Məhkəmə qərarları › İş №e-2(001)-2241/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2241/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2241/2022 24.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 460,78 manat məbləğində əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 301,96 manat məbləğində faiz, müqavilə bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış 105,06 manat məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 352,39 manat məbləğində cərimə, cəmi 1.220,19 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə etmiş və təqdim edilmiş sübutlara əsaslanaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclaslarında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 29% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan qeyd edilən müqavilə üzrə həmin məbləğdə krediti qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz və ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 32,21 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və cavabdehin həmin müqavilə üzrə 460,78 manat əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixə 301,96 manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra xx.xx.2021-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 105,06 manat məbləğində faiz, 352,39 manat məbləğində cərimə, cəmi 1.220,19 manat məbləğində borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Bu tarixdən sonra həmin müqavilə üzrə ümumilikdə ödənilmiş 100 manat məbləğində pul mövcud olan cərimə borcundan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş muhasibat sənədlərini, o cümlədən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdeh X3 460,78 manat məbləğində əsas və 301,96 manat məbləğində faiz borcu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 105,06 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 10 may 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilmişdir. Hüquqi nəticə etibarı ilə 10 may 2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə xx.xx.2016-cı il tarixdə bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 352,39 məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği endirilməli və 40 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdeh X3 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan X4 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Həm kredit, həm də zaminlik müqaviləsi eyni tarixdə bağlanmış və zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər zaminlik müqaviləsinin onlar tərəfindən öhdəliklərin tam icra olunmasına kimi qüvvədə olması barədə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 4.1-ci bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Bu müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və onlar tərəfindən öhdəliklərin tam icra olunmasına kimi qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə tərəflər razılaşmışlar ki, Bank borcalana 18 ay müddətinə, yəni xx.xx.2016-ci il tarixədək kredit vermişdir. Borclu kredit və hesablanmış faiz borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2015-ci il tarixdə, sonuncu ödəniş xx.xx.2016ci il tarixdə həyata keçirilməlidir. Başqa sözlə, tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2016-cı il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə (5 ilə yaxın müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, belə bir müddətin tətbiq edilməsi bilavasitə məhkəmənin səlahiyyətindədir. Bununla belə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən iddia tələbi Cavabdeh1 borcun tutulması hissəsində rədd edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh X3 460,78 manat məbləğində əsas, 301,96 manat məbləğində faiz, 40 manat məbləğində cərimə, cəmi 802,74 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh X3 460,78 (dörd yüz altmış manat, yetmiş səkkiz qəpik) manat məbləğində əsas, 301,96 (üç yüz bir manat, doxsan altı qəpik) manat məbləğində faiz, 40 (qırx) manat məbləğində cərimə, cəmi 802,74 (səkkiz yüz iki manat, yetmiş dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar