Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2240/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 23.07.2015-ci il tarixli, İKM 299 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 15 ay müddətinə illik 28% ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 23.07.2015-ci il tarixli, İKM 299 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtın yerinə yetirməmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtləri pozmuşdur. Digər Cavabdeh2 ilə 23.07.2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 23.07.2015-ci il tarixli, İKM 299 saylı İstehlak Kredit Müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən, sonuncuya 15 ay müddətinə, illik 28% ödəmək şərtilə 1900 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 23.07.2015-ci il tarixli, İKM 299 saylı Zaminlik Müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən sonuncu 23.07.2015-ci il tarixli, İKM 299 saylı İstehlak Kredit Müqaviləsi üzrə borcalanın öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan 21.04.2021-ci il tarixli arayışa əsasən, 16.04.2021-ci il tarixə Cavabdeh1 Banka olan borcu 196,58 ABŞ dolları əsas borc, 847,98 ABŞ dolları faiz borcu, 1146,08 ABŞ dolları cərimə borcu və 49,08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 2239,72 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsindən çıxarışdan görünür ki, hazırkı mülki iş üzrə kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüş və kreditin, qalıq borcun məbləği 334,19 manat göstərilməklə, restrukturizasiya olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə görə, fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməli idi. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 ABŞ dollarınadək, milli valyutada isə 17000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini ... təmin edən tədbirlər görməlidir. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, Fərmanın müddəaların onun üçün məcburidir. Məhkəmə borc alanın Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsinin işin mübahisəsiz halı olmasını nəzərə alaraq hesab edir ki, əsas borc 196,58 ABŞ dolları olduğu halda, cavabdehlərdən cəmi 2239,72 ABŞ dolları məbləğində borcun tələb edilməsi Fərmanın ruhuna ziddir. Belə ki, qeyd olunan Fərman vətəndaşlara dəstək və onların maliyyə yükünün azaldılması məqsədi ilə qəbul olunmuş, bu dəstəyin reallaşdırılması üçün dövlət tərəfindən banklara kifayət qədər şərait yaradılmış və banklar vətəndaşlarla olan kredit münasibətlərində daha güclü və məlumatlı tərəf olmaqla, üzərlərinə düşən vəzifələri daha ədalətli və humanist şəkildə icra etməli idilər. Eyni zamanda məhkəmə iddia ərizəsinin Cavabdeh2 aid hissədə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. 23.07.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Belə ki, qeyd olunan müqavilə 15 ay müddətinə bağlanmış, iddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 01.03.2022-ci il tarixdə müraciət edilmişdir. Beləliklə, məhkəmə hazırkı məhkəmə baxışının predmeti olan kreditin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşməsini nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 448.1, 477 və 739-cu maddələrini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 196,58 ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 8,78% hissədə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 5,10 manat hissəsi Cavabdeh1 tutularaq ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 196,58 (yüz doxsan altı dollar əlli səkkiz sent) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 5,10 (beş manat on qəpik) manat hissəsi tutularaq ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərəzəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 53 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2240/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2240/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver