Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2140/2024 16.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat qızıllarının pulunu, 1500 manat cehiz əmlakı üçün yığdığı pulun, 2750 manat süni mayalanma ilə bağlı aldığı pulun, rütbəsini yüksəltmək üçün aldığı 5000 manat pulun və əlavə 1000 manat pulun cavabdeh Məmmədov Vüqar Osman oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı il tarixindən faktiki yaşamış, 2020-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. Bildirmək istəyir ki, atası Həsənov Eldar 1992-ci il tarixində erməni işğalçılarının zəbt etdiyi torpaqlarımızın geri alınması uğrunda gedən müharibədə şəhid olmuşdur. Həyat yoldaşı ilə əvvəllər yaxşı yaşamalarına baxmayaraq sonradan, onu saymamış, döymüş və işgəncə vermişdir. Onu dəfələrlə təhqir etmiş, “fahişə” adlandırmış, el içində biyabır edəcəyini, çılpaq şəkillərini yayacağını bildirmişdir. Beləliklə ailə qurarkən sonradan məlum olmuşdur ki, cavabdeh ailə qurmaq deyil, ondan istifadə etmək məqsədilə nikaha daxil olmuşdur. Ona “Kapital Banka” 1500 manat cehiz üçün pul qoyduğunu bildirmiş, cavabdeh isə zorla həmin pulu “Kapital Bankdan” götürməyə məcbur etmiş və pulu ondan almışdır. Sonradan məlum olmuşdur ki, həmin pulu 2012-ci il tarixində ipoteka ilə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, N.Məhərrəmov küçəsi, 21 saylı evin 64 saylı mənzili üçün ödəyir. Onu da qeyd edir ki, ona məxsus, ailə qurmamışdan əvvəl aldığı qızılları- brilliant sırğanı, 2 ədəd brilliant üzüyü zorla ondan almışdır. Ailə qurduğu müddətdə övladları olmadığı üçün o, müalicə məqsədilə onu yenidən döyərək, məcbur edərək kartındakı 2750 manat pulu çıxartdırıb məcburi ondan almışdır. Əlavə 1000 manat pulu isə almışdır ki, borclarına versin. Bildirmək istəyir ki, cavabdeh polis işçisi olmuş, polis sıralarından törətdiyi qeyriqanuni hərəkətlərə görə xaric olunmuşdur. Polis sıralarından xaric olduqdan sonra qeydiyyatda olduğu və yaşadığı evdə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 2, ev 22, mənzil 48-də məndən 5000 manat pul almışdır. Bundan sonra yenə pul istəmiş, buna isə etiraz etmişdir. Cavabdeh ina bildirmişdir ki, belə olan tərzdə məhkəməyə verib, boşanacaq. Ondan dəfələrlə yuxarı hüquq mühafizə orqanlarına şikayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində qeyd edilmişdir ki, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə münasibətinin sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin”. Yuxarıda qeyd etdiyi kimi hesab edir ki, cavabdeh onunla evlənmək deyil, istifadə etmək məqsədilə görüşmüşdür, çünki əvvəlcə nikahı rəsmiləşdirməmiş, ondan aldığı pulları geri istədikdə, məcbur surətdə nikahı rəsmiləşdirmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh Şəmkir rayonunda tutduğu vəzifədən qovulandan sonra Bərdə rayonnda mayor rütbəsi bir pillə aşağı salınaraq, kapitan təyin edilmişdir. Lakin dəfələrlə ondan edilən şikayətlərə görə işindən çıxarıldı. İddiaçıya 1500 manat vəsaiti cavabdehin 2012-ci ildə aldığı evin ipoteka ödənişi etməsi üçün vermişdir. Qaytarılmasını istəsə də, borcu müqabilində şəhid ailəsi kimi ona veriləcək evin içini mebel-əşya ilə dolduracağı vədini vermişdir. 2750 manatı isə süni mayalanma üçün xəstəxanada ödəniş etmişdir. Hər şey hazır olanda sonra ayın 20-si müvafiq prosedur tamamlanmalı idi. Lakin iddiaçının arvadı, qaynanası və qaynı evinə hücum etdilər. Düşünür ki, bunlar hamısı planlı atılmış addımlar olub. Hətta arvadı ilə xəstəxanada əməliyyatın baş tutmaması üçün şikayət belə etmişlər. Hücumdan sonra cavabdeh ona evdən pul götürüb çıxmasını təklif edəndə, cavabdehə yanında pul olmadığını evdə ancaq qızıllar olduğunu bildirmiş və qızılları da götürüb 2022-ci ildə onunla birlikdə Gəncəyə getmişdir. Cavabdeh vəkilliklə məşğul idi. Hətta Gəncədə bir nəfərə 9000 qarşılığında onu sərbəst qalmasını təmin edəcəyini desə də, həmin adam tutulmuşdur. Amma cavabdeh həmin pullar götürmüşdür. Yolda onu çayxanada oturdub, ondan aralanmışdır. Həmin ərəfədə qızılları və şəxsiyyətini oğurlamışdır. Polis idarəsində şikayət edəndə məlum oldu ki, şəxsiyyət vəsiqəsi və qızılları yoxdur. Hətta cavabdehdən soruşmuşdu ki, qızılları arvadı Aygün götürüb yoxsa özü?, ona cavabında bildirmişdir ki, Aygün götürməyib, özünün də, qızıllardan xəbəri yoxdur. 5000 manatı isə əvvəlki vəzifəsinə bərpa olunmaq üçün vermişdir. 5000 manat onun anasının yas mərasimi üçün ayırdığı pul olub. 2023-cü ildə Bakıda öz evində ona vermişdir. Lakin hazırda pulu olmadığından anasının dəfnini, öz qardaşları yola vermişdir. 1000 manat vəsaiti isə hissəhissə 400 manat, 400 manat və 200 manat məbləğində 2021-ci ildə cavabdehə vermişdir. Bütün pulları əslində anasından borc alaraq vermişdir. Lakin anası ondan daha tez cavabdehin fikrini öyrəndiyindən, daha sonra pul verməyəcəyini bildirmişdir. Münasibətləri isə bundan sonra korlanmışdır. Cavabdehə şər-böhtan atmır. Onun əsas məqsədi verdiyi pulların geri qaytarılmasının təmin edilməsidir. Çünki, ondan aldığı pulları ailəsinə xərcləmişdir. Ya cavabdeh öləcək, ya da özü. Lakin ölsə də, cavabdehdən 12250 manat pulunu alacaq.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh nə ona, nə də ki, qardaşlarına maddi köməklik etməyib. Cavabdeh ona və ailəsinə maddi yardım etmiş olsa idi, ərizəsinə sübutlarını əlavə edərdi. Cavabdeh pandemiya dövründə Şəmkir Rayon Polis şöbəsində işləyib, həmin zaman cavabdeh pandemiyada yığılan pulları mənimsədiyi və işlərində buraxdığı nöqsanlara görə işdən çıxarılmışdır. Cavabdehin Bərdə rayonunda borclu olmadığı adam yoxdur. Hətta onun anamın qonşusunun qohumunun işini düzəltmək üçün 9000 manat pulunu almış, lakin işi düzəltməmişdir. Cavabdeh barəsində Binəqədi rayon İcra şöbəsində borclu qismində də işi vardır və hazırda mülki axtarışdadır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər qeyri-qanuni nikah münasibətlərində olmuş, faktiki nikah münasibətləri olmuşdur. Lakin cavabdeh bu ərəfədə öz ailəsi ilə rəsmi ailə münasibətlərini davam etdirmiş, uşaqlarını və ailəsini saxlamışdır. İddiaçının qızıllarını, 1500 manat anasının qızına cehiz üçün verdiyi pulunu ələ keçirmiş. İddiaçını 2750 manat süni mayalanma üçün vəsait xərcləməsinə səbəb vermiş və özü sonradan prosesdən yayınmışdır. Hazırda iddiaçı ağır maddi vəziyyətdədir. Anasının ölümündən sonra onun yas mərasimini belə, özü keçirə bilməmişdir. Vəzifədə yüksəlmək adı ilə iddiaçıdan 5000 manat vəsait almışdır. Onu dəfələrlə döymüş, onu rüsvay edəcək məlumatları, şəkilləri yayacağı ilə təhdid etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan boşanmaq fikri olmamışdır. Lakin iddiaçı onun keçmiş ailəsi ilə olan münasibətlrinin tamam pozulmasına səbəb olmuş, yersiz qısqanclıqlar edərək, onu Şəmkirdə iş yerində biyabr etmişdir. Artıq birlikdə olmaları mümkünsüz olduğundan ayrılmağı qərara almışdır. Dəfələrlə DİN 102 xidmətinə şikayətlə müraciətlər etmişdir. Xidməti araşdırmalar aparılmış əsas müəyyən edilməmişdir. Bundan başqa iddiaçının özünün ona iddia ərizəsində iddia etdiyi miqdarda pul verməsi üçün vəsaiti olmamışdır. Hətta özü iddiaçının qardaşlarına yardım etmişdir. Birlikdə olduqları dövrdə ona qızıl sırğa, üzüklər almışdır. Görünən odur ki, həmin qızılları da, satıb. İddiaçıdan maddi baxımdan istifadə etmək niyyəti olmayıb, özünün kifayət qədər yaxşı gəliri və qazancı olmuşdur. Verdiyini iddia etdiyi pullarla bağlı məhkəməyə sübut təqdim edə bilmir. Varsa sübutu məhkəməyə təqdim etsin. İddia tələbini qəbul etmir. 1000 manat vəsaiti isə hissə-hissə ailənin vəsaitləri üçün xərclənmiş, əvəzində ona qızıl almış, qarşılığını lazımınca ödəmişdir. Həmin pula 2018-2019-cu illərdə yaşadıqları evə antena alıb, kommunallar ödənilib. İddiaçıdan ayrıldıqdan sonra da, ona kifayət qədər maddi dəstək olmuşdur. Onun kommunal ödənişlərini ödəmiş, telefonuna kontur yükləmişdir. Ailə olduqlarından götürdüyü pulu qaytarmaq kimi aralarında söhbət olmayıb. Telefonuna kontur yükləməyə əziyyət çəkən birinin, ona bu qədər borc verəcək qədər imkanı olmadığını göstərir. Hazırda iddiaçı ondan boşandığına görə düşmənçilik edir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir və iddia əsassızdır. İddiaçı ona qarşı şər böhtan atır. 2750 manat hazırda Bakı Sağlamlıq Mərkəzində depozitdədir və həmin pulun yarısı iddiaçınındır. Lakin iddiaçı həmin pulun hamısını götürə bilər. Həmin pul ona lazım deyildir. Halbuki 2750 manatın 1750 mantını özü vermişdir. Oxuduğu universiteti fərqlənmə diplomu ilə bitirmiş, işində rəis müavini vəzifəsinə kimi yüksəlmişdir. Lakin iddiaçı onun kariyerasını və ailə həyatını məhv etmişdir. Hətta birinci ailəsindən boşanıb, iddiaçı ilə nikaha daxil olmuşdur. Daha sonra iddiaçı ilə də nikahları pozuldu. 2015-2016-cı illərdə iddiaçıdan 1000 manat borc almış, həmin pulu artıqlaması ilə qaytarmışdır. Qarşılığında iddiaçıya, onun qardaşına köməklik etmişdir. İddiaçı barəsində əsassız olaraq dəfələrlə DİN-nin 102 məlumat mərkəzinə şikayət etmişdir. İddiaçının 2000 manat qızıl pulunu və 1500 manat cehiz əmlakı üçün yığıdığı pulu götürməmişdir.
8. Cavabdeh məhkəməyə ünvanladığı etirazında göstərir: iddiaçının ona qarşı idiası əsassızdır. Mətanət Həsənova göstərir ki, süni mayalanma üçün ondan 2750 manat vəsait almışdır. Həmin məbləğin 1750 manatı özü vermiş, 1000 manatını isə anası Mətanətə vermişdir. Həmin məbləği birgə nikah dövründə Bakı Sağlamlıq Mərkəzinə ödəmişlər. Həmin 2750 manat hazırda həmin tibb mərkəzindədir. Mətanət özü də, həmin məbləği tibb mərkəzindən götürmüşdür. Vəzifədə yüksəlmək üçün ondan 5000 manat alması barədə fikri şər-böhtandır. İddiaçı iddia ərizəsində göstərir ki, kartından 2750 manat məxaric edib və suni mayalanma üçün ona verib. İddiaçının heç vaxt pulu olmayıb. Nikahdan ayrıldıqdan sonra 2023-cü ilin mart ayına kimi ona pul göndərmiş, kartına pul köçürmüşdür. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində **********066293 kapital kart hesabından Mətanətin istifadə etdiyi ***-***-**-** nömrəsinə pul köçürmüşdür. Mətanəti döyməsi və hədələməsi şər böhtandır. Mətanətlə ər-arvad münasibətlərinə son qoymuş və ondan ayrılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
9. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, pasient X1 tərəfindən həkim Öndər Tulumbacı hesabına 2750 manat ödəniş edilmişdir.
10. "xxxx" ASC tərəfindən verilən ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 416974xxxxxx6367 saylı kart hesabı üzrə xx.xx.2021-xx.xx.2021 çıxarış dövründə kartdan 2798,50 manat məxaric olunmuş, 22 manat mədaxil olunmuşdur.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Şəmkir RPŞ İTB-nin rəisi vəzifəsində işləyərkən, qüvvədə olan intizam tənbehlərindən nəticə çıxarmaq əvəzinə yenidən ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad olunmuşdur.
12. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş və iddiaçı Cavabdeh ilə İddiaçı arasına Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 3425 saylı nika haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Tərəflər 2016-cı il tarixindən faktiki ailə münasibətlərində yaşasalar da, xx.xx.2020-ci il tarixində Şəmkir rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulmuşdur.
14. İddiaçı hazırda cavabdehə güvənərək müxtəlif vaxtlarda, müxtəlif səbəblərlə və məbləğdə verdiyi borcların qaytarılmasını, əslində həmin pulları anasından borc olaraq aldığını bildirir. Belə ki, anasının yas mərasimi üçün ayırdığı 5000 manat pulu (cavabdehin vəzifəsində yüksəlməsi üçün) 2023-cü ildə Bakıda öz evində, 1000 manat vəsaiti isə hissə-hissə (400 manat, 400 manat və 200 manat məbləğində) cavabdehə borc kimi verdiyini, 2750 manat məbləğində vəsaiti süni mayalanma üçün 2021-ci ildə xəstəxanaya ödədiyini, 1500 manat vəsaiti isə cavabdehin 2012-ci ildə alınmış evinin ipoteka ödənişi üçün kartından çıxarıb sonuncuya verdiyini iddia edir.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddia tələbini qismən qəbul edərək, 2015-2016-cı illərdə, sonuncu məhkəmə iclasında isə 2018-2019-cu illərdə iddiaçıdan 1000 manat borc aldığını həmin pulu artıqlaması ilə qaytardığını, birgə yaşadıqları dövrdə ailənin saxlanmasına sərf etdiyini bildirir. Qalan hissədə isə iddia tələbini qəbul etmir. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;
21. 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.
23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
25. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
26. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
27. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
29. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
30. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmənin mövqeyi:
31. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. İddiaçı cavabdehə müxtəlif vaxtlarda sonuncunun təkidi ilə müxtəlif məqsədlər üçün, lakin qaytarılmaq şərtilə ümumilikdə 12250 manat məbləğində borc verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı birgə nikah dövründə süni mayalanma üçün sərf etdikləri 2750 manat məbləğində vəsaiti cavabdehdən borc olaraq tələb etsə də, nəzərə alınmalıdır ki, həmin vəsait ər-arvadın birgə nikah dövründə hər iki tərəfin qarşılıqlı razılığı ilə və öz mənafeləri üçün xərclənmiş vəsaitdir və həmin vəsait cavabdehə yox, xəstəxanaya verilmişdir.
33. Cavabdeh isə iddiaçıdan 1000 manat məbləğində borc aldığını etiraf etsə də, həmin vəsaiti qaytardığını və birgə yaşadıqları dövrdə ailənin ehtiyacları üçün sərf etdiyini iddia etsə də, bunun bağlı məhkəməyə sübut təqdim edə bilmir.
34. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən bütün halları sübut edə bilməsə də, cavabdehin etirafı nəzərə alınaraq iddia qismən təmin edilməlidir.
35. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
36. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Tətbiq edilən prosessual normalar:
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
39. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;
40. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;
41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
42. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
43. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır;
44. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
47. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. İddianın təmin edilmiş hissəsinə münasibətdə isə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
49. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti və 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlkin Əliyev