Məhkəmə qərarları › İş №e-2(001)-2007/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2007/2022

23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2007/2022 23.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 1.876 manat məbləğində zərərin, 385,72 manat məbləğində debitor borcun, vəkilə çəkilmiş 400 manat məbləğində xərcin və ödənilmiş 45,62 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 2.707,34 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 küçəsində yerləşən fərdi yaşayış evi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh istifadə və sahibliyindədir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiacı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin fərdi yaşayış evində təbbi qazla işləyən cihaz qismində 4 gözlü qaz plitəsindən (PQ-4), samovardan və qızdırıcı radiatordan istifadə edilir. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən qaz sayğacı yenisi ilə əvəz edilmiş və aktda sayğacın elektron lövhəsinin deşildiyi barədə qeyd aparılmışdır. Bundan sonra həmin sayğac müayinə olunması üçün "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması laborotoriyasına təqdim edilmiş və müayinənin nəticələrinə dair tərtib edilmiş 21 may 2018-ci il tarixli, MSK-29/1710-00333-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, kamera vasitəsi ilə sayğacın daxilinə keçirilmiş baxışla plastmas boruda deşiyin aşkar olunduğu, sayğacın klapanının sınıq olduğu, hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən və çıxış plastmas borunun deşik olduğu qeyd edilmişdir. Bununla bağlı iddiaçının əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 9.720 m3 həcmində ziyanın vurulması əsası ilə xx.xx.2018-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,20 manatdan hesablanmaqla) 1.944 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Bu məbləğin 68 manat hissəsi aparılmış ödənişlər hesabına silinmişdir. xx.xx.2021-ci il tarixdə mövcud olan qaz sayğacı Zenner G4T markalı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qaz sayğacına qanunsuz qoşulma nəticəsində ona ümumilikdə 1.944 manat məbləğində zərər vurulduğunu, həmin məbləğinin aparılmış ödənişlər hesabına cəmi 68 manat hissəsinin silindiyini, qalan 1.876 manat hissəsinin bugünədək ödənilmədiyini, habelə cavabdeh tərəfindən faktiki istifadə edilmiş maye qazın dəyərinin də tam ödəmədiyini və nəticədə onun sayğac üzrə 2021-ci ilin aprel ayınadək 232,90 manat, 2021-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayına kimi isə 152,82 manat məbləğində debitor borcunun yarandığını iddia edir və bu məbləğlərin, habelə vəkilə ödənilmiş 400 manat pulun və ödənilmiş 45,62 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdehin abonent saldosuna əsasən 2021-ci ilin dekabr ayının sonuna maye qaza görə onun 2.261,72 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 1.876 manat hissəsi zərər məbləği kimi, qalan (2.261,72 – 1.876 = 385,72) 385,72 manat hissəsi isə debitor borc kimi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iddia tələbinin “vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının xx.xx.2018-ci il tarixdə yenisi ilə əvəz edilməsindən sonra əvəz edilmiş sayğac üzərində aparılmış müayinə nəticəsində sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın plastmas borusunda deşiyin olduğu, sayğacın klapanının sınıq olduğu, hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən və çıxış plastmas borunun deşik olduğu müəyyən edilmişdir. Bununla bağlı itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 9.720 m3 həcmində ziyanın vurulması müəyyən edilməklə bu həcmdə qazın dəyərini təşkil edən (1 m3 0,20 manatdan hesablanmaqla) 1.944 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş sənədləri, o cümlədən vətəndaşın saldosunu, labaratoriyanın müayinə aktını mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilərək, maye qazdan qanunsuz, yəni sayğac hesablamasından kənar istifadə halına yol verilmişdir. Bu hal aparılmış hesabat dövründə maye qazdan istifadəyə görə ödənilmiş pulun məbləği ilə də təsdiq edilir. Hər bir halda, cavabdehin 2017-ci ilin noyabr ayında cəmi 3 manat (2018-ci ilin eyni dövründə 15 manat), 2018-ci ilin mart ayında isə cəmi 2 manat (2019-cu ilin eyni dövründə 24 manat) dəyərində maye qaz istifadə etməsinin qeyri-mümkün olması qənaətinə gəlmək üçün xüsusi bilik tələb olunmur. Cavabdehin bu ünvan üzrə daimi yaşamamasını təsdiq edən hər hansı sübut da mövcud deyil. Bu halın mövcudluğu da qaz xəttinə qanunsuz qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını şərtləndirir. Lakin məhkəmə iddia üzrə tələb edilən zərər məbləği ilə razılaşmır. Belə ki, təqdim edilmiş akta əsasən iddiaçı tərəfindən 180 gün üçün hesablama eyni məbləğ üzrə aparılmışdır. Halbuki, hesablama dövründə istifadə edilmiş həcmə (limitə) uyğun olaraq 1 m3 həcmdə maye qazın dəyəri 0,10 manatdan 0,20 manatadək dəyişirdi. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın əhatə etdiyi dövr üçün maye qazın 1 m3 – 0,10 manat olmaqla hesablama aparılmalı (9.720 x 0,10 = 972) və nəticədə hesablanmış 972 manat cavabdeh tərəfindən maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində iddiaçıya vurulmuş zərər məbləği qismində müəyyən edilməli, həmin məbləğin də 68 manat hissəsinin artıq silindiyi nəzərə alınmaqla (972-68=904) qalıq qalmış 904 manat maye qazdan qanunsuz istifadə edilməsi nəticəsində vurulmuş zərərin məbləği qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, iddia tələbinin “debitor borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, hesab edir ki, iddia tələbi debitor borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 385,72 manat məbləğində debitor borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 400 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, lakin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında iddiaçını İddiaçı İB-nin Bakı Regional Qaz Satışı Departamentinin Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi, başqa sözlə öz əməkdaşı X3 təmsil etmişdir. Nəticə etibarı ilə vəkil tərəfindən göstərilən hüquqi yardım yalnız iddia ərizəsinin tərtib edilməsindən və nümayəndə qismində imzalanmasından ibarət olmuşdur. Məhkəmə bu xidməti 50 manat məbləğində qiymətləndirir və hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 50 manat məbləğində pul tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (904 + 385,72 + 50 = 1.339,72) 1.339,72 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 33,40 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (45,62 – 33,40 = 12,22), yəni 12,22 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 904 manat məbləğində pul, maye qazdan istifadə görə yaranmış 385,72 manat məbləğində borc, vəkilə çəkilən xərcin əvəzi olaraq 50 manat məbləğində pul, cəmi 1.339,72 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 33,40 manat məbləğində hissəsinin əvəzi tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 904 (doqquz yüz dörd) manat məbləğində pul, maye qazdan istifadə görə yaranmış 385,72 (üç yüz səksən beş manat, yetmiş iki qəpik) manat məbləğində borc, vəkilə çəkilən xərcin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul, cəmi 1.339,72 (bir min üç yüz otuz doqquz manat, yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 33,40 (otuz üç manat, qırx qəpik) manat məbləğində hissəsinin əvəzi tutularaq İddiaçınə (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar