Məhkəmə qərarları › İş №e-2(001)-219/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-219/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-219/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16380,22 manat əsas, 2223,24 manat faiz borcu olmaqla, ümumilikdə 18603,46 manat məbləğində borcun və 146,21 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100804-195093/1 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik 16 % olmaqla, 36 ay müddətinə 18970 manat kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün iddiaçı kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və ekspert rəyində göstərilən borc məbləğini ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı (nümayəndəsi) məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə borclu Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 100804-195093/1 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 16 faiz dərəcəsi olmaqla, 18970 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka xx.xx.2023-cü il tarixinə 16380,22 manat əsas, 2223,24 manat faiz borcu olmaqla, cəmi 18603,46 manat borcu vardır. - cavabdehə İddiaçı ASC tərəfindən borcun 7 gün müddətindən gec olmayaraq tam olaraq ödənilməsi ilə bağlı bildiriş (xəbərdarlıq) göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7187 nömrəli ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100804-195093/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh iddiaçıya əsas borcu 16373,33 manat, faiz borcu 1259,13 manat təşkil edir. İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan qismən təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı məhkəməyə müraciət etməklə, birtərəfli qaydada iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməklə əsas və faiz borcu da həmin günə qədər (xx.xx.2023) hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi qismən əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərlərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə (ekspert rəyi nəzərə alınaraq) 16373,33 manat əsas borc, 1259,13 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 146,21 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16373,33 manat əsas borc, 1259,13 manat faiz borcu olmaqla, cəmi 17632,46 (on yeddi min altı yüz otuz iki manat qırx altı qəpik) manat məbləğində borc və 146,21 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, İddiaçı ASC-dən 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar