Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2080/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Azərbaycan” QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35,21 manat məbləğində maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X3 Azərbaycan” arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış, cavabdeh qeyd edilən müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(001)- 1653/2021 saylı qətnamə qəbul edilmişdir. İddiaçı “X3 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC isə cavabdeh barəsində aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri qaytarılmasını təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ödənilən 234.77 manat "xxxx" MMC vasitəsilə təmin edilmiş və buna görə də “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə tərəflər arasında olan müqavilə üzrə yerinə yetirilmiş xidmətin 15%-i həcmində, yəni 35,21 manat məbləğində xidmət haqqı ödənilmişdir. “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/ hüquqi xidmətlə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının (nümayəndəsi) məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - “X3 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. - “X3 Azərbaycan” QSC verilmiş maliyyə arayışına əsasən, “X3 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında olan xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə ödənilən 234,77 manat "xxxx" MMC vasitəsilə təmin edilmiş və bu ödənişlərə görə “X3 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 35,21 manat xidmət haqqı ödənilmişdir. - xx.xx.2022-ci il “X3 Azərbaycan” QSC tərəfindən ünvanlanmış ərizədən görünür ki, Cavabdeh məhkəmə qətnaməsi üzrə borcunu tam bağlamışdır. - xx.xx.2022-ci il tarixli 09 və 10 saylı aktlarda müxtəlif vaxtlarda “World Card” və “istehlak” kreditləri üzrə "xxxx" MMC tərəfindən “X3 Azərbaycan” QSC-yə geri ödətdirilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. - xx.xx.2022-ci il tarixli təhvil aktlarına əsasən müxtəlif vaxtlarda “World Card” və “istehlak” kreditləri üzrə ayrı-ayrı borclu müştərilər tərəfindən "xxxx" MMC vasitəsilə “X3 Azərbaycan” QSC-yə geri ödənilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunun: - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. - 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. - 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırki iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş və maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Tələbkarın "xxxx" MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə "xxxx" MMC-yə 15%-i həcmində, yəni 35,21 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Bundan başqa Məhkəmə qeyd edir ki, icra sənədinin icrasının icra məmuru tərəfindən həyata keçirilməməsi və ya hər hansı səbəbdən mümkün olması halında tələbkar zərurətdən irəli gələrək qətnamənin icrasının təmin etdirilməsini müqavilə əsasında hüquqi şəxsə həvalə etməsi və həmin borclunun məhz həmin hüquqi şəxsin vasitəsilə borc öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi daşıyır. İş materiallarına akt, təhvil aktı və hesab fakturalar əlavə edilsə də, borclu tərəfindən həmin sənədlərdə göstərilən məbləğlərin məhz "xxxx" MMC-yə və məhz həmin məbləğdə ödənilməsini təsdiq edən sübut növü təqdim edilmədiyindən bu hal da öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-2080/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2080/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver