Məhkəmə qərarları › İş №e-2(001)-2240/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2240/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2240/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı LPO Atrabank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO Atrabank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan Atrabank ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, LM062000801 saylı restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh1 1700 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə restrukturizasiya müqaviləsi bağlanılan zamanı Cavabdeh2 ilə bank arasında xx.xx.2020-ci il tarixli, LM062000801 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Hal-hazırda Cavabdeh1 kredit üzrə cəmi borcu 1197.09 manat təşkil edir. Bundan 1187.19 manat əsas, 7.78 manat faiz və 2.12 manat cərimə borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********756 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan Atrabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Ona görə də cəmi 1197.09 manat borcun-bundan 1187.19 manat əsas, 7.78 manat faiz, 2.12 manat cərimə borcunun və iş üzrə ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan Atrabank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borcverən LPO Atrabank ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-cı il tarixli LM062000801 nömrəli restrukturizasiya müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 1700 manat məbləğində kredit borcu 60 ay müddətinə illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. xx.xx.2020-cı il tarixli LM062000801 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən müəyyən olunur ki, Cavabdeh1 oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər olan dövr üçün əsas borc üzrə 1700 manat, faiz borcuna görə 43.55 manat, olmaqla cəmi 1743,55 manat borcu LPO Atrabank ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borcverən LPO Atrabank ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-cı il tarixli LM062000801 saylı zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1ının borcverən LPO Atrabank ASC ilə bağladığı restrukturizasiya müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün borc verən qarşısında tam məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. LPO Atrabank ASC-nin xx.xx.2023-cü il tarixli arayışının surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli LM062000801 nömrəli restrukturizasiya müqaviləsi üzrə əsas borca görə 1187.19 manat, faiz borcuna görə 7.78 manat, cəriməyə görə 2.12 manat, olmaqla cəmi 1197.09 manat borcu vardır. LPO Atrabank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, bank birgə borclulara restrukturizasiya müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər xx.xx.2020-ci il tarixli LM062000801 nömrəli restrukturizasiya müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 1187,19 manat, faiz borcuna görə 7,78 manat, cəriməyə görə 2,12 manat, olmaqla cəmi 1197,09 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli LM062000801 nömrəli restrukturizasiya müqaviləsi üzrə əsas borca görə 1187.19 manat, faiz borcuna görə 7.78 manat, cəriməyə görə 2.12 manat, dövlət rüsumuna görə 32 manat olmaqla cəmi 1227,09 manat LPO Atrabank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar