Məhkəmə qərarları › İş №e-2(001)-2171/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2171/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2171/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Bank "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 oğlana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən əsas borc 1432,12 manat, faiz borcu 170,97 manat, cərimə borcu 202,97 manat, ümumilikdə 1806,06 manat, dövlət rüsumu olaraq ödənilmiş 38 manat və bank xidmət haqqı kimi 0,4 manat məbləğində vəsaitin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli, FN-00369-00/21A saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 25 faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. 14 fevral 2023-cü il tarixə kimi cavabdehin iddiaçıya əsas borc 1432,12 manat, faiz borcu 170,97 manat, cərimə borcu 202,97 manat olmaqla ümumilikdə 1806,06 manat borcu yaranmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Cavabdeh2 bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı eyni öhdəliyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 20 oktyabr 2021-ci il tarixli, FN-00369-00/21A saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bank "xxxx" ASC-dən illik 25 faizlə 24 ay müddətinə 2200 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tarixdə bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. - 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 əsas borc 1432,12 manat, faiz borcu 170,97 manat, cərimə borcu 202,97 manat olmaqla, ümumilikdə 1806,06 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də, iddianın ona münasibətdə qismən, əsas və faiz borcu hissəsinə iddia tələbinə uyğun təmin edilməsinə əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 1432,12 manat məbləğində əsas borca tənasübsüz olaraq 202,97 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 202,97 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən məhkəmə hesab edir ki, iddia ona münasibətdə də qismən təmin olunmalıdır. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 35 manat hissəsi, eləcə də bank xidmət haqqı kimi 0,4 manat müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20 oktyabr 2021-ci il tarixli, FN- 00369-00/21A saylı kredit müqaviləsi üzrə əsas borc 1432,12 manat, faiz borcu 170,97 manat, cərimə borcu 100 manat olmaqla, ümumilikdə 1703,09 manat məbləğində pul vəsaiti tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 35 manat məbləğində pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar