Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2173/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kredit borcunun ödənilməsi, müqavilənin ləğv edilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya aylıq 2,8033 faiz dərəcəsi hesablanmaqla 36 ay müddətinə ödəmək şərti ilə 5000 manat məbləğində kredit vermişdir. Müqavilə şərtlərinə əsasən, Cavabdeh götürdüyü kredit məbləğini faizləri ilə birlikdə müqavilədə və onun ayrılmaz hissəsi hesab edilən 1 saylı Əlavədə müəyyən olunmuş müddətdə və qaydada geri ödəməyi öhdəsinə götürməyinə baxmayaraq, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 14 fevral 2022-ci il tarixə 2921,85 manat əsas, 1645,55 manat faiz, 216,7 manat cərimə borcu olmaqla ümumilikdə 4784,1 manat borcu yaranmışdır. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən miqdarda borcun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67,84 manat məbləğində pul vəsaitinin Cavabdeh bankın xeyrinə tutulması və cavabdehlə aralarında bağlanmış həmin – 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi X1 iddianı qismən qəbul etdiklərini, banka olan borcu hissə-hissə ödəmək imkanında olduqlarını bildirmişdir. Lakin, məhkəmə baxışı iclasında nə iddiaçı, nə də onun nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri müqavilədə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 2921,85 manat məbləğində əsas borca tənasübsüz olaraq 216,7 cərimə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 204 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh həmin müqavilə üzrə yaranmış 2921,85 manat məbləğində əsas, 1645,55 manat məbləğində faiz, 204 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 4771,4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC -nin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, İddiaçı QSC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 67,84 manat məbləğində pul vəsaitinin 65 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 02 oktyabr 2019-cu il tarixli, 030A********** saylı kredit müqaviləsi üzrə 2921,85 manat məbləğində əsas, 1645,55 manat məbləğində faiz, 204 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 4771,4 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 65 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2173/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2173/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver