Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-228/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent X6 arasında xx.xx.2020-ci il tarixdə 07-567 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********07001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.60 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla, cəmi 1101.60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin aprel-dekabr ayları üzrə 133.70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1009.15 manat sərfiyyat borcu və limitdən əlavə 46.50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1001.79 manat sərfiyyat borcu və limitdən əlavə 36.96 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə üzrə 813.41 manat sərfiyyat borcu və limitdən əlavə 62.84 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-fevral ayları üzrə 192.48 manat sərfiyyat borcu və limitdən əlavə 32.32 manat sərfiyyat borcu, cəmi 3329.15 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin aprel ayından 2024-cü ilin fevral ayına qədər cavabdeh 80 manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3249.15 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 4350.75 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, cavabdeh X6 tərəfindən İddiaçı İB-yə vurulmuş 1101.60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3249.15 manat və 63.51 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4414.26 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən hazırki iş üzrə cavabdeh X6 əsl Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə ekspert rəyinin əsassız olduğunu, sayğaca açıq- aşkar müdaxilənin olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində hesablanmış borc məbləğini qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X6 arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 07-567 nömrəli müqavilənin surətindən məlum olur ki, X2 istifadəsində olan fərdi yaşayış evinə Smart G-4 markalı Qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli abonentin saldosundan məlum olur ki, X2 2024-cü il üçün 4350.75 manat məbləğində borcu vardır. İş materiallarında olan Binəqədi XS-nin müavini Həmid Məmmədov tərəfindən BRQSD-nin Qazın balansı və satışı şöbəsinin rəisi Kənan Əhmədova ünvanladığı məktubdan görünür ki, Вinəqədi XS-nin Sulu Təpə ərazisində yoxlama aparılan zaman sayğacdan kənar (abonent kodu: **********007001) Rafiq Məmmədov təbii qazdan istifadə etdiyi halda, texniki səhv olaraq aktda **********04860 Zamin Əliyevin hesab kоdu yazılmışdır. Bu səbəbdən sayğacdan kanar istifadəyə görə hesablanmış cərimələr Zamin Əliyevin hesab koduna **********04860 yazılmışdır. Qeyd olunanları nəzərə alaraq, **********04860 hesab koduna yazılmış cərimələrin silinərək **********07001 hesab koduna keçirilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, X2 mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca 29/1710-00360 1 nömrəli akta əsasən baxış keçirilmiş, baxış zamanı Bakı Regional Qazın Satışı Departamentinin təqdim etdiyi sayğacın mexaniki göstərici 00000 m3, qapağın alt hissəsinin deşici alətlə deşilməsi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, X2 mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar xəttin qeyri-qanuni birləşmə aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı X2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********07001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8856 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Rafiq Məmmədovun Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********07001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 2160 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli, AK-06164/05-24 nömrəli müqavilənin surətindən məlum olur ki, Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə Zenner G4T mexaniki markalı Qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 429410 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-СП seriyalı, 464021 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Məmmədova (Trubiçina) Tatyana Nikolayevna arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmış və 62 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, hesablanmış 4547.20 manat borcu qəbul etmiş və kommunal ödəyicisi kimi maddi durumunun nəzərə alınaraq borcun müəyyən müddət ərzində ödənişinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, Cavabdeh 2020-ci ilin aprel-dekabr ayları üzrə 133.70 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1009.15 manat sərfiyyat borcu və limitdən əlavə 46.50 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1001.79 manat sərfiyyat borcu və limitdən əlavə 36.96 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 813.41 manat sərfiyyat borcu və limitdən əlavə 62.84 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-dekabr ayları üzrə 824.23 manat sərfiyyat borcu və limitdən əlavə 35.77 manat sərfiyyat borcu, 2025-ci ilin yanvar-may ayları üzrə 484.52 manat sərfiyyat borcu və limitdən əlavə 41.66 manat olmaqla, cəmi 4490.53 manat sərfiyyat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 may 2025-ci il tarixli 3/338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İddia tələblərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbləri bir neçə hissədən, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi və sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi tələblərindən ibarət olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verilməsi daha məqsədəmüvafiqdir. “Sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X5»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) Həmin bəndin yeni redaksiyasına əsasən, Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı İB ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi “sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” hissəsində təmin edilməli və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3249.15 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı İB-yə ödənilməlidir. Digər tələbə, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X5»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktların surətlərində aşkar edilən nöqsanlar “sayğacdan kənar xətt, qeyri-qanuni birləşmə aşkar edilmişdir” və “Bakı Regional Qazın Satışı Departamentinin təqdim etdiyi mexaniki göstəricisi 00000 m3, qapağın alt hissəsi deşici alətlə deşilmişdir” kimi qeyd edilsə də, iddiaçı həmin qüsurların cavabdehin təqsiri üzündən yaranması, eyni zamanda cavabdehin yaşadığı evə dair hesablanmış iki akta əsasən ümumilikdə 1101.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2025-ci il tarixli 3/338 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə məhkəmə hər iki tələb üzrə mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3249.15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia tələbi akt əsasında zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3249.15 (üç min iki yüz qırx doqquz manat on beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 63.51 manat dövlət rüsumunun 74%, yəni 47 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 26%, yəni 16.51 manatı iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən 65 manat məbləğində ekspertiza xərcinin 74%-i, yəni 48 manatı Cavabdehndan, qalan 26%-i, yəni 17 manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Agentliyindəki hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-228/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-228/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver