Məhkəmə qərarları › İş №e-2(001)-2274/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2274/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2274/2022 05.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin Cavabdeh1 münasibətdə qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 21 aprel 2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1 və 25.2-ci maddələrinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia verildiyi tarixdən bir neçə ay öncə cavabdeh ölmüşdür. Ölmüş şəxsə qarşı isə iddia tələbi irəli sürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Eyni zamanda hesab edirəm ki, iddia ərizəsi Cavabdeh2 qarşı hissədə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh2 (şəxsiyyət vəsiqəsi nömrəsi AA1018825) rəsmi qeydə alındığı yer Bakı şəhəri, Binəqədi qəsəbəsi, 9a mikrorayon, Mir Cəlal küçəsi, ev 45, mənzil 46-dır. Buna baxmayaraq iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvan kimi ünvan 1 vəsiqəsi nömrəsi AZE 0*******) göstərilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən işdə iştirak edən şəxslərin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) düzgün şəkildə iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, Cavabdeh1 hüquqi varisi olduğu təqdirdə ona qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair hissədə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, o, iddia ərizəsində cavabdehin yaşayış yerini və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) düzgün göstərməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, Cavabdeh1 hüquqi varisi olduğu təqdirdə ona qarşı ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair hissədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunur ki, o, iddia ərizəsində Cavabdeh2 yaşayış yerini və ya olduğu yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) düzgün göstərməklə ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar