Məhkəmə qərarları › İş №e-2(001)-2058/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2058/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2058/2022 08.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 08 aprel 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: “X1 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan əsas borc 329,52 manat, faiz borcu 38,27 manat, cərimə borcu 79,09 manat, xərclər və komissiya üzrə 12 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 4,8 manat olmaqla ümumilikdə 463,68 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 700 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 20 iyun 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC-dən 700 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 18 fevral 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh əsas borc 769,24 manat, faiz borcu 95,12 manat, cərimə borcu 74,17 manat, komissiya və əlavə xərclər kimi 8 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,4 manat olmaqla, ümumilikdə 949,93 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hesab edirəm ki, maliyyə arayışında göstərilən əsas və faiz borcunun məbləği iddia tələbində göstərilən məbləğdən çox olduğundan, iddianın əsas və faiz borcuna münasibətdə iddia tələbində göstərilən məbləğlərə uyğun təmin edilməsinə tələbdən kənara çıxma halı mövcud deyildir. Buna görə də, hesab edirəm ki, iddia əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun, xərclər və komissiyalar üzrə borca və poçt xərcinə münasibətdə isə maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin 329,52 manat məbləğində əsas borca tənasübsüz olaraq 79,09 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, hesablanmış 79,09 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 23 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 329,52 manat əsas, 38,27 manat faiz, 23 manat cərimə, 8 manat xərclər və komissiya üzrə, habelə 3,4 manat poçt xərci olmaqla ümumilikdə 402,19 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 28 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh əsas borc 329,52 manat, faiz borcu 38,27 manat, cərimə borcu 23 manat, komissiya və əlavə xərclər üçün 8 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci olan 3,4 manat olmaqla, ümumilikdə 402,19 manat məbləğində pul vəsaiti tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 28 manat məbləğində pul Cavabdeh tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar