Məhkəmə qərarları › İş №e-2(001)-2264/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2264/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2264/2022 15.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.219,26 manat əsas, 96,04 manat faiz olmaqla, cəmi 1.318,68 manat borcun və 33,19 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh2 arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 8010***-*******1 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 22% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2.000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə kreditor arasında bağlanmış 8FİZAM101621702 saylı, 01 fevral 2021-ci il tarixli zaminlik müqavilələrinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçı ASCyə 01 fevral 2022-ci il tarixə 1.219,26 manat əsas kredit borcu, 96,04 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 1.318,68 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət olunmasına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Cavabdeh2 rəsmi qeydə alındığı ünvanına bildiriş göndərilsə də, zərf “köçüb” qeydi ilə poçt xidməti tərəfindən məhkəməyə qaytarılmış, bununla da bildirişin cavabdehə çatdırılması qeyri-mümkün olmuşdiur. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 8010***-*******1 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana illik 22% hesablanmaqla 12 ay müddətinə 2.000 manat məbləğində krediti verməyi, borcalan isə həmin kredit məbləğini müəyyən olunmuş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.0.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu 01 fevral 2021-ci il tarixli zaminlik müqaviləsi ilə müəyyən edilən Cavabdeh1 zaminliyidir. İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 01 fevral 2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 8010***-*******1saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün kredit alan Cavabdeh2 ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış 10 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə bank ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərini 3 bank iş gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin onlardan tutulması barədə xəbərdarlıq edilmişlər; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 10 fevral 2022-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 01 fevral 2021-ci il tarixli, 8010***-*******1 saylı müqavilə üzrə 1.219,26 manat əsas və 96,04 manat faiz olmaqla cəmi 1.318,68 manat məbləğində borcu yaranmışdır. 24 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 33,19 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh2 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməli, 01 fevral 2021-ci il tarixli, 8010***- *******01 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 1.219,26 manat, faiz üzrə 96,04 manat olmaqla, cəmi 1.315,3 manat məbləğində borc və 33,19 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, əsas borc və fair borcunun cəmi iddia tələbində göstərildiyi kimi 1.318.68 manat deyil, 1.315,68 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdim: İddia qismən təmin edilsin. 01 fevral 2021-ci il tarixli, 8010***-*******01 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 1.219,26 (bir min iki yüz on doqquz manat, iyirmi altı qəpik) manat, faiz üzrə 96,04 (doxsan altı manat, dörd qəpik) manat, cəmi 1.315,3 (bir min üç yüz on beş manat, otuz qəpik) manat məbləğində borc və 33,19 (otuz üç manat, on doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar