Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2243/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 05.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında, Cavabdeh3 isə eyni zamanda 21.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmişdir. Cavabdeh2 05.04.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəməyə bildirmişdir ki, iddia ərizəsini əsas borc hissəsində qəbul edir. 21.04.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh3 izahatında məhkəməyə bildirmişdir ki, iddia ərizəsini əsas borc hissəsində qəbul edir. O, borcunu ödəməkdən heç vaxt boyun qaçırmayıb. Lakin oğlu X2 yaralandıqdan sonra ödəmələrində ondan asılı olmayan səbəblərdən gecikmələr olmuşdur. İddiaçı ilə əslində faktiki olaraq razılığa gəlib və artıq hər ay 200 manat ödəniş etməklə borcunu ödəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 12.07.2019-cu il tarixli 0011.**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 Atamoglan oğlu İddiaçı QSC ilə bağladığı 12.07.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərli ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.05.2020-ci il tarixli 001R**********S saylı, 10.08.2020-ci il tarixli 001R**********SA saylı, 08.12.2020-ci il tarixli 001R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 götürdüyü kredit borcundan 2368,78 manat ödəmiş, onun 1631.22 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 28.02.2022-ci il tarixə 249 gün üçün hesablanmış faiz borcu 410,75 manat təşkil edir. 28.02.2022-ci il tarixə 249 gün üçün hesablanmış cərimə 434.04 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 03.02.2020 ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2100 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.05.2020-ci il tarixli 001R**********S saylı, 10.08.2020-ci il larixli 001R**********SA saylı, 08.12.2020-ci il tarixli 001R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 götürdüyü kredit borcundan 102,99 manat ödəmiş, onun 1997,01 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.01.2022-ci il tarixə 199 gün üçün hesablanmış faiz borcu 355,76 manat təşkil edir. 21.01.2022-ci il tarixə 199 gün üçün hesablanmış cərimə 345,49 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredil müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehlərdən iddiaçının xeyrinə iki kredit razılaşması üzrə cəmi 69,42 manat cərimə borcu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12.07.2019-cu il tarixli və 03.02.2020-ci il tarixli kredit razılaşmaları və onlara əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iki kredit razılaşması üzrə cəmi 3028,23 (1597,01+1431,22) manat əsas borc, 882,35 (443,23+439,12) manat faiz borcu və 69,42 (34,42+35) manat cərimə borclu olmaqla, cəmi 3980 manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 77,17% hissədə təmin edildiyindən, ödənilmiş 71,75 manat dövlət rüsumunun 55,37 manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada iki kredit razılaşması üzrə cəmi 3028,23 (1597,01+1431,22) manat əsas borc, 882,35 (443,23+439,12) manat faiz borcu və 69,42 (34,42+35) manat cərimə borclu olmaqla, cəmi 3980 (üç min doqquz yüz səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 55,37 (əlli beş manat otuz yeddi qəpik) manat hissəsi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 12.07.2019-cu il tarixli və 03.02.2020-ci il tarixli kredit razılaşmaları və onlara əlavə edilmiş sazişlər ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 16,38 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2243/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2243/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver