Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2173/2024 16.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* №-li 11 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 370005222/ZM №-li 11 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Daha sonra 11 dekabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 20 fevral 2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı əsas borcu 4232.89 ABŞ dolları, 1269.29 ABŞ dolları faiz borcu, cərimə borcu 8.49 ABŞ dolları olmaqla, cəmi 5510.67 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 7714.94 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik 18 faiz ödənilməlidir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********346 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 7880.12 manat təşkil edir. Bundan 3010.79 manat əsas, 1691.41 manat faiz, 2741.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436.38 manat faiz borcu təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi borcu 7880.12 manat borcun - bundan 3010.79 manat əsas, 1691.41 manat faiz, 2741.54 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436.38 manat faiz və iş üzrə ödənilmiş 98.81 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələblərini qismən qəbul edərək, iddia tələbini əsas və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 436.38 manat faiz hissədə qəbul etdiyini, digər faiz və cərimə borcu hissəsində qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC və digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən məlum olur ki, cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24% ödəmək şərtilə 6350 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Sazişdən məlum olur ki, Borcalanın Kreditor qarşısındakı əsas borcu 4232.89 ABŞ dolları, 1269.29 ABŞ dolları faiz borcu, cərimə borcu 8.49 ABŞ dolları olmaqla, cəmi 5510.67 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 7714.94 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, **********875 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 26 dekabr 2023-cü il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 3010.79 manat əsas, 1691.41 manat faiz, 2741.54 manat cərimə, 436.38 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 7880.12 manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişə əsasən məlum olur ki, cavabdehlərə 3 gün ərzində borc məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. (maddə 448.2) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (maddə 445.7) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. (maddə 477.0.4) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh1 həmin kreditin qaytarılmasına zamin durmuşdur. Həmin müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, 20 fevral 2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 7714.94 manat təşkil etmiş, kreditin müddəti 20 fevral 2021-ci il tarixədək müəyyən edilmiş, iddiaçı iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində ləğv prosesində olan İddiaçı ASC-si tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün Cavabdeh1 zaminliyinə xitam verildiyindən iddia tələbi ona qarşı təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan ondan 3010.79 manat əsas, 1691.41 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 436.38 manat iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimə məbləğinin 10%-dək azaldılaraq Cavabdeh2 kredit müqaviləsi üzrə 274 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 qarşı qismən təmin edilməli, Cavabdeh2 3010.79 manat əsas, 1691.41 manat faiz borcu, 274 manat cərimə və gecikdirilmiş vaxt üçün 436.38 manat faiz borcu olmaqla, cəmi 5412.58 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia tələbi digər cavabdehə qarşı təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 3010.79 manat əsas, 1691.41 manat faiz borcu, 274 manat cərimə və gecikdirilmiş vaxt üçün 436.38 manat faiz borcu olmaqla, cəmi 5412.58 manat məbləğində pul vəsaiti İddiaçıASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. İddia qismən təmin edildiyi üçün İddiaçı ASC-si tərəfindən ödənilmiş 98.81 manat dövlət rüsumunun 69 %, yəni 68 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan 31 %, yəni 30.81 manat iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-2173/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2173/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver