Məhkəmə qərarları › İş №e-2(001)-2283/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2283/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2283/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 5429.00 AZN, faiz borcuna görə 1370.58 AZN, cərimə borcuna görə 353.52 AZN, cəmi 7153.10 AZN məbləğində borcun və 91.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********160 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6500 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 359 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, *************-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə>indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 Mübariz oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cüil tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 5429.00 AZN, faiz borcuna görə 1370.58 AZN,cərimə borcuna görə 353.52 AZN,cəmi 7153.10 (yeddi min yüz əlli üç manat on qəpik) AZN təşkil edir Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, təqdim edilən ekspert rəyi ilə tanış olmuşlar. Bankla tərəf arasında bağlanan müqavilənin 6.2-ci bəndinə əsasən ödəniş zamanı 10 iş günü gecikmə olduğu təqdirdə, bank tərəfə bildiriş göndərmədən birbaşa məhkəməyə müraciət etmək səlahiyyətindədir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 359 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Cavabdeh2 Mübariz oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir . Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 5429.00 manat, faiz borcuna görə 1370.58 manat, cərimə borcuna görə 353.52 manat, cəmi 7153.10 manat məbləğində borcun və 91.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, tələb edilən məbləğin ekspert rəyinə uyğun hesablanmasını xahiş edir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında bildirmişdir ki, bundan əvvəl 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüş, lakin kredit məbləğini tam olaraq 12 ay müddətinə bağlamışdır. Lakin bank ona 24 ayın faizini hesablamışdır. Belə ki, müqavilə müddəti xx.xx.2024-cü ildə bitməli idi, lakin tərəfindən borc xx.xx.2023-cü il tarixində bağlandı. Banka müqaviləsinə xitam verilməsi üçün yaxınlaşsa da, ona ***-**** manat arası borcunun qaldığı deyilmişdir. Bununla bağlı Mərkəzi Banka şikayət belə etmişdir. Bundan başqa sonuncu dəfə bankdan ona 6500 manatlıq çek və kart təqdim edilsə də, Xalq Bankın bankomatından 4800-4850 manat həddində vəsait çıxarmışdır. Bununla bağlı bankın baş ofisinə şikayətini bildirsə də, onun şikayəti ilə maraqlanan olmamışdır. Həmin ərəfədə təcili pula ehtiyacı olduğundan məbləğdən isifadə etməli olmuşdur. Kredit məbləği kart hesabına köçürülmüşdür.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, qardaşının dedikləri ilə tam razıdır Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Kredit verən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bank borcalana 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə, aylıq ödəniş 359 manat olmaqla, 6500 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

10. Kredit verən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanan 27 aprel 2023-cü il tarixli, *************-******* saylı zaminlik müqaviləsinə əsasən zamin 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

11. "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsi üzrə 16 yanvar 2024-cü il tarixinə 5429,00 manat əsas borc, 1370,58 manat faiz borcu, 353,52 manat cərimə borcu hesablanmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4206 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən hesabdan çıxarış məlumatları 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh2 iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 əsas borc üzrə 5388,25 manat, faiz borcu üzrə 443,81 manat borcu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.

13. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 91,54 manat dövlət rüsumu ödənilmişdir.

14. Ekspertiza xərci 100 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Kredit verən "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X3 ilə kredit alan Cavabdeh2 arasında 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən müştəriyə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə, aylıq ödəniş 359 manat olmaqla, 6800 manat məbləğində kredit verilmişdir.

16. Cavabdeh– zamin Cavabdeh1 Müabriz oğlu isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

17. Borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024-cü il tarixli, 9/4206 saylı ekspert rəyi ilə Cavabdeh2 iddiaçı "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X2 əsas borc üzrə 5388,25 manat, faiz borcu üzrə 443,81 manat borcunun olduğu müəyyən edilmişdir.

18. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

19. Cavabdeh isə tələb edilən borc məbləği ilə yox, ekspertin hesablamış olduğu məbləğlə razılaşır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

23. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

24. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

25. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

27. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

28. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

29. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

30. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

32. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

33. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

34. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalan kredit məbləğini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Məhkəmə araşdırması dövründə cavabdeh borc məbləğinin düzgün hesablanmadığını iddia etdiyindən iş üzrə məhəmə-mühasibatləq ekspertizası keçirilmiş və cavabdehin müqavilə üzrə əsas borca görə 5388,25 manat, faiz borcuna görə 443,81 manat borcunun olduğu müəyyən edilmişdir.

35. Hazırki halda, məhkəmə keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olan xx.xx.2024-cü il tarixli, 9/4206 saylı ekspert rəyinə mötəbər sübut kimi qiymət verərək, hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun hesablanmalıdır.

36. Beləliklə, Cavabdeh2 öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh1 isə zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Tətbiq edilən prosessual normalar:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

41. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

42. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5388,25 manat, faiz borcuna görə 443,81 manat, cərimə borcuna görə 353,52 manat olmaqla, ümumilikdə 6185,58 manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 79 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

43. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin Hesabına ödənilməlidir.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 27 aprel 2023-cü il tarixli, **********160 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5388,25 manat, faiz borcuna görə 443,81 manat, cərimə borcuna görə 353,52 manat olmaqla, ümumilikdə 6185,58 (altı min yüz səksən beş manat, əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və iddianın təmin edilmiş hissəsinə münasibətdə 79 (yetmiş doqquz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar