Məhkəmə qərarları › İş №e-2(001)-2242/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2242/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2242/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı Ləğv prosesində olan "Atrabank” ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1.590,76 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 346,06 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.276,09 ABŞ dolları məbləğində cərimə, cəmi 4.826,63 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş və və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilk dəfə qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə 2019-cu ilin noyabr ayında, yəni iddia müddəti ötürülməmiş qaldırmışdır. Lakin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlərə qarşı hazırki iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə baxılmamış saxlanılmışdır. Buna baxmayaraq, cavabdehlər, xüsusilə də Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması üçün iddiaçıya müraciət etməmişdir. Bununla belə, iddiaçı hazırki iddianı qaldırmaq üçün iddia müddətini ötürməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadına uyğun olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi (pretenziya) qaydasına əməl etmiş, lakin bunun bir nəticəsi olmadığından hazırki iddia ilə yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək və məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, onunla İddiaçı ASC arasında 25 iyun 2015-ci il tarixli kredit müqaviləsi 18 ay müddətinə bağlanmış və həmin müddət 25 dekabr 2016-cı il tarixdə bitmişdir. Bu tarixdən sonra həmin müqavilə üzrə nə o, nədə ki, digər cavabdeh hər hansı məbləğdə ödəniş etməmişdir. Mülki Məcəllənin tələblərinə əsasən iddiaçı hazırda tələb etdiyi məbləği məhkəmə qaydasında ondan 25 dekabr 2016-cı il tarixdən başlayaraq, 3 il ərzində, yəni 25 dekabr 2019-cu il tarixədək tələb edə bilərdi. Lakin tələb etməmiş və hazırki iddianı 2022-ci ildə qaldırmışdır. Bununla da iddiaçı müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən hesab edir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Eyni zamanda, qeyd etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması üçün ona iddiaçı tərəfindən hər hansı formada müraciət edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia müddətini tətbiq etməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, hazırki mülki işə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Atrabank” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 258 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 30% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1.900 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda, iddiaçı "Atrabank” ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Cavabdeh1 qeyd edilən müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti iddiaçıdan qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, yaranmış borc məbləği haqqında məlumat verilmiş və borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda kredit müqaviləsi üzrə yaranmış borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı ilk dəfə xx.xx.2019-cu il tarixdə cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin müqavilə üzrə cavabdehlərdən 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 777,62 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 224,18 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.374,03 ABŞ dolları məbləğində cərimə, cəmi 3.989,55 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 8698/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2762/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Qeyd edilən fərmanın icrası qaydasında əsas borcdan 569,53 ABŞ dolları məbləğində pul silinmişdir. Bundan sonrakı dövr ərzində də cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı da 102,06 manat məbləğində dövlət rüsumu ödəməklə xx.xx.2022-ci il tarixdə cavabdehlərə qarşı yenidən iddia qaldırmış və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.613,72 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2016-cı il tarixə 1.590,76 ABŞ dolları məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən, xx.xx.2021-ci il tarixədək müddət üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış 346,06 ABŞ dolları məbləğində faiz, 1.276,09 ABŞ dolları məbləğində cərimə, cəmi 4.826,63 ABŞ dolları məbləğində kredit borcunun yarandığını iddia edərək, bu məbləğin müştərək qaydada cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tələb edilməsi üçün mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətinin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini tələb edir. Eyni zamanda, həmin kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması üçün onlara iddiaçı tərəfindən hər hansı formada müraciət edilmədiyini qeyd edir. İddiaçı iki dəfə iddia qaldırıldığını və ilk dəfə iddia müdətinin ötürülmədiyini, bundan sonra iddianın məhkəmənin qərardadı ilə baxılmamış saxlanıldığını, buna baxmayaraq, cavabdehlərin, xüsusilə də Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması üçün iddiaçıya müraciət etmədiyini, bununla da iddiaçının məhkəmənin qeyd edilən qərardadına uyğun olaraq mübahisənin məhkəmədən kənar həll edilməsi (pretenziya) qaydasına əməl etdiyini, lakin bunun bir nəticəsi olmadığından hazırki iddia ilə yenidən məhkəməyə müraciət etdiyini bildirir və iddianın təmin edilməsini xahiş edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu restrukturizasiya olunmalı olan kreditlərə aid edilmişdir. İddiaçının bu məsələ ilə bağlı cavabdehə müraciət etməsi, o cümlədən hər hansı məzmunlu məktub göndərməsi və cavabdehin restrukturizasiyadan irəli gələn şərtlərin qəbulundan imtina etməsi müəyyən edilməmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə edilmiş, kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və bu tarixdən sonra hər hansı ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin Cavabdeh1 iddia müddətinin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim etməklə hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə hüquqi qiymət verilməsinə, o cümlədən bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır. Bu baxımdan məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2016-cı il tarixdə bitmiş, bu müqavilə üzrə son ödəniş isə xx.xx.2015ci il tarixdə olmuşdur. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2019cu il tarixdə (tələb etmə müddətini pozmadan) iddia qaldırsa da, sonradan həmin iddia xx.xx.2019-cu il tarixdə baxılmamış saxlanılmış, bununla da iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir Bundan sonra isə iddiaçı hazırki iddianı yalnız 2 ildən artıq müddət keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsaslı hesab edir və belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia tələbi “kredit müqaviləsi üzrə Cavabdeh1 borcun tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin dəlillərini, o cümlədən hazırki iddianın xx.xx.2019-cu il tarixdə məhkəmə qaydasında baxılmamış saxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk dəfə hazırki cavabdehlərə qarşı eyni kredit müqaviləsi üzrə yaranmış kredit borcunun və əldən çıxmış faydanın tutulması tələbinə dair iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Bu müqavilə üzrə tələb etmə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsi nəzərə alındığı halda, iddiaçı müddət etibarı ilə iddia müddətini ötürməmişdir. Lakin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı iddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etmədiyi və bu qaydanı tətbiq etmək imkanını itirmədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8698/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin iddia baxılmamış saxlanılmışdır. Belə ki, qeyd edilən Fərmana uyğun olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcu restrukturizasiya olunmalı olan kreditlərə aid edilmişdir. Bununla belə, həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə, yəni kredit müqaviləsi üzrə iddia müddətinin bitməsinə 1 ay 12 gün qalmış kəsilmişdir. Lakin həmin iddianın məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılması və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadla bu nəticə ilə razılaşması xx.xx.2019-cu il tarixədək (iddia irəli sürülən tarix) başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etməsini şərtləndirmişdir. İddia qaldırılan tarixədək də iddia müddətinin bitməsinə 1 ay 12 gün qalması nəzərə alındığı halda, müqavilə üzrə iddia müddəti xx.xx.2020-ci il tarixdən 1 ay 12 gün sonra bitmişdir. Məhkəmə o halı da nəzərə alır ki, iddianın baxılmamış saxlanılmasının konkret hüquqi əsası və səbəbi olmuşdur. Bununla bağlı qeyd edilən qərardadda iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırki qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Başqa sözlə, fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Bu baxımdan məhkəmə Fərmanın icrası müddətinin xx.xx.2019-cu il tarixdə bitməsini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, həmin tarixədək zəruri prosedurlara sərf edilmiş və iddia müddətinə daxil edilməli olmayan ağlabatan müddət məhz xx.xx.2019-cu il tarixi ilə məhdudlaşdırılmalıdır. Halbuki, araşdırma zamanı həmin qərardadın icrası ilə bağlı iddiaçı tərəfindən hər hansı tədbirin görülməsi, o cümlədən iddiaçının (kreditorun) borcun restrukturizasiya olunması barədə müqaviləni bağlamaq təklifi ilə cavabdehə (borcluya) hər hansı formada müraciət etməsini təsdiq edən hər hansı sübut mövcud deyil və mövcud ola da bilməzdi. Belə ki, iddiaçı qeyd edilən qərardadı mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin vaxt isə Fərmanın icrası müddəti artıq bitmişdir. Bununla belə, müddətin axımının xx.xx.2020-ci il tarixdən davam etməsi əsas götürüldüyü halda, hətta həmin tarix əsas götürülməklə iddia müddətinin qalan hissəsi altı aya qədər uzadıldığı halda (halbuki, belə bir hal mövcud deyil) ebə kredit müqavilə üzrə iddia müddəti ötmüş olur. Belə ki, hazırki iddia yalnız xx.xx.2022-ci il tarixdə qaldırılmışdır. Başqa sözlə, xx.xx.2020-ci il tarixli qərardad qəbul edildikdən sonra iddiaçı hər hansı hərəkət etməmiş və bu tarixdən 2 ildən artıq müddət ötdükdən sonra hazırki iddianı qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır; 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Məhkəmə qeyd edilən normaların tələblərini, habelə “kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması” tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini nəzərə alıb, hesab edir ki, iddia üzrə əlavə tələb qismində çıxış edən “kredit müqaviləsi üzrə borcun cavabdeh (zamin) Cavabdeh2 tutulması” tələbi üzrə də iddia müddəti keçmişdir və bu səbəbdən bu tələb də rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilmədiyi təqdirdə də, zamin Cavabdeh2 qarşı iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından rədd edilməlidir. Belə ki, həmin maddəyə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu baxımdan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək (kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir) iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə (4 ildən artıq müddət keçdikdən sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bu müddət hətta iddiaçı ilk dəfə, yəni xx.xx.2019-cu il tarixdə iddia qaldırılan vaxt artıq bitmişdir. Bununla belə, bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 102,06 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar