Məhkəmə qərarları › İş №e-2(001)-2144/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2144/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2144/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı “X6” Bakı filialının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı “X6” Bakı filialının Cavabdeh qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X6” Bakı Filialı Cavabdeh qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı «X6» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 17 fevral 2022-ci il tarixli 103 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi “X6” Bakı filialı ilə X2 arasında 783 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu, ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 256.59 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda Bankın verilmiş kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 28 yanvar 2025-ci il tarixinə Banka kredit borcu üzrə 8980.65 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2025-ci il tarixinə kimi borcalan tərəfindən Banka 6688.81 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin cavabdeh kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan Banka illik 29% ödəməlidir. 28 yanvar 2025-ci il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə cəmi 3089.54 manat təşkil edir. Bundan 3017.93 manat əsas borc və 71.61 manat faiz borcudur. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh ilə bağlanmış 17 fevral 2022-ci il tarixli 103 saylı Kredit müqaviləsinin təminatı olaraq X2 arasında 783 zaminlik müqaviləsi imzalanmışdır. X1 təqdim olunan “Ölüm haqqında Şəhadətnaməyə”yə əsasən 06 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 470.1 və 472.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 3089.54 manat (bundan 3017.93 manat əsas borc, 71.61 manat faiz borcu təşkil edir) məbləğində 28 yanvar 2025-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 50.90 manat dövlət rüsumunun tutularaq “X6” Bakı Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “X6” Bakı filialının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, kredit borcundan 100 manat məbləğində ödəniş etdiyini və hər ay ödənişləri davam etdirəcəyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “X6” Bakı Filialı ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 19% olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 7000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan “X6” Bakı Filialı tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli 2025/113 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsi üzrə 3017.93 manat əsas, 71.61 manat faiz borcu olmaqla, cəmi 3089.54 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı “X6” Bakı Filialı ilə cavabdeh X2 arasında bağlanmış 29 iyul 2022-ci tarixli 783 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh X2, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Sumqayıt şəhər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 453678 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06 sentyabr 2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsi üzrə 18 mart 2025-ci il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Mülki işin materialları ilə təsdiq edilir ki, iddiaçı “X6” Bakı Filialı ilə Cavabdeh arasında 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. X2 zaminlik müqaviləsinə əsasən Cavabdeh borc öhdəliyinin icrası üçün zamin durmuşdur. X1 06 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. “X6” Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 18 mart 2025-ci il tarixdə 100 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsinə əsasən 2917.93 manat əsas və 71.61 manat faiz borcu olmaqla, cəmi 2989.54 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17 fevral 2022-ci il tarixli, 103 saylı kredit müqaviləsinə əsasən 2917.93 manat əsas və 71.61 manat faiz borcu olmaqla, cəmi 2989.54 (iki min doqquz yüz səksən doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “X6” Bakı Filialının xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 50.90 manat dövlət rüsumunun 97%-i, yəni 49.30 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 3%-i, yəni 1.60 manatı iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar