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı məbləğdə ödəniş edilmədiyi təqdirdə belə xx.xx.2022-ci il tarixə, yəni 8 ay 5 gün üçün heç 2.000 manat məbləğində faiz borcu yaranmış olmur. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehdən ümumilikdə (14.635,19 + 1.232,84 = 15.868,03) 15.868,03 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 138 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (141,64-138=3,64), yəni 3,64 manat hissəsi İddiaçı ASC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 14.635,19 manat məbləğində əsas, 1.232,84 manat məbləğində faiz, cəmi 15.868,03 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 138 manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 14.635,19 (on dörd min altı yüz otuz beş manat, on doqquz qəpik) manat məbləğində əsas, 1.232,84 (bir min iki yüz otuz iki manat, səksən dörd qəpik) manat məbləğində faiz, cəmi 15.868,03 (on beş min səkkiz yüz altmış səkkiz manat, üç qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 138 (bir yüz otuz səkkiz) manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-2003/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2003/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver