Məhkəmə qərarları › İş №e-2(001)-227/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-227/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-227/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3-Bank Kredit Təşkilatı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı X3- Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0204 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 148 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh Abduləliyev Vüqar Babaxan oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh Abduləliyev Vüqar Babaxan oğlunun borcu əsas borc üzrə 2324 manat, faiz borcu üzrə 617.22 manat, cərimə borcu üzrə 169.78 manat, cəmi 3111 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386, 442 və 462.1-ci maddələri ilə əsaslandıraraq, iddianın təmin edilməsi, Cavabdeh əsas borc üzrə 2324 manat, faiz borcuna görə 617.22 manat, cərimə borcuna görə 169.78 manat olmaqla, cəmi 3111 manat məbləğində borcun və 51.11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı X3-Bank Kredit Təşkilatı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, İddiaçı X3-Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0204 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 28% ödəmək şərtilə 2700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı MM QBKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 13 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2324 manat əsas, 617.22 manat faiz və 169.78 manat cərimə borcu olmaqla, cəmi 3111 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli, 9/7487 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, **********0204 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdeh X2 banka olan borcu aşağıdakı kimi müəyyən olunmuşdur: İddia verilən müddətə, yəni 16 aprel 2024-cü il tarixinə əsas borc üzrə 2317.03 manat; faiz borcu üzrə 561.29 manat; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinin və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 28% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. İddiaçı X3- Bank Kredit Təşkilatı isə iddia ərizəsi ilə məhkəməyə 16 aprel 2024-cü il tarixdə, yəni kredit müqaviləsinin müddəti bitmədən müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və iş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, tərəflər arasında bağlanmış 13 fevral 2023-cü il tarixli, **********0204 nömrəli kredit müqaviləsi üzrə iddia verilən müddətə, yəni 16 aprel 2024-cü il tarixinə cavabdeh X2 banka olan borcu 2317.03 manat əsas, faiz borcu üzrə 561.29 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2317.03 manat əsas, 561.29 manat faiz borcu və 169.78 manat cərimə borcu olmaqla, cəmi 3048.1 manat məbləğində pul vəsaiti İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2317.03 manat əsas, 561.29 manat faiz borcu və 169.78 manat cərimə borcu olmaqla, cəmi 3048.1 (üç min qırx səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı X3-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 51.11 manat dövlət rüsumunun 98%, yəni 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 2%, yəni 1.11 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 98%, yəni 98 manat Cavabdeh, qalan 2%, yəni 2 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar