Məhkəmə qərarları › İş №e-2(001)-2038/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2038/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2038/2022 16.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Muğanbank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Muğanbank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Muğanbank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Muğanbank ASC ilə Cavabdeh1 arasında 350/F saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6 % hesablamaq, 36 ay müddətinə qaytarmaq, 18 ay güzəşt müddəti olmaqla 15000 manat məbləğində kredit verilmişdir. 350/F saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Muğanbank ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 350/F saylı kredit müqaviləsinin müddəalarını pozularaq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 12943,97 manat, faiz borcuna görə 2598,95 manat, dəbbə puluna görə 2427,43 manat olmaqla cəmi 17970,16 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 144 manatın iddiaçı Muğanbank ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Muğanbank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2018ci il tarixli 350/F saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, 18 ay güzəşt müddəti olmaqla illik 6% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.5-ci maddəsindən müəyyən olunur ki, gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,25% miqdarında vaxtı keçmiş faiz ödəyir. Kredit müqaviləsinin 4.6-cı maddəsindən müəyyən olunur ki, borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borc alan borc verənə verilmiş kredit məbləğinin 12 % miqdarında cərimə faizi ödəyir. Muğanbank ASC-nin xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 15000 manat, faiz borcuna görə 2063 manat olmaqla cəmi 17063 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən Muğanbank ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 borcverən qarşısında xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Muğanbank ASC-nin xx.xx.2022-ci il tarixli M/03-695 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsi üzrə əsas borca görə 12943,78 manat, faiz borcuna görə 2598,95 manat, cəriməyə görə 2427,43 manat olmaqla cəmi 17970,16 manat borcu vardır. Muğanbank ASC-nin xx.xx.2022-ci il tarixli M/22-4084 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə əsas borca görə 12943,78 manat, faiz borcuna görə 1472,92 manat, cəriməyə görə 2427,43 manat olmaqla cəmi 16844,13 manat borcu vardır. Muğanbank ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli M/11-743 saylı bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Muğanbank Cavabdeh2 ünvanladığı xx.xx.2022-ci il tarixli M/11-744 saylı bildirişdən müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 12943,78 manat, müqavilənin qüvvədə olduğu tarixə faiz borcuna görə 1472,92 manat borcları yaranmışdır. Ona görə də məhkəmə iddiaçının birgə borclular olan cavabdehlərdən əsas borca görə 12943,78 manat, müqavilənin qüvvədə olduğu tarixə faiz borcuna görə 1472,92 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 100 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli 350/F saylı kredit müqaviləsi üzrə əsas borca görə 12943,78 manat, faiz borcuna görə 1472,92 manat, cəriməyə görə 100 manat, dövlət rüsumuna görə 144 manat olmaqla cəmi 14660,7 manat Muğanbank KB ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar