Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2256/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı R.R.Rent MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı R.R.Rent MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı R.R.Rent MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 5 ay müddətinə ayda 97 manat ödəməklə Annaite 215/55/16 markalı avtomobilin təkərini ümumi məbləğ 485 manat olmaqla kreditə vermişdir. Hazırda borclu ödəniş(lər)in aparılması üçün istifadə edilmiş müvafiq məbləğ(lər)i istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 5 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətinə bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Tərəflər arasında bağlanmış müqavilənin 3.6 və 3.7-ci bəndinə əsasən cavabdeh ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə, iddiaçı malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Şirkət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəifindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də Cavabdeh iddiaçı R.R.Rent MMC-nin xeyrinə (faiz və cərimələrlə birlikdə) kredit üzrə 970 manat borcun, 48 manat əlavə faiz (485*10%) borcun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) R.R.Rent MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 34746 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh 5 ay ərzində, hər ay 97 manat ödəməklə dəyəri 485 manat olan Annaite 215/55/16 markalı avtomobil təkərini R.R.Rent MMC-dən almışdır. Müqavilənin 3.6 və 3.7-ci bəndlərinə əsasən müştəri tərəfindən ödəniş cədvəlinin tələbləri 3 aydan artıq müddətə yerinə yetirmədikdə, müştəri R.R.Rent MMC-nin malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. R.R.Rent MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 34746 saylı kredit müqaviləsi üzrə əsas borcu 485 manat, malın qiymətinin ödənilməmiş hissəsinin iki qatı 485 manat və malın qiymətinin 10%-nə bərabər cərimə məbləği 48 manat olmaqla cəmi borcu 1018 manat təşkil edir. R.R.Rent MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı cavabdehlə kredit müqaviləsi bağlamasını bildirsə də, faktiki olaraq tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli 34746 saylı müqavilə üzrə cavabdeh iddiaçıdan dəyəri 485 manat olan Annaite 215/55/16 markalı avtomobil təkərini 3 ay müddətinə dəyərini ödəmək şərti ilə alsa da, öhdəliklərini icra etmədiyindən iddiaçıya əsas borca görə 485 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflər müqavilə bağlayarkən alıcının öhdəliklərini vaxtında icra etməyəcəyi halı üçün satıcıya cərimə ödəməli olcağı barədə müəyyən etdikləri şərtə əsasən iddiaçı cavabdehdən cəmi 533 manat tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir, araşdırma zamanı cavabdehin müqavilə öhdəliklərini icra etmədiyindən əsas borca görə iddiaçıya 485 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 20 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 34746 saylı müqaviləyə əsasən əsas borca görə 485 manat, cəriməyə görə 20 manat, dövlət rüsumuna görə 31 manat olmaqla cəmi 536 manat R.R.Rent MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2256/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2256/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver