Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2197/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Xəlilbəyova (Vahidova) Nərmin İlham qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Xəlilbəyova (Vahidova) Nərmin İlham qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə övladları - xx.xx.2010-cu il təvəllüdlü - X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmalar üçün müəyyən edilmiş pul miqdarının dəyişdirilərək hər bir uşaq üçün ayda 220 manat olmaqla cəmi - 440 manat (dörd yüz qırx manat) məbləğdə alimentin Cavabdeh tutularaq iddiaçı X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 xx.xx.2009-cu ildə Bakı şəhəri, “Bakı Nikah Evi”-ndə 3385 saylı qeydi ilə rəsmiləşən nikahla cavabdeh – Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü – X10, xx.xx.2012 –ci il təvəllüdlü X6 doğulmuşlar. Cavabdehlə ailə həyatı qurduqları gündən başlayaraq münasibətləri əvvəllər normal olsa da sonradan ər-arvad münasibətləri pozulmuş və bu səbəbdən nikahın ləğv edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmənin qətnaməsi ilə övladları - xx.xx.2010-cu il təvəllüdlü – X4 və xx.xx.2012 –ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın hər biri üçün hər ay 160 manat (yüz altmış) sabit pul məbləği olmaqla, Cəmi 320 manat aliment Cavabdeh iddiaçı Xəlilbəyova (Vahidova) Nərmin İlham qızının xeyrinə tutulmuşdur. Məhkəmənin məlum qətnaməsi ilə tutulan aliment hal-hazırda uşaqların saxlanılması üçün aylıq yaşayış minimumunu təmin etmir. Cavabdeh heç bir sair formada maddi köməklik göstərmir. Halbuki, cavabdehin imkanı olduqca yaxşıdır. İddiaçı uşaqları təkbaşına maddi cəhətdən tam təminatlı olaraq böyütməkdə çətinlik çəkir. Bu baxımdan alimentin artırılması zərurəti yaranmışdır. Odur ki, övladına görə cavabdehin ödədiyi alimentin miqdarının bundan sonra məhkəmə qaydasında baxılıb dəyişdirilməsi və sabit pul məbləğində müəyyən edilməsi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı «alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair» iddia ərizəsində göstərilənlərlə razı deyil və iddianı qəbul etmir. İddia ərizəsində göstərilən hallar tamamilə yalandır və cəfəngiyyatdan ibarətdir. Belə ki, o, birgə yaşadıqları müddətdə də, bu günkü gündə də uşaqların qayğısına qalmaq, onların tərbiyəsi ilə məşğul olmaq, onların zəruri maddi təminatını həyata keçirmək kimi, valideyn olaraq üzərinə düşən vəzifələri, öhdəlikləri layiqincə yerinə yetirmiş və yetirir. Onların Vətənə, Dövlətə, torpağa və xalqa məhəbbət və sədaqət ruhunda böyüyüb tərbiyə almaları, ölkəyə layiqli vətəndaş kimi yetişməsi ücün əlindən gələni əsirgəmir. O, hər gün övladlarını təhsil müəssisəsinə aparır və ordan götürüb yaşadıqları evə, iddiaçının yanına aparır. Onların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmələri üçün zəruri olan hər şeyi edir. Əgər alimentin müəyyən olunmuş miqdarı məhkəmə tərəfindən artırılarsa, o, həmin məbdəği ödəyə bilməyəcəkdir, nəticədə utanc səbəbindən övladları ilə görüşə bilməyəcəkdir və bu hal da onların mənəvi-psixoloji zədə alması ilə nəticələnə bilər ki, bu da uşaqların üstün mənafeləri baxımından yolverilməzdir. Belə ki, dövlətin marağı psixi, fiziki, mənəvi cəhətdən sağlam və ləyaqətli uşaqların yetişdirilməsindən ibarətdir. Həmçinin, faktiki olaraq, uşaqlar ata kimi valideyn himayəsindən məhrum olacaqlar. Eləcə də o, azyaşlı uşaqlarının tərbiyə və təhsilində iştirak etmək kimi vəzifəsini həyata keçirmək imkanından faktiki məhrum olacaqdır. Deməli, uşağın maddi təminatını həyata keçirmək hər iki valideynin borcu vəzifəsidir. Odur ki, birgə nikahlarından doğulmuş uşağının maddi təminatını həyata keçirmək vəzifəsi təkcə onun üzərinə qoyulmamalı, cavabdeh də uşağın maddi təminatı məsələsinə cəlb olunmalıdır. Bildirir ki, son vaxtlar iki dəfə böyrək əməliyyatı keçirmişdir. Səhhəti işləməyə yol vermir. Alimentin müəyyən olunmuş miqdarının artırılması onun maddi gəlirləri xaricindədir. Bu hal qətnamənin icrasını çətinləşdirməklə yanaşı, onu maddi cəhətdən ağır vəziyyətə düçar edəcəkdir. İl boyu müayinə və müalicə olunur. Yaşayış səviyyəsi maddi cəhətdən çox pisdir, çətinliklə dolanır, ehtiyac içində yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onun rəsmi iş yeri yoxdur, qeyri-rəsmi işlədiyi işdə 600 manat məbləğində maaş alır. Onun kredit ödənişləri də var. Onun pulu olanda alimentdən əlavə də uşaqlara pul verir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3996/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə X7 arasında xx.xx.2009-cu tarixli 3385 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nkah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları - X3 yanında qalması, xx.xx.2019-cu il tarixindən başlayaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə tutulması qət edilmişdir. AZ-İİ 567277 və AZ-İİ 982143 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 ataları Cavabdeh, anaları isə X5r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh adına əmək müqaviləsi aşkar edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də Assistent-sığorta vəzifəsində çalışır və aylıq əmək haqqısı 1126 manat təşkil edir. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması ilə bağlı mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün “X9” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü - X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü - X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3996/2019 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü - X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Xəlilbəyova (Vahidova) Nərmin İlham qızına verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2197/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2197/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver