Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2047/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “X1” Bakı Filialının etibarnamə əsasında nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı “X1” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “X1” Bakı Filialının xeyrinə 10 fevral 2023cü il tarixinə olan 5000 manat əsas borc, 1247,82 manat faiz borcu olmaqla, cəmi 6247,82 manat kredit borcunun və 82,48 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış 22 Noyabr 2021- ci il tarixli 1093 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 5000 (beş min ) manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh2 arasında 178 №li zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 183,28 manat (bir yüz səksən üç manat iyirmi səkkiz qəpik.) ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 10 fevral 2023-cü il tarixə «Bank» a kredit borcu üzrə - 2565,92 manat ödəniş yerinə yetirməli idi. Lakin 10 fevral 2023-cü il tarixə kimi “Borcalan” tərəfindən “Banka”a 0,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “Borcalan” “Bank”a illik 29% ödəməlidir. 10 fevral 2023-cü il tarixə cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 6247,82 manat təşkil edir. Bundan 5000 manat vaxtı kecmiş kredit borcu və 1247,82 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 ilə bağlanmış 22 noyabr 2021-ci il tarixli 1093 №-li kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 178 №li zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsini 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini ona aid hissədə qəbul etmədiyini, əsas borclunun Cavabdeh1 olduğunu və onun ancaq zamin olduğunu və maddi imkanının olmadığını bildirərək, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 noyabr 2021-ci il tarixli, 1093 saylı Kredit müqaviləsindən görünür ki, «X1» Bakı Filialı ilə Cavabdeh1 arasında illik 19% olmaqla 36 ay müddətə Cavabdeh1 5000 (beş min) manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 183,28 manat olmaqla, 22 noyabr 2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 5000 manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən bankın kassasından qəbul edilmişdir. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 noyabr 2021-ci il tarixli, 1093 saylı Kredit müqaviləsi üzrə 5000 manat əsas borc və 1247,82 manat faiz borcu olmaqla, cəmi 6247,82 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 22 noyabr 2021-ci tarixli 178 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 «X1» Bakı Filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2021-ci il tarixli, 1093 saylı Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi zamin durmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, Zamin Bank qarşısında borcalanın 22 noyabr 2021-ci il tarixli 1093 saylı Kredit müqaviləsi üzrə banka olan kredit və faizləri məbləğində həmçinin bu kreditlə əlaqədar yaranan və yaraana biləcək hər cür zərər komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirişin surətlərindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlər 22 noyabr 2021-ci il tarixli, 1093 saylı Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 22 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ilə, Cavabdeh2 22 noyabr 2021-ci il tarixli Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və «X1» -a ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas borc və 1247,82 manat faiz borcu olmaqla, cəmi 6247,82 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehlərdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumunun 82,48 manatı da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 noyabr 2021-ci il tarixli Kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində əsas borc, 1247,82 (min iki yüz qırx yeddi manat 82 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 6247,82 (altı min iki yüz qırx yeddi manat 82 qəpik) manat məbləğində borc və 82,48 (səksən iki manat 48 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «X1» Bakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-2047/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2047/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver