Məhkəmə qərarları › İş №e-2(001)-2102/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2102/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2102/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla (mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi gün) cavabdehlə birgə nikahdan olmuş xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, heç bir yerdə işləmədiyini, hər hansı gəlirə malik olmadığını, maddi imkansızlıq səbəbindən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğini çətinliklə ödədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2010-cu il tarixdə X4 doğulmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-2225/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olmuş uşağ iddiaçının yanında saxlanılmış, habelə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 75 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, qeyd edilən məhkəmə qətnaməsi ilə tutulan aliment məbləğinin aşağı olduğunu, həmin məbləğin uşağın saxlanılması üçün yetərli olmadığını, bu məsələ ilə bağlı cavabdehə müraciət etdiyini, lakin bir nəticə əldə edə bilmədiyini iddia edir və hazırda tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsini və dəyişdirilmiş miqdarın xx.xx.2021-ci il tarixdən, yəni mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi gündən hesablanmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Heç bir yerdə işləmədiyini, hər hansı gəlirə malik olmadığını, mövcud aliment məbləğini çətinliklə ödədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu haqqında tələbləri, cavabdehin hər ay 200 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərinə yaxın maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğdə aliment uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “aliment məbləğinin xx.xx.2021-ci il tarixdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, artırılmış aliment məbləği Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının bu iddia ilə məhkəməyə müraciət etdiyi və ya həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü tarixdən deyil, hazırkı iş üzrə qətnamə elan olunduğu, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Lakin nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilirdi. Həmin maddəyə xx.xx.2016-cı il tarixdə (xx.xx.2017-ci il tarixdə dərc edilmişdir) edilmiş dəyişikliyə əsasən alimentin alınması, o cümlədən artırılması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamənin elan edildiyi, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) (193-75=118 x 12 =1416) 1.416 manat təşkil etdiyindən və həmin məbləğ üçün dövlət rüsumu qismində ödənilməli olan 34,16 manat məbləği ödənilmiş mediasiya xərci ilə əhatə olunduğundan cavabdehdən dövlət gəlirlərinə hər hansı məbləğdə dövlət rüsumu tutulmalı deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci, 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-2225/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamənin elan edildiyi, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar